Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Vətəndaş cəmiyyəti üzvləri Avropa Parlamentinə çağırış edib: “Azərbaycanla yeni saziş siyasi məhbusların azadlığı üçün bağlansın”

by Gozetci 20:03, 12 Dekabr 2025
written by Gozetci

Xaricdə yaşayan azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələri Avropa Parlamentinin Prezidenti Roberta Metsolaya müraciət edərək Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıqlarını bildiriblər. Onlar Aİ-dən Bakıya münasibətdə daha prinsipial və şərtli siyasət yürütməyi tələb edirlər

“Meydan TV”nin məlumatına görə, müraciətdə qeyd olunub ki, Azərbaycanda media, siyasi müxalifət və vətəndaş cəmiyyətini zəiflətməyə və aradan qaldırmağa yönəlmiş sistemli repressiya qurulub. Müəlliflər bildirib ki, hazırda ölkədə 400-dən çox siyasi məhbus var və bu, Azərbaycanın Avropa Şurasına üzv olduğu dövrdə ən yüksək göstəricidir.

Məktubda xatırladılıb ki, jurnalistlərə, ictimai-siyasi fəallara və müxalifət təmsilçilərinə qarşı, əsasən, vergi ittihamları irəli sürülür, hazırda 30-dan çox jurnalist həbsdə saxlanılır. “Meydan TV”, “Toplum TV”, “Abzas Media”, “Kanal 13” kimi müstəqil media qurumlarının fəaliyyətinə müxtəlif məhdudiyyətlər tətbiq olunduğu, “Turan” İnformasiya Agentliyi və BBC Azərbaycan xidmətinin ofisinin zorla bağlandığı, “Bloomberg” xəbər agentliyinin akkreditasiyasının ləğv edildiyi qeyd edilib.

Müraciətdə əsas müxalifət partiyalarından sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsi, eləcə də bir sıra siyasi fəalların, dini inanclı şəxslərin və hüquq müdafiəçilərinin azadlıqdan məhrum edilməsi xüsusi vurğulanıb.

Fəallar Aİ rəhbərliyini tənqid edərək xatırladıblar ki, 2025-ci ilin aprelində Bakıya səfəri zamanı Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas Azərbaycanla enerji əməkdaşlığını yüksək qiymətləndirsə də, insan hüquqları məsələlərini açıq şəkildə gündəmə gətirməyib:

“Bu susqunluq Azərbaycanda belə qəbul edilib ki, repressiyaların daha da sərtləşdirilməsi hər hansı real nəticə doğurmayacaq. Bu isə Aİ-nin Belarus və Gürcüstandakı proseslərə verdiyi sərt və prinsipial reaksiyalarla tam ziddiyyət təşkil edir”, – deyə məktubda vurğulanıb.

Müraciətdə Avropa Parlamentinin 2024-cü ilin oktyabr və dekabr aylarında qəbul etdiyi qətnamələr alqışlanıb. Həmin sənədlərdə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan yüksək vəzifəli Azərbaycan rəsmilərinə qarşı hədəfli sanksiyaların tətbiqi çağırışı dəstəklənib.

Bununla belə, müəlliflər qeyd ediblər ki, bu tövsiyələri Avropa Komissiyası və Aİ Xarici Fəaliyyət Xidməti icra etməyib, nəticədə Azərbaycan vətəndaş cəmiyyəti “tamamilə təcrid və müdafiəsiz vəziyyətdə” qalıb:

“Bu səbəbdən biz Avropa Parlamentindən xahiş edirik ki, Azərbaycanla Aİ münasibətləri üçün insan hüquqları meyarlarına əsaslanan aydın yol xəritəsi qəbul etsin, yeni tərəfdaşlıq sazişi üzrə irəliləyişi siyasi məhbusların azadlığı, QHT və media qanunlarında islahatlar və beynəlxalq qurumlarla əməkdaşlıq şərtlərinə bağlasın”, – deyə məktubda yazılıb.

Vətəndaş cəmiyyəti nümayəndələri bunun təcili məsələ olduğunu bildiriblər. Məktubda qeyd edilib ki, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti və media “demək olar ki, mövcud deyil”, sürgündə yaşayan fəalların durumları ağırlaşıb, ABŞ-dən dəstəyin zəiflədiyi bir şəraitdə Aİ “yeganə real təsir imkanına malik aktor” kimi qalır:

“Avropa Parlamentinin prinsipial mövqeyi regiona və Azərbaycan hakimiyyətinə mühüm mesaj verəcək: Aİ üçün insan hüquqları və hüququn aliliyi danışıqsız dəyərdir”.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, hazırda ölkədə 392 siyasi məhbus var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olduğunu qəti şəkildə rədd edir. Rəsmi qurumlar bildirirlər ki, heç kəs siyasi baxışına və ya fərqli düşüncəsinə görə deyil, yalnız konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunur.

AbzasMedia

20:03, 12 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

MBH: “Bir aydan çox aclıq edən inanclı fəal huşunu itirib, digəri ‘kars’a salınıb”

by Gozetci 18:59, 12 Dekabr 2025
written by Gozetci

Həbsdə olan inanclı fəal, noyabrın 9-dan azadlığa buraxılması üçün aclıq edən Nigar Bağırovanın səhhətinin daha da pisləşdiyi bildirilir.

Bu barədə Müsəlman Birliyi Hərəkatı bəyanat yayıb.

Bəyanatda deyilir ki, N.Bağırova təcridxanada huşunu itirib və başı yerə dəyərək zədələnib.

“Hadisədən sonra həbsxana əməkdaşları Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: “Gəlin, Nigarı sürüyüb çıxarın.” Bu ifadə həm insani, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur. Məsələyə dair şikayətlər cavabsız qalır”, – deyə qeyd olunub.

MBH-nin məlumatına əsasən, N.Bağırova aclıq aksiyasını davam etdirdiyi üçün həbsxana rəhbərliyinin təzyiq və hədə-qorxuları ilə üzləşir.

MBH digər inanclı fəal Tərlan Sayadovun isə saxlanıldığı Umbakı həbsxanasında döyülərək cərimə kamerasına (“kars”) salındığını bildirib. Fəalın sözlərinə görə, buna səbəb onun namaz qılması üçün səccadə tələb etməsi olub.

Tərlan Sayadov iyulda narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrda isə “daxili qaydaları pozmaq”da günahlandırılaraq 6 aylıq qapalı rejimli Umbakı həbsxanasına göndərilib.

N.Bağırova və daha beş inanclı qadın avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin adına ehsan paylayıb Fələstin üçün şüarlar səsləndirərkən həbs olunublar. Onunla birgə saxlanılan Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova da noyabrın 9-da aclığa başlasalar da, səhhətlərində yaranan problemlərə görə dayanmalı olublar. N.Bağırova isə aclığı davam etdirməkdə israrlı olduğunu deyib.

Saxlanılan inanclı fəallar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar,  silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirləndirilirlər.

Özləri isə ittihamı rədd edirlər.

Toplum TV 

18:59, 12 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meydan TV işi” üzrə hazırlıq iclası keçirilib

by Gozetci 18:32, 12 Dekabr 2025
written by Gozetci

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərin hazırlıq iclası keçirilib

Hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Ardınca prosedura uyğun olaraq onların hər birinə dövlət hesabına vəkil təyin olunub. Təqsirləndirilənlərin hamısı həmin vəkillərdən imtina edərək, şəxsi vəkilləri ilə təmin olunduqlarını bildiriblər.

Daha sonra müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb. Vəkillər təqsirləndirilənlərin proses zamanı zalda əyləşməsinə şərait yaradılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib və bunun növbəti iclasda icra olunacağı bildirilib.

Müdafiə tərəfi bu iş üzrə həbs edilən jurnalistlər Ramin Cəbrayılzadənin (Deko), Natiq Cavadlının və Ülvi Tahirovun 3 saylı İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı da vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib.

İşə xitam verilməsi barədə vəsatət isə təmin olunmayıb.

Təqsirləndirilən jurnalist Aytac Əhmədova (Tapdıq) bir ildir evlənməsinə qadağa qoyulmuş Kamran Məmmədli ilə şüşə arxasından görüşün təmin edilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə bu vəsatəti də təmin edib.

Eyni zamanda təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatətlər rədd edilib. Aynur Elgünəşin vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını müvəkkilinin səhhətində problemlər olduğunu əsas gətirərək xahiş edib. Digər vəkillər də analoji tələblərlə çıxış ediblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası dekabrın 22-nə təyin olunub.

Ötən ilin dekabrında “Meydan TV işi” üzrə jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub. Martda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

AbzasMedia

18:32, 12 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP fəalı Kənan Basqal: “Heç bir cinayət törətmədən 9 aydır həbsdəyəm”

by Gozetci 14:56, 12 Dekabr 2025
written by Gozetci

Kənan Basqal

 

Dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən biri, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Kənan Basqal) məhkəmə prosesi keçirilib

“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə, hakimlər Fəxri Məmmədov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakim heyətinin baxışında olan prosesdə Kənan Zeynalov ifadə verib. O, heç bir cinayət törətmədiyi halda, doqquz aydır həbsdə saxlanıldığını deyib.

Vəkil Nazim Musayev məhkəmə iclasında hakimlər heyətinə etiraz verərək bildirib ki, müvəkkilinə münasibətdə prosessual qanunvericiliyin tələbləri pozulub. Onun sözlərinə görə, Kənan Zeynalov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 7 noyabrda başa çatsa da, həbsin uzadılması barədə qərar olmadan o, azadlıqdan məhrum vəziyyətdə qalıb:

“Hakimlər ən azı, məhkəmənin ilkin hazırlıq iclasının vaxtını irəli çəkə bilərdilər. Amma etmədilər, 17 gün gecikmə oldu. Nəticədə Kənan Zeynalov bu müddətdə qanunsuz şəkildə həbsdə saxlandı”.

Hakimlər kollegiyası müdafiə tərəfinin bu vəsatətini baxılmamış saxlayıb.

Vəkil əvvəlki iclasda vəsatət qaldıraraq əvvəlcə Kənan Zeynalovun bıçaqladığı iddia edilən zərərçəkmiş Anar Rəhimovun dindirilməsini, daha sonra müvəkkilinin ifadə verməsini təklif etmişdi. Lakin prokuror və hakimlər əvvəlcə AXCP fəalının dindirilməsində israr edib, əks halda bunu “ifadə verməkdən imtina” kimi qiymətləndirəcəklərini bildiriblər. Bu səbəbdən Kənan Zeynalov dekabrın 11-də ifadə verib.

Yeni Günəşli ərazisində Anar Rəhimovu bıçaqlamaqda ittiham olunan Kənan Zeynalov məhkəmədə bildirib ki, nə üstündə bıçaq olub, nə də kiməsə bıçaqla xəsarət yetirib. O, saxlanılmasının Ramazan ayında, məscidə getdiyi vaxt baş verdiyini deyib:

“Ramazan ayı idi, oruc tutmuşdum, axşamtərəfi məscidə gedirdim. Evin yaxınlığında həmin şəxs qabağımı kəsdi, dedi ki, “məni söymüsən”. Başa düşdüm ki, salamat adam deyil, aralanıb çıxmaq istədim, imkan vermirdi. Axırda dedim ki, yaxşı, üzr istəyirəm, burax, çıxım gedim. Bu, məni qaldırıb yerə vurdu. Dərhal polislər gəldilər, məni yerə yıxdılar. Birdən bu da yıxıldı yanıma. Soruşdum ki, buna nə oldu? Dedilər ki, “sən onu bıçaqlamısan””.

AXCP fəalı vurğulayıb ki, əgər həqiqətən belə bir cinayət törətsəydi, bunu inkar etməyi özünə sığışdırmazdı:

“36 yaşlı, 120 kilo çəkisi olan adamdır, mənim isə 60 yaşım var. Sonradan özünə də dedim ki, ola bilsin, üstündə hansısa cinayət işi var, ona görə mənə şər atıb üzümə durmaqla xilas olmaq istəyirsən. Mən namusuma and içirəm ki, bu cinayəti törətməmişəm”.

O, həmçinin qeyd edib ki, təqsirsiz olduğuna baxmayaraq, məhkəmədən ədalətli hökm gözləmir, çünki ölkədə məhkəmə sisteminin vəziyyətini yaxşı bilir.

Kənan Zeynalov bu il martın 21-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP üzvü Anar Rəhimovla mübahisə edib və ona bıçaqla xəsarət yetirib. Hadisədən sonra o, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məhkəmə prosesi dekabrın 25-də davam etdiriləcək.

AXCP sədri Əli Kərimli mühafizəçisinin həbsini “qeyri-adi şərləmə” adlandırıb:
“Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır”.

Partiya rəhbərliyi Kənan Zeynalova qarşı irəli sürülən ittihamları siyasi motivli sayır. Dövlət orqanları isə ümumiyyətlə belə işlərdə siyasi motivləri qəbul etmir, ittiham olunan şəxslərin konkret cinayət əməlində təqsirləndirildiyini bildirirlər.

AbzasMedia

14:56, 12 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 12:22, 11 Dekabr 2025
written by Gozetci

Azər Qasımlı

 

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.

Proses zamanı sənədlərin tədqiqi mərhələsinə başlanılıb. Azər Qasımlının və zərərçəkən qismində çıxış edən Qurbanəli Yusifovun istintaqa verdiyi ifadələr, Mingəçevir Şəhər Məhkəməsinin əvvəlki qərarı və digər istintaq materialları hakim Telman Hüseynov tərəfindən elan olunub.

Sənədlər oxunduqca müdafiə tərəfi Qurbanəli Yusifovun ifadəsindəki şübhəli məqamlara diqqət çəkib. Vəkillər bildirib ki, “zərərçəkən” Azər Qasımlının onu 2022-2023-cü illərdə borca görə atasını öldürməklə və oğlunu qaçırmaqla hədələdiyini desə də, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib.

Azər Qasımlı da qeyd edib ki, 2024-cü ilin aprelində Qurbanəli Yusifovun ona olan borcu ilə əlaqədar Mingəçevir məhkəməsində iş açılıb və həmin prosesdə Qurbanəli Yusifovun atası dindirilib, lakin o, hər hansı təhdiddən danışmayıb. Qurbanəli Yusifov cavab olaraq bildirib ki, həmin vaxt “məsələni şişirtmək istəməyiblər”. Başqa bir cavabında isə ümumiyyətlə Mingəçevir məhkəməsindəki prosesdən xəbərsiz olduğunu iddia edib.

Qurbanəli Yusifov Azər Qasımlı üçün “bitcoin” aldığını da inkar edib. Lakin müdafiə tərəfi sənədlərə əsaslanaraq vurğulayıb ki, Yusifovun atası Mingəçevir məhkəməsində oğlunun bunu etiraf etdiyini bildirib.

Növbəti məhkəmə prosesi dekabrın 17-nə təyin edilib.

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyətinə bağlı olduğunu bildirir.

Toplum TV

12:22, 11 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Namizəd Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

by Gozetci 11:55, 11 Dekabr 2025
written by Gozetci

Namizəd Səfərov

 

Hüquqşünas Namizəd Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçildiyi bildirilir.

APA-nın xəbərinə görə, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.

Onun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirildiyi deyilir.

Xəbərdə iddia olunur ki, Namizəd Səfərov adı açıqlanmayan şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib.

Hüquqşünasın özünün ittihama münasibəti bəlli deyil.

Namizəd Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə izah edirdi.

Namizəd Səfərov yeni yaradılan Azərbaycan Xalq Parlamentinin həmsədri idi. O, hakimiyyəti tənqid edən çıxışları ilə tanınırdı.

Azərbaycan Xalq Parlamenti verdiyi bəyanatda N.Səfərova qarşı cinayət işini “əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt” kimi qiymətləndirib.

Toplum TV 

11:55, 11 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP sədri Əli Kərimli ev dustaqlığına buraxılmayıb

by Gozetci 19:40, 10 Dekabr 2025
written by Gozetci

Əli Kərimli

 

AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin edilməyib.

Dekabrın 10-da Səbail Rayon Məhkəməsində Əli Kərimlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə müraciətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

AXCP-nin mətbuat katibi Natiq Adilov Səbail məhkəməsi önünə gələn cəbhəçilərin polis müdaxiləsi ilə üzləşdiklərini bildirib. Onun sözlərinə görə, polis partiya fəallarını müxtəlif istiqamətlərdə dağıdıb, onlara qarşı zorakılıq edib.

Əli Kərimli barəsində dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

AXCP sədri Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham olunur.

Əli Kərimli noyabrın 29-da saxlanılıb, evində axtarış aparılıb. Həmin gün AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. Faiq Əmirli, Ruslan Əmirov və Saleh Rüstəmli sonradan sərbəst buraxılıb.

Məmməd İbrahim barəsində 2 ay yarım həbs qətimkan tədbiri seçildiyi bildirilir. Hökumətyönlü media saxlanılmaların və axtarışların Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən Ramiz Mehdiyev işi ilə əlaqəli olduğunu yazıb.

Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları daha əvvəl “tamamilə əsassız” adlandırıb və ittihamları qəti şəkildə təkzib edib. AXCP rəhbərliyi isə baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirib.

AbzasMedia

19:40, 10 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fazil Qasımov: “Kamera görüntülərini həm məndən, həm də vəkilimdən gizlədirlər”

by Gozetci 18:11, 10 Dekabr 2025
written by Gozetci

Fazil Qasımov

 

Həbsdə olan iqtisadçı Fazil Qasımov istintaq prosesində maddi sübutlara çıxışın məhdudlaşdırıldığını deyir.

Ailə üzvlərinin “Toplum TV”-yə verdiyi məlumata görə, Fazil Qasımov bu barədə dekabrın 10-da telefon danışığı zamanı biıdirib.

Fazil Qasımovun sözlərinə görə, müstəntiq Yusif Yusifov onun işi üzrə təhlükəsiz şəhər kamerası tərəfindən qeydə alınmış 3 video görüntünün mövcud olduğunu və bu materialların maddi sübut kimi qəbul edildiyini bildirib.

Fazil Qasımov qeyd edib ki, 6 oktyabr 2025-ci ildə Şüvəlanda saxlanıldığı zaman bu video sübutlarla tanış olmaq üçün Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayevə ərizə göndərib. Onun iddiasına görə, hakim Aqil Musayev həmin ərizə ilə bağlı hələ də qərar verməyib.

“Mən qanunla bu sübutlarla tanış olmaq hüququna malikəm. Ərizə yazılanda ona cavab verilməlidir”, – Qasımov bildirib.

O əlavə edib ki, 13 noyabr 2025-ci ildə protokollarla tanış olmaq üçün Bakı Apellyasiya Məhkəməsinə aparılsa da, maddi sübut hesab edilən video görüntülərin təqdim edilməsini tələb etsə də, bu dəfə də ona imkan yaradılmayıb.

“Mən kassasiya şikayəti yazmaq üçün həmin sübutlara ehtiyacım olduğunu açıq şəkildə dedim. Yenə də təqdim etmədilər. Təhlükəsiz şəhər kamerasından alındığını iddia etdikləri bu videoları həm məndən, həm də vəkilimdən gizlədirlər”, – Fazil Qasımov vurgulayıb.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.

Özü isə ittihamı rədd edir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir.

Ötən ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.

Toplum TV 

18:11, 10 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbriki

by Gozetci 10:47, 10 Dekabr 2025
written by Gozetci

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli qanunsuz olaraq saxlanıldığı Bakı İstintaq Təcridxanasından Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycanda mütərəqqi və sivil dəyərlər uğrunda çalışan bütün hüquq müdafiəçilərini, ictimai fəalları, ziyalıları və insan hüquqları təşkilatları üzvlərini təbrik edib:

“Təəssüflər olsun ki, 10 Dekabr İnsan Hüquqları Günü növbəti dəfə ölkəmizdə mülki və siyasi hüquqların böhranı şəraitində yad edilir. Belə bir tarixi günü son 80 ildə insan hüquqları və azadlıqları sahəsində tarixi naliyyətlər əldə etmiş mütərəqqi bəşəriyyətin bir parçası kimi qeyd etmək imkanından məhrumuq. Bunun əsas səbəbi ölkəmizdə hüququn aliliyinə, siyasi plüralizm və demokratik dəyərlərə əsaslanan hüquqi-siyasi sistemin qurulmamasıdır. Son 3 ildə sayı durmadan artan siyasi motivli təqiblər və həbslər, o cümlədən ifadə azadlığı, siyasi iştirak və birləşmək hüquqlarına qarşı təzyiqlər bizi mütərəqqi bəşəriyyətdən hər ötən il daha da uzaqlaşdırır.

Belə ümidsiz və acınacaqlı şəraitdə ölkəmizdə vətəndaş hüquq və azdlıqları uğrunda çalışan hər kəsə əzm və dəyanət arzulayıram!”

10:47, 10 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hesabat: Aİ Azərbaycanla münasibətlərdə insan hüquqlarını enerji maraqlarına qurban verir

by Gozetci 10:32, 10 Dekabr 2025
written by Gozetci

Azərbaycanda Repressiyaya Son Kampaniyası Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərin son illərdəki istiqamətini tənqid edən yeni hesabat dərc edib. “Prinsipləri alverə çevirmək: Azərbaycanda insan hüquqları böhranı – Avropa İttifaqı enerji və geosiyasəti üstün tutur” adlı sənəddə bildirilir ki, Aİ Azərbaycanla əməkdaşlıqda insan hüquqları, demokratiya və hüququn aliliyi kimi prinsipləri getdikcə daha çox enerji təhlükəsizliyi və geosiyasi hesablamalara tabe edir.

Sənəddə qeyd olunur ki, bu dönüşün simvolik nümunələrindən biri 2025-ci ilin aprelində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri olub. Hesabata görə, səfər zamanı insan hüquqları mövzusu demək olar ki, gündəmə gətirilməyib.

Hesabat müəllifləri bildirirlər ki, Aİ-nin bu yanaşması Azərbaycanda daxili siyasi mühitin sərtləşməsi ilə paralel gedir. Sənəddə avtoritar idarəçilik modelinin möhkəmləndiyi, siyasi məhbusların sayının rekord səviyyələrə çatdığı və müstəqil medianın “demək olar ki, məhv edildiyi” qeyd olunur. Bu mənzərə fonunda Aİ-nin səssizliyinin Bakıda daha dərin repressiyalar üçün “yaşıl işıq” kimi qəbul edildiyi vurğulanır.

Qeyd olunur ki, Aİ ən sərt repressiya dalğalarından birini yaşayan ölkə ilə münasibətləri yaxınlaşdırmağa çalışır.

“Azərbaycan müstəqil vətəndaş cəmiyyətini, media məkanını və müxalif siyasətçiləri məhdudlaşdırıcı qanunvericilik, cinayət təqibləri, təzyiq və etirazçılara qarşı polis zorakılığı ilə susdurub. İnsan hüquqları müdafiəçiləri, hüquqşünaslar, jurnalistlər, siyasətçilər, vətəndaş fəalları və alimlər özbaşına həbslər, qarayaxma kampaniyaları, məcburi etiraflar, qanunların sui-istifadəsi və təkadamlıq kamerada saxlanma ilə üzləşirlər. Müstəqil QHT-lər qeydiyyatdan keçə və maliyyəyə çıxış əldə edə bilmir; müstəqil media qurumları bağlanıb. Ən azı 400 siyasi məhbusla Azərbaycan Avropa Şurasına qoşulduqdan bəri ən yüksək göstəriciyə çatıb,” – kampaniyanın Rəhbər Komitəsinin üzvü, insan hüquqları üzrə hüquqşünas Səməd Rəhimli Azərbaycan daxilində vəziyyətin miqyasını belə təsvir edir.

Hesabatda Aİ-nin insan hüquqları və hüququn aliliyi üzrə dialoqa marağın zəif olduğu bir şəraitdə Azərbaycanla strateji enerji memorandumunu imzalaması da tənqid olunur. Kampaniyanın Rəhbər Komitəsinin üzvü, iqtisadçı və insan hüquqları müdafiəçisi Zöhrab İsmayıl bildirir ki, enerji gündəliyi Aİ-nin yanaşmasını nəzərəçarpacaq dərəcədə dəyişib:

“2022-ci il enerji memorandumundan sonra təbii qaz, bağlantılılıq və Orta Dəhliz kimi mövzular Aİ-Azərbaycan münasibətlərində ön plana çıxaraq insan hüquqları və demokratik standartlarla bağlı narahatlıqları kölgədə qoyub. Azərbaycan Aİ-nin ümumi enerji idxalında yalnız kiçik paya sahib olsa da, diversifikasiya üzrə siyasi iradə Bakının təsir imkanlarını artırıb. Nəticədə enerji və ticarət əməkdaşlığı çox vaxt Azərbaycanın dərinləşən avtoritarlaşmasından ayrı tutulub”.

Müəlliflər Aİ-nin əlində ciddi təsir mexanizmlərinin olduğunu xatırladırlar: İttifaq Azərbaycanın əsas ixrac bazarı və ən böyük investorlarından biridir. Lakin hesabatda iddia olunur ki, bu vasitələr faktiki olaraq işə salınmır və yüksək səviyyəli siyasi dialoq insan hüquqları böhranından “izolyasiya olunmuş” şəkildə davam etdirilir.

Sənəd Aİ daxilindəki yanaşma ziddiyyətlərinə də yer ayırır. Hesabata görə, Avropa Parlamenti Azərbaycanla münasibətlərdə daha sərt şərtləndirmə, sanksiyalar və 2022-ci il enerji memorandumunun dayandırılması kimi addımların tərəfdarıdır. Bununla belə, Avropa Komissiyası və Aİ-nin Xarici Fəaliyyət Xidməti əməkdaşlığı davam etdirməyə üstünlük verir. Müəlliflər bu “dissonansın” Bakıya Aİ-nin prinsipial xətt formalaşdırmaqda çətinlik çəkdiyi mesajını verdiyini düşünürlər.

Hesabatda diqqət çəkən daha bir məqam repressiyaların transmilli xarakter almasıdır. Müəlliflər bildirirlər ki, Azərbaycan hakimiyyəti sərhədlərdən kənarda yaşayan jurnalistləri, fəalları və hüquq müdafiəçilərini hədəfə alır. Aİ üzv dövlətlərində bu risklərə qarşı müdafiə mexanizmlərinin pərakəndə və qeyri-kafi olması isə ayrıca problem kimi göstərilir.

Hesabat Aİ-ni yeni və ya yenilənmiş Aİ-Azərbaycan razılaşmalarında insan hüquqları və hüququn aliliyini mərkəzə çəkməyə çağırır. Sənəddə 2022-ci il enerji Memorandumunun icrasının da açıq, ictimai meyarlarla, o cümlədən siyasi məhbusların azad edilməsi və reabilitasiyası kimi tələblərlə əlaqələndirilməsi təklif olunur.

Müəlliflər həmçinin yeni sazişlər və yüksək səviyyəli əməkdaşlıq üzrə irəliləyişin ölçülə bilən islahatlara bağlanmasını, repressiyalar dərinləşərsə danışıqların dayandırılmasını və yeni sövdələşmələrin dondurulmasını mümkün variant kimi göstərirlər.

Sənəddə müstəqil vətəndaş cəmiyyəti və medianın həm ölkə daxilində, həm də sürgündə daha geniş siyasi və maliyyə dəstəyi almasının vacibliyi vurğulanır. Eyni zamanda Aİ üzv dövlətlərindən ikitərəfli enerji və təhlükəsizlik siyasətlərini ümumi insan hüquqları meyarları ilə uzlaşdırmaq tələb olunur ki, heç bir milli anlaşma Aİ-nin şərtləndirmə xəttini zəiflətməsin.

AbzasMedia

10:32, 10 Dekabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

  • Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb

  • “Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib

  • Tofiq Yaqublu 9 gündür aclıq aksiyası keçirir

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026
Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib
16:19, 16 Mart 2026
Azər Qasımlı Umbakı Penitensiar Kompleksinə köçürülüb
12:40, 16 Mart 2026
“Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib
10:25, 14 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia