AXCP sədri Əli Kərimli ev dustaqlığına buraxılmayıb

by Gozetci

Əli Kərimli

 

AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin edilməyib.

Dekabrın 10-da Səbail Rayon Məhkəməsində Əli Kərimlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə müraciətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

AXCP-nin mətbuat katibi Natiq Adilov Səbail məhkəməsi önünə gələn cəbhəçilərin polis müdaxiləsi ilə üzləşdiklərini bildirib. Onun sözlərinə görə, polis partiya fəallarını müxtəlif istiqamətlərdə dağıdıb, onlara qarşı zorakılıq edib.

Əli Kərimli barəsində dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

AXCP sədri Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham olunur.

Əli Kərimli noyabrın 29-da saxlanılıb, evində axtarış aparılıb. Həmin gün AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. Faiq Əmirli, Ruslan Əmirov və Saleh Rüstəmli sonradan sərbəst buraxılıb.

Məmməd İbrahim barəsində 2 ay yarım həbs qətimkan tədbiri seçildiyi bildirilir. Hökumətyönlü media saxlanılmaların və axtarışların Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən Ramiz Mehdiyev işi ilə əlaqəli olduğunu yazıb.

Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları daha əvvəl “tamamilə əsassız” adlandırıb və ittihamları qəti şəkildə təkzib edib. AXCP rəhbərliyi isə baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirib.

AbzasMedia

You may also like