
Samirə Qasımlı
Siyasi məhbus, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıdan məhkəməyə şikayət edilib
Bu barədə Samirə Qasımlı sosial media hesabında paylaşım edib: “İndicə Elektron Məhkəmə Sistemindən mənə məlumat göndərildi ki, barəmdə Binəqədi Rayon Məhkəməsinə (mən orada qeydiyyatdayam) şikayət edilib. Şikayət edən Azər Qasımlının üzünə duran Qurbanəli Yusibovdur”. Samirə Qasımlı barəsində qaldırılan cinayət işinin detallarını da paylaşıb:
“1(5-93)-57/2026 saylı Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qeydiyyata alındı”.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlı Qurbanəli Yusibovun şikayəti əsasında 2024-cü ilin 8 dekabr tarixində həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə və ya zor tətbiq etməklə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq və məhkəmə prosesi boyu Azər Qasımlının və müdafiəçilərinin qaldırdıqları vəsadətlər təmin edilməyib. Prosessual Məcəllənin tələblərinin ciddi şəkildə pozuntusu ilə həyata keçirilən istintaq və məhkəmə proseslərinin yekununda siyasətçi 12 il müddətinə azadlıqdan məhrum edilib. Azər Qasımlı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab olunur.
Qazetci