Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Ələsgər Məmmədliyə anası ilə görüşə icazə verilməyib

by Gozetci 09:51, 02 İyun 2026
written by Gozetci

Ələsgər Məmmədli

 

“Toplum TV”-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədliyə saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşməsinə icazə verilməyib.

Bu barədə onun həyat yoldaşı Günay Məmmədli sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, mayın 31-də görüş üçün Ələsgər Məmmədlinin 82 yaşlı anası və xərçəng xəstəliyindən əziyyət çəkən bacısı 400 kilometrdən çox məsafə qət edərək Bakıya gəliblər.

“Ələsgər bəy xəbər tutanda ki, anası gəlib və görüşə bilməyib, onun da yaxşı olmayan sağlıq vəziyyətinin və əsəblərinin nə hala qalacağını təsəvvür edə bilirəm. Həyatı boyu yalnız qanunlarla hərəkət edən, ictimai nüfuza malik ziyalı insanı şərləyərək, qaçaqmalçı damğası yapışdıraraq 26 aydır doğmalarından ayırmısız. Səhhət problemləri ilə mübarizə apara-apara, bu qədər haqsızlığa dözərək bir gün ədalətin bərpa olunacağını gözləyən, yalnız ailəsinin, doğmalarının qanuni qaydada həftədə 2 dəfə zəng və 1 dəfə canlı görüşməsindən az da olsa dəstək alan adamı bundan da məhrum etmək nə məqsəd daşıyır?

İnsanlıq, ziyalılıq, hüquqi normalara, tələblərə riayət etməyi təbliğ edən bir insana bu təzyiq, bu işgəncə hansı məqsəd daşıyır?”, – Günay Məmmədli sual edib.

Səsləndirilən fikirlərlə bağlı aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV 

09:51, 02 İyun 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil Zabil Qəhrəmanovun istintaqı başa çatır

by Gozetci 09:00, 02 İyun 2026
written by Gozetci

Zabil Qəhrəmanov

 

Vəkil Zabil Qəhrəmanov haqqında həbs-qətimkan tədbirinin müddətcə daha iki ay uzadılması qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayev şikayəti təmin etməyib.

Zabil Qəhrəmanovun istintaq dövrü üçün həbs müddətinin iyulun 23-dək artırılması barədə qərar qüvvədə qalıb. Bu barədə AzadlıqRadiosuna həbsdə olan vəkilin yaxınları məlumat verib:

“Sonuncu dəfə həbs-qətimkan tədbirinin uzadılması üçün təqdimatı müdafiə edəndə demişdilər ki, istintaq hələ başa çatmayıb, müəyyən istintaq hərəkətləri aparılmalıdır. Bu müddətdə Zabil Qəhrəmanovun həbsdə qalması məqsədəuyğundur. Bizdə olan məlumata görə, istintaq yaxın günlərdə yekunlaşacaq və iş məhkəməyə göndəriləcək”.

Zabil Qəhrəmanov haqqında həbs-qətimkan tədbirinin müddəti sonuncu (üçüncü) dəfə mayın 16-da Baş prokurorun təqdimatı əsasında Səbail rayon Məhkəməsində daha 2 ay 7 gün uzadılıb.

AzadlıqRadiosu

 

09:00, 02 İyun 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP üzvünün məhkəməsində: ‘Necə oldu ki, hadisədən dərhal sonra polislər gəldi?’

by Gozetci 22:52, 01 İyun 2026
written by Gozetci

Kənan Zeynalov (Basqal)

 

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalov (Basqal)ehtimal edir ki, onun işində zərərçəkmiş kimi tanınan şəxs öncədən polislərlə razılaşaraq təxribatın iştirakçısına çevrilib. Kənan Zeynalovun bu düşüncəsinə dayanaraq iyunun 1-dəki məhkəmədə onun vəkili vəsatət qaldırıb və hadisə baş verən gün həmin zərərçəkmiş şəxsin kimlərlə ünsiyyətdə olduğunu aydınlaşdırmaqdan ötrü telefon bilgilərinin araşdırılmasını istəyib.

Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlanan cəbhəçinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Zərərçəkmiş qismində tanınan A.Rəhimov məhkəmə iclaslarına gəlmədiyindən Kənan Zeynalov da, vəkili də buna etiraz edirlər.

“Səbəbi aydınlaşdırılsın ki, niyə məhkəməyə gəlmir? Niyə bu işin araşdırılmasında maraqlı deyil? Bizim ona suallarımız var”, – vəkil Nazim Musayevin sözləridir.

Kənan Zeynalov heç kimi bıçaqlamadığını, yol gedərkən adıçəkilən şəxsin ona yaxınlaşdığını, ardınca qışqırıb yerə yıxıldığını və dərhal da polislərin hadisə yerinə gəldiyini bildirir.

“Hadisələrin bu cür gedişatı bizdə ciddi şübhələr yaradır. Necə oldu ki, bu hadisə baş verəndən dərhal sonra polislər gəldi? Bu hadisənin əvvəldən hazırlanmış plan olduğunu düşünürük. Ona görə də xahiş edirik, həmin gün kimlərlə əlaqə saxlayıbsa, müəyyənləşdirilsin”, – vəkil vəsatətini belə əsaslandırıb.

Müdafiəçi vurğulayıb ki, ekspertiza bir xəsarət haqda rəy verib. Amma zərərçəkmiş iki-üç bıçaq zərbəsiylə xəsarət aldığını iddia edib. Bu üzdən, vəkilin fikrincə, bu ziddiyyətə də aydınlıq gətirilməlidir.

Vəkilin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb.

İyunun 25-də keçiriləcək növbəti iclasda məhkəmə istintaqının yekunlaşacağı və prokurorun Kənan Zeynalova cəza istəyəcəyi gözlənilir.

Xatırlatma

Kənan Zeynalov 2025-ci il martın 21-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP üzvü A.Rəhimovla mübahisə edərək onu bıçaqla yaralayandan sonra əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Partiya sədri Əli Kərimlimühafizəçisinin həbsini “qeyri-adi şərləmə” adlandırıb:

“Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır”.

AXCP sədri də daxil, bu müxalif partiyanın hazırda 15-dən çox üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Həbsdəki cəbhəçilərin bir neçəsi Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi, sürücüsü olub.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.

AzadlıqRadiosu 

22:52, 01 İyun 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Aclıq edən Ramil Babayevin səhhəti pisləşib

by Gozetci 16:46, 31 May 2026
written by Gozetci

Ramil Babayev

 

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə mayın 30-da yaxınları məlumat yayıb.

Məlumata görə, aclıq aksiyası keçirən Ramil Babayev son günlərdə bir neçə dəfə qan qusub. O, ailəsinin istəyinin əksinə olaraq, tələbləri yerinə yetirilənə qədər aclıq aksiyasını davam etdirəcəyini deyib.

Daha öncə aprelin sonunda aclıq aksiyasına başlamış Ramil Babayev 8 gün sonra aksiyasına müvəqqəti fasilə vermişdi. Babayev bunu Bakı İstintaq Təcridxanası rəhbərliyinin tələblərinin yarıdan çoxunu yerinə yetirməsi ilə izah etmişdi.

Lakin onun sözlərinə görə, rəis müavini Cavid Güləliyevin bir məhbusa işgəncə verdiyinin şahidi olduqdan sonra mayın 25-də aksiyanı bərpa edib.

Onun tələbləri arasında təcridxanada işgəncə hallarına və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması, cərimə kameralarında sanitar vəziyyətin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılmasının təmin olunması, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni iş üzrə həbs olunmuş “Toplum TV“ həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə icazə verilməsi və başqa tələblər var.

O, həmçinin, Cavid Güləliyev barəsində Cinayət Məcəlləsinin işgəncə, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma və başqa bir neçə maddəsi üzrə araşdırma aparılmasını tələb edir.

Qeyri-iş günü olduğuna görə Penitensiar Xidmətdən məsələyə münasibət almaq mümkün olmayıb.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV

16:46, 31 May 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AŞPA komitəsi: “Azərbaycanda tənqidi səslərin susdurulmasından narahatıq”

by Gozetci 21:17, 29 May 2026
written by Gozetci

Avropa Şurası

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi mayın 27-də Tallində keçirilən iclasında Azərbaycanda “tənqidi səslərin sistemli şəkildə susdurulması” ilə bağlı narahatlığını ifadə edib.

Komitə bildirilib ki, xüsusilə “Media haqqında”, “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanunlar kimi məhdudlaşdırıcı qanunvericilik tədbirləri müstəqil jurnalistikanın, real siyasi müxalifətin, vətəndaş cəmiyyətinin və ifadə azadlığının sıxışdırılmasına gətirib çıxarıb.

Parlamentarilər insan hüquqları müdafiəçisi, seçki müşahidəçisi Anar Məmmədlinin həbsini və ona qarşı cinayət təqibini qınayıblar. Eyni zamanda, əvvəllər Azərbaycanda fəaliyyət göstərən müstəqil media qurumlarının jurnalistləri və əməkdaşları, blogerlər, demokratiya tərəfdarları, müxalifət nümayəndələri və insan hüquqları müdafiəçilərinə qarşı repressiyaların davam etdiyi vurğulanıb.

Komitə siyasi məhbus kimi tanınan şəxslərin sayının 328 nəfərə yüksəlməsindən, eləcə də Azərbaycanla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarının hələ də icra edilməməsindən narahatlığını ifadə edib.

Qurum Azərbaycanı Avropa Şurasının Nizamnaməsi, İnsan Hüquqları üzrə Avropa Konvensiyası və digər beynəlxalq insan hüquqları müqavilələri çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

Sənəddə Azərbaycan hakimiyyətinə jurnalist fəaliyyəti, korrupsiya araşdırmaları, demokratiya tərəfdarı mövqeləri və insan hüquqlarının müdafiəsi ilə əlaqədar təzyiq və cinayət təqiblərinə son qoymaq, habelə saxlanılan şəxsləri dərhal azad etmək çağırışı yer alıb. Bundan başqa, AŞPA-nın 1900 (2012) saylı qətnaməsində müəyyən edilmiş meyarlara uyğun olaraq siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması tələb olunub.

Komitə həmçinin Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət prosesində yenidən fəal iştirak etməsinin və icra edilməmiş bütün qərarları yerinə yetirməsinin vacibliyini vurğulayıb.

Sənəddə qeyd olunur ki, Azərbaycan hakimiyyəti parlament nümayəndə heyətini AŞPA-ya göndərməmək qərarından Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməmək üçün əsas kimi istifadə etməməlidir.

Komitə, eyni zamanda, Avropa Şurasının Baş katibinə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 52-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etməyi və Azərbaycan hakimiyyətindən ölkə qanunvericiliyinin Konvensiyanın effektiv icrasını necə təmin etdiyinə dair izahat tələb etməyi tövsiyə edib.

Hesabatın iyunun 22-26-da keçiriləcək AŞPA-nın plenar sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Toplum TV

21:17, 29 May 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə iclası keçirilib

by Gozetci 16:33, 26 May 2026
written by Gozetci

Anar  Məmmədli

 

İş üzrə müdafiə tərəfinin vəsatətlərinin təmin edilməməsi sistematik olaraq davam edir

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Anar Məmmədlinin vəkili Elçin Sadıqov iş üzrə irəli sürülən ittihamın aydınlaşdırılması, həmçinin müdafiə üçün əhəmiyyətli olan müxtəlif rəsmi məlumatların dövlət və qeyri dövlət orqanlarından istənilməsi barədə 6 ədəd vəsatət təqdim edib. Vəsatətlərdən biri Məmmədlinin 2019-2024-cü illər ərzində Azərbaycanın sərhəd və gömrük-keçid məntəqələrində təqdim etdiyi bəyannamələr və həmin keçidlər zamanı məruz qaldığı xüsusi yoxlamaların nəticələri barədə məlumatların əldə olunması tələb edilməsi ilə bağlı olub. Digər vəsatət isə Ədliyyə Nazirliyindən qeydiyyatsız QHT-ləri fəaliyyətinin guya qanunsuz olması ilə bağlı istintaq orqanının mövqeyinə dair hüquqi rəyin təqdim edilməsi istənilmişdir. Digər vəsatətlərdə məhkəmədən Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Hökumətinin nümayəndəsinə sorğu göndərilməsi və Avropa Məhkəməsinin Məmmədli və SMDT işləri üzrə qərarların icra vəziyyəti, o cümlədən icranın gecikdirilməsinin səbəbləri barədə məlumat təqdim edilməsinin tələb olunması xahiş edilmişdir. Vəkil həmçinin cinayət işi materiallarıının müqayisəli təhlili ilə bağlı təkrar yoxlamanın keçirilməsini tələb edib. Məhkəmə bütün vəsatətləri rədd edib.

Bu iş üzrə təqsirləndirilən digər ictimai fəal Anar Abdullanın vəkili Günay İsmayılova da məhkəməyə iki vəsatət təqdim edib. Vəkil Anar Abdullanın ağır xəstəliyi olan anasının mayın 6-dan etibarən xəstəxanaya yerləşdirildiyini, tək yaşadığını və həbsinə qədər Anar Abdullanın himayəsində olduğunu nəzərə alaraq onun ev dustaqlığına buraxılmasını xahiş edib.

Məhkəmə Anar Abdullanın anasının xəstəxanaya yerləşdirilməsinə dair məlumatın dəqiqliyinin yoxlanılması üçün xəstəxanaya bildiriş gönərilməsinə dair vəsatəti qəbul etsə də, Anar Abdullanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti rədd edib.

Növbəti məhkəmə prosesi 8 iyun, saat 14:00-a təyin olunub.

Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.

Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

 

16:33, 26 May 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Azər Qasımlı barədə hökmü qüvvədə saxlayıb

by Gozetci 19:53, 25 May 2026
written by Gozetci

Azər Qasımlı

 

Mayın 25-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının apellyasiya şikayəti üzrə son məhkəmə prosesi keçirilib.

Bu barədə siyasətçinin həyat yoldaşı Samirə Qasımlı “Abzas Media”ya məlumat verib.

Onun sözlərinə görə, prosesdə hakim Zəfər Əhmədov çıxışlar və təqdim olunan dəlillər üzrə müzakirələrin aparılacağını bildirib. İlk söz Azər Qasımlıya verilib.

İclas zamanı insident baş verib. Belə ki, əvvəlki prosesdə Azər Qasımlının vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırılmışdı. Bugünkü iclasda isə Qasımlı tribunadan çıxış etmək istəyib. Lakin Penitensiar Xidmət əməkdaşları onu tribunaya gətirərkən qandallarını açmayıblar. Buna etiraz olaraq Azər Qasımlı tribunadan çıxış etməkdən imtina edib və çıxışını şüşə qəfəsin arxasından edəcəyini bildirib.

Samirə Qasımlının dediyinə görə, Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki proseslərdə Qasımlının qandalları çıxarılıb.

Azər Qasımlı çıxışında bildirib ki, onun işində hüquq rol oynamır:

“Burada yalnız iki faktor var: cəsarət və vicdan. Bunların hər ikisi hakimlərə aiddir. Ağır Cinayətlər Məhkəməsinin hakimləri yaxşı bilirdilər ki, mənim barəmdə açılan cinayət işində nə bir sübut, nə də bir şahid var idi. Bunların heç biri məhkəmə prosesində də ortaya çıxmadı.

Bundan əlavə, Cinayət Məcəlləsinin bəzi maddələri var idi ki, həmin hakimlərə manevr etmək imkanı verirdi. Məsələn, iş 62-ci və 70-ci maddələrlə tövsif oluna bilərdi və mənim azadlıqda qalmağımı təmin edən qərar çıxarıla bilərdi. Lakin Ağır Cinayətlər Məhkəməsinin hakimləri bunların heç birini etmədilər.

Bu məhkəmənin qərarı isə göstərəcək ki, buradakı hakimlərin cəsarəti və vicdanı hara qədərdir”.

Daha sonra vəkil Rövşanə Rəhimli çıxış edib. O bildirib ki, müdafiə tərəfi bütün arqumentlərini apellyasiya şikayətində ətraflı şəkildə təqdim edib.

Rəhimli qeyd edib ki, artıq hər şey aydındır və Azər Qasımlını əlavə yormaq istəmir. Vəkil məhkəmədən Qasımlı barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Ardınca vəkil Aqil Layıc çıxış edib.

“Olmayan dəlillərdən danışmaq istəmirəm. Əminəm ki, birinci instansiya məhkəməsinin hakimlərini verdikləri hökmə görə vicdanları sorğulayır. İndi bu məhkəmədə elə qərar çıxarılsın ki, sonradan heç kimi o hisslər sorğulamasın”, – o deyib.

Daha sonra çıxış edən dövlət ittihamçısı 2024-cü ilin avqustunda Qurbanəli Yusifovun Daxili İşlər Nazirliyinə etdiyi müraciətə toxunub. O bildirib ki, həmin müraciət əsasında Mingəçevir Şəhər Polis İdarəsi araşdırma aparıb, lakin şahid və sübut olmadığı üçün cinayət işi başlanmayıb.

Prokurorun çıxışından sonra Azər Qasımlı replika verib.

“Bunu tarix üçün deyirəm: prokuror özü də Mingəçevir Şəhər Polisinə istinad edir və bildirir ki, sübut və şahid olmadığına görə Mingəçevir Şəhər Polisi bu işi bağlayıb. Mən sadəcə Mingəçevir polisini nümunə göstərən prokurorun diqqətinə bunu çatdırıram”, – Qasımlı bildirib.

Müşavirədən sonra məhkəmə apellyasiya şikayətinin təmin edilmədiyini elan edib və birinci instansiya məhkəməsinin Azər Qasımlı barədə çıxardığı hökm qüvvədə saxlanılıb.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O, 2026-cı il martın 11-də 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə təqsirli bilinib. İttihama görə, o, Qurbanəli Yusifovu övladını qaçırmaq və atasını öldürmək hədəsi ilə pul verməyə məcbur edib.

Azər Qasımlı ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

19:53, 25 May 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ramil Babayev yenidən aclıq aksiyasına başlayıb

by Gozetci 17:26, 25 May 2026
written by Gozetci

Ramil Babayev

 

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev yenidən aclıq aksiyasına başlayıb.

Bu barədə o, yaxınları vasitəsilə “Toplum TV”-yə məlumat verib.

Daha öncə aprelin sonunda aclıq aksiyasına başlamış Ramil Babayev 8 gündən sonra aksiyasına müvəqqəti fasilə vermişdi. O, bunu saxlanıldığı Bakı İstintaq Təcridxanasının (BİT) rəhbərliyi tərəfindən tələblərinin yarıdan çoxunun təmin edilməsi ilə izah etmişdi.

Onun tələbləri arasında təcridxanada işgəncə hallarına və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması, cərimə kameralarında sanitar vəziyyətin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılmasının təmin olunması, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni iş üzrə həbs olunmuş “Toplum TV“ həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə icazə verilməsi və başqa tələblər var idi.

Ramil Babayevin sözlərinə görə, mayın 20-də BİT-in rəis müavini Cavid Güləliyevlə görüşüb və ona tələblərinə əməl olunmadığını bildirib.

“Cavid Güləliyev cavabında məni inandırmağa çalışdı ki, tələblərim mərhələli şəkildə təmin olunur. Bunu əyani şəkildə sübut etmək üçün otaqdakı əməkdaşlarla nəzakətli üslubda danışırdı. Çünki tələblərimdən biri təcridxanada etik rəftara əməl olunması idi. Cavid Güləliyev onu da dedi ki, mənim aclığı dayandırmağımdan bəri təcridxanada heç kim döyülməyib və əlimdə bunun əksini iddia edən məlumat varsa, onlara bildirim və rəhbərlik bununla bağlı araşdırmaya başlasın. Mən isə cavab verdim ki, onun arqumentlərinin doğruluğunu öyrənmək üçün digər siyasi məhbuslarla görüşəcəm və bir həftə sonra bu mövzuları müzakirə etmək üçün onunla yenidən görüşək”, – o qeyd edib.

Lakin Ramil Babayev əlavə edir ki, cəmi üç gün sonra təcridxanada elə Cavid Güləliyev tərəfindən amansız rəftarın şahidi olub.

“Mayın 23-ü saat 17.00 radələrində su almaq üçün təcridxananın köşkündə növbə gözlədiyim vaxt Cavid Güləliyevin söyüşləri bütün təcridxananı bürüdü. Boylanıb baxanda gördüm ki, Cavid Güləliyev 7 saylı korpusu “140” adlanan qovşaqla birləşdirən ərazidə bir məhbusu alçaldıcı ifadələrlə amansızcasına döyür. Həmin məhbus bu rəftara etiraz olaraq özünü öldürəcəyini dedikdə Cavid Güləliyev “öldür, öldürməyənin də…” cavabını verdi və söyüşlə qışqırmağa davam etdi. Bu hal tələblərim arasında yer alan “təcridxanada ölüm hallarının araşdırılması və bu barədə ictimaiyyətin məlumatlandırılması” bəndinin necə yerində və adekvat olduğunu bir daha təsdiqləyir. Cavid Güləliyev isə mənimlə söhbətdə bu tələbimlə bağlı demişdi ki, ölümlərin əsas səbəbi xəstəliklərdir və rəhbərliyin bu məsələdə yanlışı varsa, qoy bunun davasını ölənlərin ailələri aparsın”, – o bildirib.

Ramil Babayevin sözlərinə görə, təcridxanada, əsasən, maddi vəziyyəti nisbətən yaxşı olan məhbuslar zorakılıqdan yayına bilirlər.

“Bu şəxslər xırda bir rejim qaydası pozuntusuna yol verdikdə – buraya bəzən qarşılaşdığın adama salam vermək də daxildir – onlar barəsində intizam tədbiri görmək əvəzinə onlara bildirilir ki, təcridxananın təsərrüfat bölməsində yeni çörək sexi tikilir və tikinti üçün yardım lazımdır. Bu bəhanə ilə həmin şəxslərdən bir neçə yüz manat alınır və bu proses bir neçə həftədir davam edir. Yoxsul məhbusların necə rəftar gördüyünü isə yuxarıda yazdıqlarımdan təsəvvürünüzə gətirə bilərsiniz”, – o, məktubunda qeyd edib.

Ramil Babayev aclıq aksiyasını dayandırması üçün yeni tələblər irəli sürüb. O, ilk növbədə Cavid Güləliyev barəsində Cinayət Məcəlləsinin işgəncə, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma və başqa bir neçə maddəsi üzrə araşdırma aparılmasını tələb edir.

O, həmçinin, təsvir etdiyi döyülmə hadisəsinin baş verdiyi tarixdəki təhlükəsizlik kamerası görüntülərinin araşdırılmasını, həmin məhbusun bədənindəki izlərin aktlaşdırılmasını, hadisənin şahidi qismində izahatının alınmasını, ombudsman Səbinə Əliyevanın həmin məhbusla görüşməsini tələb edib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

17:26, 25 May 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin növbəti dəfə məhkəmə iclası təxirə salınıb

by Gozetci 17:10, 19 May 2026
written by Gozetci

Anar Məmmədli

 

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə salınıb.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan prosesə Anar Məmmədlinin vəkilləri gəlməyib.

Bildirilib ki, Anar Məmmədlinin vəkili Elçin Sadıqov səhhətinin pisləşməsi ilə bağlı məhkəməyə məlumat verib və prosesdə iştirak edə bilməyəcəyini deyib.

Anar Məmmədlinin digər vəkili Cavad Cavadov isə məhkəməyə məktub göndərib və o, eyni tarixdə başqa işdə iştirakı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməni məlumatlandırıb.

Məhkəmənin qərarına əsasən, növbəti iclas 25 may, saat 16:30-a təyin olunub.

Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.

Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

17:10, 19 May 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prokuror hüquq müdafiəçisi Rüfət Səfərova 9 il həbs cəzası istəyib

by Gozetci 21:01, 18 May 2026
written by Gozetci

Rüfət Səfərov

 

“Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərova 9 il həbs cəzası istənilib.

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edərək belə təkliflə çıxış edib.

Prokuror bildirib ki, Rüfət Səfərova qarşı irəli sürülən dələduzluq, xuliqanlıq və qəsdən sağlamlığa zərər vurma ittihamları məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.

Rüfət Səfərov isə prokurorun çıxışını və tələb olunan cəzanı gülüşlə qarşılayıb.

Məhkəmə prosesi iyunun 5-də vəkillərin müdafiə çıxışları ilə davam etdiriləcək.

Hüquq müdafiəçisi 2024-cü il dekabrın 3-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3, 178.3.2 və 221.1-ci maddələri ilə ittiham irəli sürülüb.

Səfərov ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını bəyan edirlər.

AbzasMedia

21:01, 18 May 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Ələsgər Məmmədliyə anası ilə görüşə icazə verilməyib

  • Vəkil Zabil Qəhrəmanovun istintaqı başa çatır

  • AXCP üzvünün məhkəməsində: ‘Necə oldu ki, hadisədən dərhal sonra polislər gəldi?’

  • Aclıq edən Ramil Babayevin səhhəti pisləşib

  • AŞPA komitəsi: “Azərbaycanda tənqidi səslərin susdurulmasından narahatıq”

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Ələsgər Məmmədliyə anası ilə görüşə icazə verilməyib
09:51, 02 İyun 2026
Vəkil Zabil Qəhrəmanovun istintaqı başa çatır
09:00, 02 İyun 2026
AXCP üzvünün məhkəməsində: ‘Necə oldu ki, hadisədən dərhal sonra polislər gəldi?’
22:52, 01 İyun 2026
Aclıq edən Ramil Babayevin səhhəti pisləşib
16:46, 31 May 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia