Həbsdə olan inanclı fəal, noyabrın 9-dan azadlığa buraxılması üçün aclıq edən Nigar Bağırovanın səhhətinin daha da pisləşdiyi bildirilir.
Bu barədə Müsəlman Birliyi Hərəkatı bəyanat yayıb.
Bəyanatda deyilir ki, N.Bağırova təcridxanada huşunu itirib və başı yerə dəyərək zədələnib.
“Hadisədən sonra həbsxana əməkdaşları Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: “Gəlin, Nigarı sürüyüb çıxarın.” Bu ifadə həm insani, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur. Məsələyə dair şikayətlər cavabsız qalır”, – deyə qeyd olunub.
MBH-nin məlumatına əsasən, N.Bağırova aclıq aksiyasını davam etdirdiyi üçün həbsxana rəhbərliyinin təzyiq və hədə-qorxuları ilə üzləşir.
MBH digər inanclı fəal Tərlan Sayadovun isə saxlanıldığı Umbakı həbsxanasında döyülərək cərimə kamerasına (“kars”) salındığını bildirib. Fəalın sözlərinə görə, buna səbəb onun namaz qılması üçün səccadə tələb etməsi olub.
Tərlan Sayadov iyulda narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrda isə “daxili qaydaları pozmaq”da günahlandırılaraq 6 aylıq qapalı rejimli Umbakı həbsxanasına göndərilib.
N.Bağırova və daha beş inanclı qadın avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin adına ehsan paylayıb Fələstin üçün şüarlar səsləndirərkən həbs olunublar. Onunla birgə saxlanılan Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova da noyabrın 9-da aclığa başlasalar da, səhhətlərində yaranan problemlərə görə dayanmalı olublar. N.Bağırova isə aclığı davam etdirməkdə israrlı olduğunu deyib.
Saxlanılan inanclı fəallar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirləndirilirlər.
Özləri isə ittihamı rədd edirlər.
Toplum TV
