Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

“Meydan TV”nin jurnalistləri açıq görüşlərin ləğvinə etiraz edir

by Gozetci 19:58, 26 Fevral 2026
written by Gozetci

Fevralın 26-da “Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova və Xəyalə Ağayeva açıq görüşlərin ləğv edilməsinə etiraz olaraq görüşə çıxmaqdan imtina ediblər.

“Meydan TV”nin məlumatına görə, bu gün Aytac Tapdığın görüş günü olduğundan yaxınları Bakı İstintaq Təcridxanasına getsələr də, onunla görüşə bilməyiblər.

Aytac Tapdıq yaxınları ilə telefon danışığında bildirib ki, indiyədək ailə üzvləri ilə “açıq görüş” formatında ünsiyyət qurduqları halda, bundan sonra yalnız şüşə arakəsmə arxasından telefon vasitəsilə görüşə icazə veriləcəyi deyilib.

“İndiyədək “açıq görüş” şəklində yaxınlarımızla görüşsək də, bu gündən bizə ancaq şüşə arakəsmə arxasından telefon zəngi ilə görüşə biləcəyimiz deyilir. Bizi indi də yaxınlarımız üzərindən təhdid edirlər. Bu da işgəncənin bir növüdür. Bütün bu təzyiqlər bizim məhkəmə proseslərindəki çıxışlarımızla bağlıdır. Üstəlik deyilir ki, tək bizə yox, bütün məhbuslara açıq görüşü ləğv ediblər. Üzləşdiyimiz bu yeni təzyiqə etiraz olaraq şüşə arakəsmə arxasından görüşə çıxmaqdan imtina edirik”, – deyə jurnalist bildirib.

Məlumata görə, ötən gün Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri Aytac Tapdıq, Aysel Ümüdova və Xəyalə Ağayeva ilə Bakı İstintaq Təcridxanasında görüşüblər. Jurnalistlərin yaxınlarının bildirdiyinə əsasən, görüşdə İşgəncələrin Qarşısının Alınması Şöbəsinin müdir müavini Vəfa Verdiyeva və əməkdaşlar Samir Quliyev və Əflatun Baxışov iştirak ediblər. Ombudsman Aparatının nümayəndələrinin jurnalistlərin zorakılıqla bağlı şikayətlərini dinlədiyi qeyd olunur.

Bu arada, “Meydan TV işi” üzrə həbsdə olan digər jurnalist Ülviyyə Əli (Quliyeva) də təcridxanada təhdid olunduğunu bildirib. Onun sözlərinə görə, sosial mediada süni intellekt vasitəsilə səsinin yayılmasından sonra Bakı İstintaq Təcridxanasının rəisi onu ailə üzvlərinin, o cümlədən nişanlısının həbs edilə biləcəyi ilə hədələyib.

Ülviyyə Əli yaxınlarına deyib ki, təcridxana rəhbərliyi yayılan səslərin süni intellekt vasitəsilə hazırlandığını bildiklərini desə də, bəzi şəxslərin bunu anlamadığını əsas gətirərək məsələni onun nişanlısı ilə əlaqələndirib.

“Dünən rəislə görüşdüm, dedi məsələ burasındadır ki, biz bilirik, telefona qulaq asan bilir ki, süni intellektdir. Amma elə insanlar var ki, bunu başa düşmürlər. Məndən soruşdular ki, bu videoları nişanlın hazırlayır? Cavab verdim ki, mən o qədər ağılsız deyiləm ki, ölkədə olan adama səhifə idarə etdirim”, – deyə jurnalist bildirib.

Onun sözlərinə görə, rəis növbəti görüşdə də eyni iddianı təkrarlayıb və nişanlısının həbs oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib:

“Rəis bu gün gəldi dedi ki, “nişanlın edir bu səsləri. Ona de, səsləri yığışdırsın, bir də gördün özünü tutub gətirdilər bura””.

“Meydan TV işi” üzrə ümumilikdə 12 nəfərə qarşı cinayət işi açılıb. Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov 2024-cü ilin dekabrında həbs olunublar. 2025-ci ildə isə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli və foto-müxbir Əhməd Muxtar da iş üzrə saxlanılıb.

Əvvəlcə jurnalistlərə qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir. Onlar ittihamları qəbul etmədiklərini, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.

AbzasMedia

19:58, 26 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Tofiq Yaqublunun “karser”ə salındığı bildirilir

by Gozetci 20:31, 25 Fevral 2026
written by Gozetci

Tofiq Yaqublu

 

Milli Şura və Müsavat Partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublunun cərimə kamerasına (“karser”ə) salındığı bildirilir. Bu barədə onun vəkilinə istinadən qızı Nigar Həzi məlumat yayıb.

Nigar Həzi vurğulayıb ki, bu gün, fevralın 25-də Tofiq Yaqublunun zəng etmək günü olsa da zəng eləməyib: “Vəkili onunla görüşüb və məlum olub ki, Tofiq Yaqublu 3 gündür ki, “karser”ə salınıb. Hələ də “karser”dədir. Onun barəsində 7 sutka “karser” cəzası verilib. Guya Tofiq Yaqublu kamerada axtarışa mane olub”.

Qızının vurğulamasına görə, halbuki keçən həftənin şənbə günü, fevralın 21-də keçirilən axtarışa atasının hər hansı maneəsi olmayıb.

Nigar Həzi artıq atasının etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını bildirib.

“İlham Əliyev Vaşinqtonda üzləşdiyi gerçəkliyin heyifini Tofiq Yaqubludan və digər siyasi məhbuslardan çıxır”, – deyə o vurğulayıb.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma 

Fevralın 19-da sosial mediada ABŞ-də yaşayan və Azərbaycan hökumətinin tənqidçilərindən olan mühacirlərin etiraz aksiyasından görüntülər yayılıb. Onlar Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda qaldığı deyilən otelin önündə “siyasi məhbuslara azadlıq”, “Tofiq Yaqubluya” azadlıq şüarları səsləndiriblər.

İ.Əliyev fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak üçün ABŞ-də səfərdə olub.

Yayılan videoda aksiya iştirakçıları prezidentin mühafizə xidmətinin əməkdaşlarının etirazçılara zor tətbiq etdiyini bildirir. Həmin etirazçılar arasında Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu da olub.
Azərbaycanın Birləşmiş Ştatlardakı (ABŞ) səfirliyi isə bildirib ki, fevralın 19-da prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində “Waldorf Astoria” mehmanxanasının qarşısında “təxribatçı hərəkətlər” törədib.

Səfirliyin bəyanatına görə, prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər: “…Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb”.

AzadlıqRadiosu 

20:31, 25 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ali Məhkəmə Emin İbrahimovun kassasiya şikayətini təmin etməyib

by Gozetci 18:01, 25 Fevral 2026
written by Gozetci

Emin İbrahimov

 

7 il azadlıqdan məhrum edilən keçmiş diplomat Emin İbrahimov barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Fevralın 25-də Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub. Məhkəmənin qərarına əsasən, Emin İbrahimovun kassasiya şikayəti təmin edilməyib və əvvəlki instansiyaların hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Emin İbrahimov 2023-cü il iyulun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İbrahimov 2020-ci ildə Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət edərək ölkədə insan hüquqlarının pozulduğunu və seçkilərin saxtalaşdırıldığını bildirib, belə şəraitdə işləmək istəmədiyini əsas gətirərək diplomatik xidmətdən ayrıldığını açıqlayıb.

Bundan əvvəl, 2023-cü ilin sentyabrında o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (internet informasiya ehtiyatında yayılması qadağan edilən məlumatların yerləşdirilməsi) ilə 30 sutka inzibati həbs cəzası alıb. Keçmiş diplomat həmin vaxt qanun pozuntusuna yol vermədiyini, sosial şəbəkədə şəxsi fikirlərini ifadə etdiyinə görə cəzalandırıldığını bildirmişdi.

Müstəqil yerli və beynəlxalq təşkilatlar Azərbaycanda 340 siyasi məhbusun olduğunu bəyan edirlər. Rəsmi qurumlar isə bu iddiaları rədd edir və ölkədə şəxslərin yalnız konkret qanun pozuntularına görə məsuliyyətə cəlb edildiyini vurğulayır.

AbzasMedia

18:01, 25 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Siyasi Məhbusların Müdafiə Komitəsi”ndən Avropa Komissiyasına çağırış: “Azərbaycan hökumətinə təsir imkanlarınızdan istifadə edin”

by Gozetci 20:50, 24 Fevral 2026
written by Gozetci

Ursula von der Leyen

 

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – siyasi məhbuslar – Hafiz Babalı, Fazil Qasımov, Samir Aşurov və Mehman Əliyev Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə açıq məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edib və Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin icrası üçün konkret addımlar atılmasına çağırış edib.

“Siyasi Məhbusların Müdafiə Komitəsi”nin Təşəbbüs Qrupu adından imzalanan müraciətdə Avropa Komissiyasının Azərbaycanda siyasi məhbus probleminin həlli istiqamətində təsir imkanlarını səfərbər etməsinin vacibliyi vurğulanır. Məktubun müəllifləri bildirirlər ki, ölkədə siyasi repressiyalar dərinləşir və beynəlxalq öhdəliklərə əməl olunmur.

Məktubu olduğu kimi təqdim edirik.

“Hörmətli prezident Ursula von der Leyen!

Siyasi Məhbusların Müdafiə Komitəsinin Təşəbbüs Qrupu adından sizə bu müraciəti ünvanlayaraq Azərbaycanda insan hüquqlarının real vəziyyəti ilə bağlı sizi məlumatlandırmaq və bu mövzuda Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin icrasına çağırış etmək istəyirik.

Əvvəla, Azərbaycanda insan hüquqlarının vəziyyətini diqqət mərkəzində saxladığına görə Avropa Parlamentinin üzvlərinə dərin təşəkkürümüzü bildiririk. Avropa Parlamentinin sözügedən qətnamələri mühüm siyasi sənədlər olsa da, onların icra mexanizmini nəzərdən keçirmədən bu aktların Azərbaycanda insan hüquqlarının vəziyyətində müsbət dəyişikliyə gətirib çıxarması qeyri-mümkündür.

Qeyd edək ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətləri ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa can atan Azərbaycan hökuməti uzun müddətdir alimləri, jurnalistləri, QHT nümayəndələrini və aktivistləri siyasi motivlərlə həbs edir, onlar barəsində ədalətsiz qərarların çıxarılması üçün məhkəmələrin fəaliyyətinə qanunsuz müdaxilələr edir, siyasi azadlıqları boğur, jurnalistləri peşə fəaliyyətinə görə cəzalandırır, akademik azadlıqlara hörmət etmir, tənqidi fikirlərə dözümsüzlük nümayiş etdirir. Siyasi repressiyalar Azərbaycanda vətəndaş cəmiyyətinin zəifləməsinə, demokratik institutların sıradan çıxmasına, müxalif siyasi partiyaların bağlanmasına və onların rəhbər şəxslərinin həbs edilməsinə, bir sıra müstəqil media qurumlarının və QHT-lərin bağlanmasına gətirib çıxarıb. Daha dəhşətlisi, siyasi təqiblər Azərbaycan vətəndaşlarının əksəriyyətində totalitar rejimlərdə mövcud olan psixologiyanın yaranmasına səbəb olub.

Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına riayət etməsə də, Aİ-yə üzv ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurmağa can atır, Avropa Komissiyası ilə enerji sahəsində sıx əməkdaşlıq edir. Biz Avropa İttifaqına üzv ölkələrlə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən, eləcə də Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluq duysaq da, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Parlamentinin qətnamələrinin kağız üzərində qalmasından və Avropa Komissiyasının Azərbaycanda siyasi məhbus probleminin həlli üçün öz imkanlarını səfərbər etməməsindən məyusluq hissi keçiririk.

İnsan hüquq və azadlıqlarına, demokratik prinsiplərə və qanunun aliliyinə hörmət Avropa mədəniyyətinin başlıca xüsusiyyətləridir. Bu mədəniyyətin daşıyıcılarının Azərbaycanda siyasi motivlərlə həbs edilməsinə Avropa Komissiyası səssiz qalmamalıdır. Beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına görə, Azərbaycanda sayı 400-ə çatan siyasi məhbuslar və onların ailələri Avropa Komissiyasının prezidenti kimi sizin Azərbaycan hökumətinə siyasi repressiyaların dayandırılması və siyasi məhbusları azad etməsi üçün təsir imkanlarınızın olduğuna inanır və bu imkanlardan lazımınca istifadə etməyinizi xahiş edirik.

Fazil Qasımov
Hafiz Babalı
Samir Aşurov
Mehman Əliyev

14.02.2026”

AbzasMedia

20:50, 24 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Gültəkin Hacıbəyli saxlanılıb (YENİLƏNİB)

by Gozetci 19:12, 24 Fevral 2026
written by Gozetci

Gültəkin Hacıbəyli

 

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verəndən sonra sərbəst buraxıldığı bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Məsələ ilə bağlı Gültəkin Hacıbəyli və DTX ilə danışmaq mümkün olmayıb.

*   *   *

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylini DTX saxlayıb, yaşadığı yerdə axtarış aparılıb.

Hazirda onun DTX-ya aparıldığı bildirilir.

Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən ilin sonlarinda Azərbaycan hakimiyyətinin sifarişi üzrə Türkiyədə saxlanılmışdı.

Yalnız bir müddət əvvəl Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deport olunmuşdu.

Azadlıq qəzeti

19:12, 24 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Keçmiş müstəntiq Müşfiq Abbasov inzibati qaydada həbs edilib

by Gozetci 10:09, 24 Fevral 2026
written by Gozetci

Müşfiq Abbasov

 

Bakı şəhər Prokurorluğunun keçmiş böyük müstəntiqi Müşfiq Abbasov yenidən həbs olunub. Onun səsləndirdiyi fikirlərə görə cəzalandırıldığı bildirilir.

Müşfiq Abbasov haqqında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (qanunla yayılması qadağan edilən informasiyanın internet-informasiya resursunda yerləşdirilməsi) maddəsi ilə iş başlanıb. Ardından fevralın 23-də o, Yasamal rayon Məhkəməsində hakim önünə çıxarılıb və haqqında 15 günlük inzibati həbs qərarı çıxarılıb.

Müşfiq Abbasov, keçmiş müstəntiq kimi, sosial mediada müxtəlif olaylarla bağlı düşüncə və müsahibələrini paylaşır. O, bugünlərdə müsahibəsindən bir parçanı virtual dostları ilə bölüşərkən belə fikirlər səsləndirib:

“Guya bizim varlıların evində belə seksual cinayətlər yoxdur? Hansısa nazir iki-üç-beş qızı bağa aparıb başına oyun açırsa, onların ağzını pulla yumursa, bunlar şikayət etmirsə… Müstəntiq adı gələndə insanlar hesab edir ki, burada böyük bir ədalətsizlik var… Ədalət axtarışını son dövrlər kimlərdə axtarırıq? Oğrularda, avtoritetlərdə, cinayətkar aləmin nümayəndələrində…”.

Xatırlatma

Müşfiq Abbasov daha öncə, 2021-ci ilin mayında da dələduzluq ittihamı ilə həbs olunmuş, icraatındakı iki iş üzrə toplam 73 min manatdan çox pul alaraq adamları aldatmaqda suçlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il həbs cəzası kəsilsə də, Ali Məhkəmə qərarı ləğv edərək iş geri qaytarmışdı. Apellyasiya Məhkəməsi işə təkrar baxandan sonra zərərçəkmişlərin pulunun ödənildiyi, şikayətçi olmadığı nəzərə alınaraq dələduzluq ittihamına xitam verilmişdi. M.Abbasov özünü təqsirli bilmir, dəlil-sübutsuz qərəzli adamların ifadələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini söyləmişdi.

AzadlıqRadiosu 

10:09, 24 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İnternetdəki paylaşımlara görə 4 nəfər tutulub

by Gozetci 21:15, 23 Fevral 2026
written by Gozetci

Son vaxtlar Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən altı nəfər inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə bu gün, fevralın 23-də Baş Prokurorluğun yaydığı məlumatda bildirilir. “Onlardan dördü barəsində inzibati həbs, ikisi barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub”, – məlumatda əlavə edilib.

Həmin maddədə söhbət sosial şəbəkələrdə və internet resurslarında ictimai mənəviyyatı təhqir edən, “əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd” məzmunun paylaşılması və ya insan bədəni hissələrinin bu formada göstərilməsindən gedir.

Baş Prokurorluq bəhs edilən işlər üzrə detalları, o cümlədən məsuliyyətə cəlb edilən şəxslərin kimliyini açıqlamayıb, onların və ya vəkillərinin ittihama münasibəti bəlli deyil.

Xatırlatma

İnzibati Xətalar Məcəlləsinin bu maddəsi hazırda cəmiyyətdə mübahisələndirilən məsələlər sırasında yer alır. Bəzi hüquqşünaslar vurğulayır ki, orada “milli-mənəvi dəyərlərə zidd formada” dedikdə konkret nələrin nəzərdə tutulduğu xeyli mübahisəlidir və subyektiv qərarlara yol aça bilər.

Üstəlik, onlar hesab edirlər ki, bu maddənin tətbiqində də bəzən ayrıseçkiliyə yol verilir.

Bütün bunlarla yanaşı, ayrı-ayrı müxalifətçilərdə şikayətlənirlər ki, bir çox hallarda heç bir təhqir, böhtan xarakteri daşımayan sırf tənqidi statuslarına görə şərlənərək həbs edilirlər.

Hərçənd, rəsmilər də deyirlər ki, ölkədə heç kim tənqidi düşüncələrinə görə təqib edilmir.

AzadlıqRadiosu 

21:15, 23 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib

by Gozetci 20:09, 20 Fevral 2026
written by Gozetci

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərlə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

Prosesdə təqsirləndirilənlərin şüşə kabindən zala,  vəkillərinin yanına keçirilməsi tələbi, həmçinin Bakı İstintaq Təcridxanasında zorakılıq və qısnama iddiaları müzakirə olunub.

Hakim Aytən Əliyevanın sədrlik etdiyi iclasda əvvəlcə müdafiə tərəfi təqsirləndirilən şəxslərin hamısının şüşə kabindən zala keçirilməsini istəyib. Vəsatəti təqsirləndirilən şəxslər də dəstəkləyiblər.

Hakim isə bildirib ki, ötən məhkəmədə təqsirləndirilənlərdən biri stola çıxacağını deyib və bu dəfə eyni aktı etməyəcəklərinə təminat yoxdur.

Jurnalist Aysel Ümüdova söz alaraq ötən məhkəmədə sözünün kəsiləcəyi təqdirdə stolun üstünə çıxacağını dediyini və bunun təqsirləndirilənlərin şüşə kabində saxlanılmasına heç bir aidiyyəti olmadığını bildirib.

Təqsirləndirilənlərdən jurnalist Xəyalə Ağayeva da çıxış edib. O deyib ki, ötən məhkəmədəki etirazlarına görə onlardan izahat tələb edilib və təcridxanada zorakılıqla üzləşdiklərini əlavə edib:

“2 gün əvvəl təcridxanada “şmon” adı altında bizə zorakılıq edilib. Mənim səsim üzləşdiyim zorbalıqda qışqırdıqlarıma görə qısılıb. Əvvəla sizin borcunuzdur ki, təcridxanaya sorğu göndərib zorakılıq faktını araşdırasınız. Bundan başqa, təcridxananın rəisi Elnur İsmayılov bizə dedi ki, növbəti dəfə məhkəmədə bizə akt tərtib olunsa, bizi cərimə kamerasına (“kars”) salmalı olacaq. Mən təklif edirəm ki, lazım olan aktı gecikdirməyəsiniz, bu gün bizimlə bərabər təcridxanaya göndərəsiniz. Çünki bizi nə “kars”la, nə qoluzorlularınızla qorxuda bilərsiniz. Bu məhkəmə boyu pozulan bütün hüquqlarımıza görə etiraz edəcəyik”, – Xəyalə Ağayeva deyib.

Jurnalist Aytac Tapdıq (Əhmədova) isə bildirib ki, hüquqları pozulmaqda davam edərsə, məhkəməyə gəlməkdən imtina edəcəklər:

“Bu, çox alçaldıcı davranışdır. Bizi buradan çıxarın. Hüquqlarım pozularsa, heç bir qüvvə məni buraya gətirə bilməz. Başa düşürəm ki, siz şahmat oyunun piyada fiqurlarısınız, qərarları da siz vermirsiniz. Amma bizi İlham Əliyev susdura bilməyib, siz heç susdura bilməyəcəksiniz”, – jurnalist əlavə edib.

Vəkil Rövşanə Rəhimova hakimin ötən məhkəmələrdə sözügedən vəsatəti təmin etdiyini xatırladıb və müvəkkilləri Aysel Ümüdova ilə Ülviyyə Əlinin (Quliyeva) zalda əyləşdirilməsinin təmin edilməsini istəyib. O əlavə edib ki, Ülviyyə Əli bir sıra xəstəliklərdən əziyyət çəkir və şüşə kabində qalmaq onun səhhətinə daha da zərər verir. Hakim Ülviyyə Əlinin zalda əyləşməsinə icazə versə də, Aysel Ümüdova üçün eyni qərarı verməyib.

Daha sonra vəkil Cavad Cavadov müvəkkilləri Aytac Tapdıq və Nurlan Librenin (Qəhrəmanlı) ev dustaqlığına buraxılması barədə vəsatət verib. Aytac Tapdıq isə söz alaraq ümumiyyətlə ona bəraət verilməsini tələb edib. Hakim bu vəsatəti də təmin etməyib.

Xəyalə Ağayevanın vəkili Nazim Musayev hakimlərin öz verdikləri qərarı yerinə yetirmədiyini əsas gətirərək bütün heyətə etirazını bildirib:

“Eyni məhkəmənin hər dəfə fərqli qərar verməsi qərəzdir və təqsirləndirilənlərə işgəncə olaraq qiymətləndirirəm. Ona görə də məhkəmə heyətinə etiraz edirəm”, – vəkil əlavə edib.

Xəyalə Ağayeva da vəkilinin sözlərinə əlavə olaraq deyib ki, hakimlər etirazları yerinə yetirməzsə, gələn məhkəməni tək keçirməli olacaqlar.

Jurnalist Şəmşad Ağa (Ağayev) da prosesdə söz alaraq bildirib ki, ötən məhkəmədə zalda oturmasa da, bu hüququnun hələ də mövcud olduğunu düşünür. O, məhkəmə və Penitensiar Xidmət arasındakı icra məsələsinə də toxunub:

“Yəqin düşünürsünüz ki, biz nəsə aksiya edəcəyik. Elə bir şey indiki halda olmayacaq. Amma siz hüquqlarımızı pozmağa, sözümüzü kəsməyə davam etsəniz, aksiya da edə bilərik. Siz bizi dinləmirsiniz. Kürdəxanıya nümayəndə göndərirsiniz, etiraz etdiyimizə görə izahat istəyirsiniz. Elə bil, biz bağça uşaqlarıyıq. Bu məhkəmənin iki tərəfi var: biri biz – qondarma ittihamlarla həbs edilən şəxslər, digər tərəfi də sizsiniz. Bir-birimizi saxta da olsa, dinləməliyik.

Heç kimə sözünü keçmir. Qərar qəbul edirsiniz, Penitensiar Xidmət yerinə yetirmir. Məhkəməyə ehtiyac yoxdursa, biz də özümüzə əziyyət verib hər həftə bura gəlməyək.

Çar 2-ci Nikolay o vaxt fərman vermişdi ki, Nekrasov dəlidir, hamı da deyirdi dəlidir. İndi İlham Əliyev də fərman imzalasın ki, Şəmşad bu qədər, Fatimə bu qədər alsın, vəssalam. Ədalət təmin olunmursa, bu məhkəməyə gərək yoxdur. Bilirik ki, normal ölkə deyil, amma bu qədər də yox”, – deyə Şəmşad Ağa çıxışını tamamlayıb.

Hakim heyəti vəsatəti baxılmamış saxlayıb.

Ardınca vəkil Zibeydə Sadıqova müvəkkili Şəmşad Ağanın anasının vəfatını və bacısının ağır xəstəlikdən əziyyət çəkdiyini əsas gətirərək onun ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə bu vəsatəti də təmin etməyib.

İclasda Bakı İstintaq Təcridxanasında zorakılıq iddiaları ilə bağlı da vəsatət qaldırılıb. Vəkil Nazim Musayev fevralın 18-də təcridxanada müvəkkili Xəyalə Ağayeva və Aytac Tapdığın zorakılığa məruz qaldığını bildirərək, məhkəmədən zorakılıq faktının araşdırılmasını, Baş Prokurorluğa təqdimat verilməsini, Penitensiar Xidmət rəhbərliyinin məlumatlandırılmasını və təcridxananın rəis müavini Cavid Güləliyev barəsində cinayət işinin açılmasını istəyib.

Jurnalist Aysel Ümüdova da söz alaraq təcridxanada baş verənlərlə bağlı danışıb. O bildirib ki, rəis müavini Cavid Güləliyev 10 nəfərlə kameralarına daxil olanda o, sanitar qovşağında olub və axtarış-baxış rəisi Əlibala Rəhimli onun “1 dəqiqə gözləyin” deməyinə baxmayaraq, sanitar qovşağın qapısını qıraraq içəri daxil olub. Ümüdova daha sonra belə deyib:

“Bildirmək istəyirəm ki, təcridxanada kişi nəzarətçilər qadın tualetlərinə daxil olurlar. Biz cinsi qısnamaya məruz qalırıq. Rəis müavini Cavid Güləliyev spermasına vurğu edərək “Hər yerdə mənim toxumum var” deyir. Biz özümüzü təhlükəsizlikdə hiss etmirik. Heç kim qarantiya vermir ki, sabah bizi təcridxanada zorlamayacaqlar”.

Hakim bu vəsatəti təmin edib və göndərilən sorğudan sonra insidentlə bağlı qərar veriləcəyini bildirib.

Nazim Musayev hakimin bu qərarına etiraz edib:

“Siz cinayəti törədənə sorğu göndərib, o soğru əsasında qərar vermək istəyirsiniz. Bu, sizin səriştəsizliyinizdən xəbər verir”.

Vəkil Rövşanə Rəhimli əlavə edib ki, zorakılıq hadisəsi baş verən dəhlizdə və nəzarətçilərin üzərində kameralar olub. O, həmin görüntülərin də əldə edilməsi barədə vəsatət verib. Hakim isə kamera görüntülərinə gərək olmadığını əsas gətirərək bu vəsatəti təmin etməyib.

Növbəti məhkəmə prosesinin martın 13-nə təyin edildiyi bildirilib.

“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre həbs olunub. Mayda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.

AbzasMedia 

20:09, 20 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bakıdan kənarda çalışan həkimlərin maaş əlavələrini ala bilmədiyi deyilir

by Gozetci 19:55, 20 Fevral 2026
written by Gozetci

Bakıdan kənarda fəaliyyət göstərən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müəssisələrdə çalışan bəzi həkimlərin maaş əlavələrini ala bilmədiyi bildirilir.

Problemlə bağlı “Toplum TV”-yə danışan Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov deyir ki, həmin müəssisələrdə çalışan tibb işçilərinin əmək haqlarına əlavələrin verilməsi qanunla nəzərdə tutulsa da, buna illərdir əməl edilmir.

Əhməd Rəhmanov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2020-ci ilin yanvarında təsdiqlədiyi “TƏBİB tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na istinad edir.

Qaydaların 11.1-ci bəndində göstərilir ki, kənd və qəsəbə yerlərindəki sahə xəstəxanalarının və ambulatoriyaların həkimlərinin maaşlarına hər ay “fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq” əlavə ödənilməlidir.

18-1-ci bənddə isə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən tibb müəssisələrində “bəzi ixtisaslar üzrə çalışan həkimlərin əmək haqlarına müvəqqəti həvəsləndirici əlavələrin verilməsi” nəzərdə tutulur.

Problemlə üzləşənlərdən biri Əhməd Rəhmanovun həyat yoldaşı, 2007-ci ildən Zabrat Sağlamlıq Mərkəzində həkim-endokrinoloq kimi çalışan Ülkər Nəzirovadır. O, ötən ay əməkhaqqı əlavələrinin ödənilməsinə məsul olan Bakı Baş Səhiyyə Mərkəzini məhkəməyə verib.

Nəzirova 2020-ci ildən maaşına ödənməli olan əlavələri, həmçinin Əmək Məcəlləsinə istinadən əlavələrin gecikdirildiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində təzminat tələb edib.

Əhməd Rəhmanovun “Toplum TV” ilə bölüşdüyü məhkəmə qərarına əsasən, Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi iddiaya etirazında bildirib ki, sözügedən qaydalarda həkim-endokrinoloq ixtisası üzrə çalışanlara əlavələrin ödənilməsi nəzərdə tutulmayıb.

Prosesə üçüncü şəxs kimi cəlb olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi isə etirazında qeyd edib ki, iddiaçının çalışdığı Zabrat Sağlamlıq Mərkəzi qanunvericilikdə qəsəbə xəstəxanası olaraq müəyyən olunmayıb.

Fevralın 4-də Yasamal Rayon Məhkəməsində hakim Kərim Xudayevin sədrliyi ilə keçirilən prosesdə iddiaçının tələbi rədd edilib. Məhkəmə qərarı belə əsaslandırıb ki, endokrinoloqun iş yeri Nazirlər Kabinetinin 2019-cu ildə təsdiqlədiyi, TƏBİB tabeliyindəki tibb müəssisələrinin siyahısında qəsəbə statuslu deyil, Bakı şəhəri üzrə müəssisə kimi əks olunub.

Əhməd Rəhmanov qərardan apellyasiya şikayəti verəcəklərini deyir. Onun sözlərinə görə, Müstəqil Həmkarlar Birliyinə müxtəlif bölgələrdə çalışan həkimlərdən də maaşlarına əlavələrin verilməməsi ilə bağlı müraciətlər daxil olur.

“Yaxşı, tutaq ki, Zabratı qəsəbə kimi tanımırlar, bəs rayonlardakı həkimlərin əlavələrini ödəməməyi necə əsaslandırırlar? Onlar üçün də deyəcəklər ki Marsda, başqa planetdə çalışırlar? Həkimlərimiz, çox təəssüf ki, haqlarını tələb etmək əvəzinə ölkədən baş götürüb qaçırlar”, – o qeyd edib.

Toplum TV 

19:55, 20 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Jurnalist Nurlan Libre 36 gündür həbsxanada aclıq edir

by Gozetci 18:36, 20 Fevral 2026
written by Gozetci

Nurlan Libre

 

“Meydan TV işi” üzrə hazırda həbsdə olan və 36 gündür aclıq edən jurnalist Nurlan Librenin (Qəhrəmanlı) səhhətinin pisləşdiyi deyilir

Bu barədə jurnalist Əsli Əlizadə “Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, Libre ciddi kilo itirib və səhhəti pisləşməyə doğru davam edir. Bundan başqa, jurnalistə fevralın 16-da məhkəmədə baş verənlərə görə ərizə yazılması tələb edilib.

“Ayın 16-sı ərizə yazmağı istənilib. Məhkəmədə şüşəni döyəcləmələri və səs-küy salmaqlarıyla bağlı. Ərizəsində hakim Aytən Əliyevanın jurnalistlərin çıxışına maneələr yaratdığını, sözlərini kəsdiyini və onları şüşə qəfəs arxasında saxladığını qeyd edib. Belə hallar davam edərsə, növbəti məhkəmə proseslərində də eyni formada etiraz edəcəyini bildirdi. Bu gün səhər isə qaldığı kamerada heç bir səbəb göstərilmədən axtarış aparılıb”, – deyə Əlizadə yazısında bildirib.

Jurnalist Nurlan Libre yanvarın 16-da keçirilən məhkəmədə aclıq aksiyasına başladığını bildirmişdi. O, aclıq aksiyasını hələ də davam etdirir.

Nurlan Libre 2025-ci il fevralın 21-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Meydan TV

18:36, 20 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

  • Azər Qasımlıya 12 il həbs cəzası verilib

  • Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb

  • Bəşir Süleymanlıya ağır itki

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
19:49, 12 Mart 2026
Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib
22:00, 11 Mart 2026
Azər Qasımlıya 12 il həbs cəzası verilib
17:32, 11 Mart 2026
Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb
19:46, 09 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia