AŞPA məruzəçisi Azadə Rojhan Anar Məmmədlinin dərhal azadlığa buraxılmasına çağırır

by Gozetci

Anar Məmmədli

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə ümumi məruzəçisi Azadeh Rojhan (İsveç, SOC) Anar Məmmədlinin Azərbaycanda həbsinin ikinci ildönümü ilə bağlı aşağıdakı bəyanatı verib:

“Bu gün tanınmış azərbaycanlı insan hüquqları müdafiəçisi və seçki müşahidəçisi, 2014-cü il Václav Havel İnsan Hüquqları Mükafatı laureatı Anar Məmmədlinin həbsinin düz iki ili tamam olur. O, vətəndaş fəallığı, müstəqil seçki müşahidəsi fəaliyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlığına görə qisas xarakteri daşıdığı hesab edilən bir neçə ittihamla üzləşir.

Keçmişdə Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən etmişdir ki, cənab Məmmədli yalnız seçki müşahidəsi fəaliyyəti ilə bağlı vətəndaş cəmiyyəti fəalı kimi susdurulmaq və cəzalandırılmaq məqsədilə təqib olunub. Hazırkı təqib oxşar tendensiyalar nümayiş etdirir və Azərbaycanın beynəlxalq öhdəliklərinə riayət etməsi ilə bağlı ciddi suallar doğurur.

Cənab Məmmədlinin həbsi eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti, müstəqil media və insan hüquqları müdafiəçilərinə qarşı artan məhdudiyyətlər fonunda qiymətləndirilməlidir. Belə şəraitdə cinayət hüququndan istifadə hüququn aliliyini və əsas azadlıqların effektiv müdafiəsini daha da sarsıtmaq riski yaradır.

Mən Azərbaycan hakimiyyətini cənab Məmmədlini dərhal azadlığa buraxmağa və Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərinə uyğun olaraq ona qarşı irəli sürülmüş ittihamlara təcili yenidən baxmağa çağırıram.”

You may also like