
Anar Məmmədli
Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Jurnalist Rövşən Hacıbəylinin məlumatına görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən proses şahidlərin dindirilməsi ilə davam etdirilib.
Şahid qismində tanınan Kazım Həsənov istintaqa verdiyi ifadəyə əlavəsi olmadığını deyib. O, dövlət ittihamçısının suallarına cavabında seçki prosesi ilə yaxından maraqlandığı üçün SMDT-nin maarifləndirici təlimlərinə qatıldığını bildirib.
Sonra məhkəməyə şahid qismində “Seçki Müşahidə” Alyansının həbsdə olan rəhbəri Məmməd Alpay (Məmmədzadə) əlləri qandallı vəziyyətdə gətirilib. İfadə verdiyi zaman da Məmməd Alpayın əllərindən qandal açılmayıb.
Məmməd Alpay əvvəlcə özünün də Anar Məmmədli ilə eyni ittihamlarla mühakimə olunduğunu əsas gətirərək ifadə verməkdən imtina edib. Lakin hakim onun bu işdə şahid kimi ifadə verməyə borclu olduğunu deyəndən sonra Məmməd Alpay istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.
Vəkil Elçin Sadıqov dövlət ittihamçısının şahidə suallarına etiraz edib və onun yönləndirici suallar verdiyini hakimin diqqətinə çatdırıb. Prokuror isə bu etiraza aqressiv reaksiya verib. O, müdafiə tərəfinin onun işinə “yersiz müdaxilə” etdiyini və hakimin buna reaksiya verməməsini əsas gətirərək məhkəmə tərkibinə etiraz edib.
Prokurorun reaksiyasına vəkil Günay İsmayılova da etirazını bildirib. Dövlət ittihamçısı isə yüksək tonla danışmasının səbəbini zaldakıların onu eşidə bilməməsi ilə əsaslandırsa da, bu, zalda gülüşlə qarşılanıb.
Hakim, dövlət ittihamçısı və vəkillər arasındakı gərginlik prosesdə qısa fasilə yaranmasına səbəb olub.
Proses davam etdikdən sonra dövlət ittihamçısının Məmməd Alpaya növbəti sualı onun Gürcüstana səfəri ilə bağlı olub. “Siz səfərə Anar Abdulla ilə birgə eyni təyyarədə getmisiniz, eyni tədbirdə iştirak etmisiniz?” sualına cavabında Məmməd Alpay bunu xatırlamadığını deyib:
“Mən beynəlxalq təşkilatların, missiyaların tərkibində müxtəlif ölkələrdə, daha doğrusu 33 ölkədə səfərdə olmuşam, oralara kiminlə birgə, kiminlə ayrı getdiyimin hesabatını hazırlamamışam”.
Dövlət ittihamçısının qaçaqmalçılıqla bağlı sualına cavabında isə şahid sərhəddən heç vaxt qaçaqmal yoluyla pul keçirmədiyini deyib.
Növbəti proses martın 16-sı saat 15.00-a təyin olunub.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur. QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
Məmməd Alpay ötən il martın 14-də saxlanılıb və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, iki ayrı cinayət işi üzrə ümumilikdə Cinayət Məcəlləsinin 11 maddəsi ilə ittiham olunur.
Ona qarşı “QHT işi”, həmçinin hüquq müdafiəçisi Anar Məmmədlinin ittiham olunduğu iş üzrə təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, xeyli miqdarda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi) və 320.2-ci (saxta sənədlərdən istifadə) maddələri üzrə ittihamlar irəli sürülüb.
Onun rəhbəri olduğu Seçki Müşahidə Alyansı Azərbaycanda seçki monitorinqi ilə məşğul olan az sayda qurumlardan biridir.
Hüquq müdafiəçisinin saxlanması 2014-cü ildə Baş Prokurorluğun İstintaq İdarəsində yerli və xarici qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı açılmış cinayət işi ilə əlaqəlidir. Bu cinayət işinin 2020-ci ildə bağlandığı və sonra yeniləndiyi bildirilir.
Toplum TV