
Tofiq Yaqublu
Həbsdə olan və 19 gündür aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublunun səhhətinin pisləşdiyi, yeriməkdə çətinlik çəkdiyi bildirilir.
Bu barədə onun qızı Nigar Həzi sosial media hesabında vəkil Nemət Kərimliyə istinadən məlumat verib.
Martın 13-də saxlandığı Bakı İstintaq Təcridxanasında Tofiq Yaqublu ilə görüşən Nemət Kərimli bildirib ki, siyasətçi xeyli çəki itirib, daha da halsızlaşıb, yeriməkdə çətinlik çəkir, rəngi keçən dəfəkindən bir az daha tutqunlaşıb.
“Bu gün həkim müayinəsi ilə vəkil görüşü üst-üstə düşdüyü üçün o, əvvəlcə vəkillə görüşə gəlib. Müayinə isə görüşdən sonra olacaqdı. Çox güman ki, artıq müayinə olub, ancaq biz bu barədə yalnız sabahkı zəng günündə biləcəyik.
Tofiq Yaqublu vəkilə deyib ki, baş gicəllənmələri daha da artıb. Hətta dünən bir dəfə huşunu belə itirib”, – deyə siyasətçinin qızı bildirib.
Tofiq Yaqublu fevralın 23-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında 1 həftəlik cərimə kamerasına (“karser”) salınıb və həmin vaxtdan aclıq edir. Müəssisə rəhbərliyi isə qərarı onun “kamerada axtarışa mane olması ilə” əsaslandırmışdı.
Tofiq Yaqublu daha öncə vəkili vasitəsilə verdiyi açıqlamada aclığa başlamasını “əsassız yerə karsa salınmasından” əlavə, barəsindəki “qanunsuz məhkəmə hökmü və ABŞ-nin Azərbaycandakı səfirliyinin insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumması” ilə izah edib.
Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. Özü isə ittihamları qurama sayır.
Toplum TV