Fazil Qasımov: “Kamera görüntülərini həm məndən, həm də vəkilimdən gizlədirlər”

by Gozetci

Fazil Qasımov

 

Həbsdə olan iqtisadçı Fazil Qasımov istintaq prosesində maddi sübutlara çıxışın məhdudlaşdırıldığını deyir.

Ailə üzvlərinin “Toplum TV”-yə verdiyi məlumata görə, Fazil Qasımov bu barədə dekabrın 10-da telefon danışığı zamanı biıdirib.

Fazil Qasımovun sözlərinə görə, müstəntiq Yusif Yusifov onun işi üzrə təhlükəsiz şəhər kamerası tərəfindən qeydə alınmış 3 video görüntünün mövcud olduğunu və bu materialların maddi sübut kimi qəbul edildiyini bildirib.

Fazil Qasımov qeyd edib ki, 6 oktyabr 2025-ci ildə Şüvəlanda saxlanıldığı zaman bu video sübutlarla tanış olmaq üçün Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayevə ərizə göndərib. Onun iddiasına görə, hakim Aqil Musayev həmin ərizə ilə bağlı hələ də qərar verməyib.

“Mən qanunla bu sübutlarla tanış olmaq hüququna malikəm. Ərizə yazılanda ona cavab verilməlidir”, – Qasımov bildirib.

O əlavə edib ki, 13 noyabr 2025-ci ildə protokollarla tanış olmaq üçün Bakı Apellyasiya Məhkəməsinə aparılsa da, maddi sübut hesab edilən video görüntülərin təqdim edilməsini tələb etsə də, bu dəfə də ona imkan yaradılmayıb.

“Mən kassasiya şikayəti yazmaq üçün həmin sübutlara ehtiyacım olduğunu açıq şəkildə dedim. Yenə də təqdim etmədilər. Təhlükəsiz şəhər kamerasından alındığını iddia etdikləri bu videoları həm məndən, həm də vəkilimdən gizlədirlər”, – Fazil Qasımov vurgulayıb.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.

Özü isə ittihamı rədd edir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir.

Ötən ilin aprelində Q.İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.

Toplum TV 

You may also like