
Zamin Zəki
Azərbaycanda yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan birinə – sosial işçi Zamin Zəkiyə 8 il həbs cəzası istənilib.
Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror bu təkliflə çıxış edib.
Prokurorun iddiasına görə, Zamin Zəkiyə Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb.
İctimai fəalın vəkili Günay İsmayılova müdafiə nitqinə hazırlaşmağa vaxt istədiyindən məhkəmə prosesi martın 11-dək ertələnib.
Cinayət işinin materiallarında təlimlərin keçirilməsi, müxtəlif təbəqələrdən olan şəxslərin hüquqlarının müdafiəsi üçün alınan qrant vəsaitlərinin qeydiyyatdan keçməməsindən bəhs olunur.
Zamin Zəki özünü təqsirli bilmir, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Onun vəkili də məhkəmədə vurğulayıb ki, qrantı cinayət yoluyla əldə edilmiş əmlak kimi təqdim etmək absurddur: “Qrantın qeydiyyatdan keçirilməməsi, uzağı, inzibati xəta kimi qiymətləndirilə bilər”.
AzadlıqRadiosu