Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm”

by Gozetci

Rüfət Səfərov

 

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Azadlıq Radiosu”nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə Rüfət Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.

Cinayət işi materiallarında Rüfət Səfərovun Natiq İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, “zərərçəkən” özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. Rövşanə Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra çıxış edən Rüfət Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycanda həbsdə olan jurnalistləri təbrik edib.

“Azərbaycan hakimiyyəti nə qədər çalışsa da, ölkədə vicdanlı jurnalistlərin axırına çıxa bilməyib. Həmin jurnalistlərin əksəriyyəti həbsdədir. Mən onların qarşısında “kepka”mı çıxarıram. Bütün vicdanlı jurnalistlərin bayramını təbrik edirəm. Ümumiyyətlə, dünyada həbsdə olan jurnalistlərin 10 faizi Azərbaycanın payına düşür”, – o qeyd edib.

Hüquq müdafiəçisi əlavə edib ki, Azərbaycanda siyasilər “ağlar” və “qaralar” olmaqla iki yerə bölünür.

“Mən “siyasi qara” olduğum üçün 11 ildir həbslərə, işgəncələrə məruz qalıram. Çünki Azərbaycan hakimiyyəti hüquqa zidd, qeyri-demokratik bir hakimiyyətdir. Mən mazoxist deyiləm. Amma fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm”, – Rüfət Səfərov bildirib.

Növbəti məhkəmə prosesi mayın 18-ə təyin olunub.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında iddia olunur ki, Rüfət Səfərov Natiq İmanquliyevə torpaq satmaq adı ilə ondan 60 min manat pul alıb, lakin sonradan torpağı satmayıb, buna görə də Natiq İmanquliyev Rüfət Səfərovun yaşadığı mənzilin qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib.

Rüfət Səfərov ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, “Müdafiə Xətti” insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.

Toplum TV 

You may also like