20 sutka inzibati həbs cəzası alan AXCP-nin Gənclər Komitəsinin sədri Emil Səlimin DTX-yə aparıldığı bildirilir

by Gozetci

Emil Səlim

 

20 sutka inzibati həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlimin Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) aparıldığı bildirilir.

Bu barədə AXCP-dən məlumat yayıb. Partiyanın açıqlamasına görə, fəalın yaxınları onunla görüşə bilmədikləri üçün narahatlıq keçiriblər.

Bildirilib ki, martın 2-də Emil Səlimin atası yenidən onun saxlanıldığı yerə gedib və oğlunun harada olması ilə bağlı məlumat ala bilib. Partiyanın iddiasına əsasən, həmin məlumatdan sonra məlum olub ki, Emil Səlim inzibati həbs yerindən DTX-yə aparılıb.

“İndi bəlli olub ki, Emil Səlimin saxta iş üzrə həbsində məqsəd nə imiş. Atasının verdiyi məlumatdan aydın olur ki, Emil Səlim inzibati həbs yerindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılıb”, – deyə partiyanın açıqlamasında qeyd olunub.

Məsələ ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

Qeyd edək ki, AXCP Gənclər Komitəsinin sədri Emil Səlim fevralın 13-də 20 sutka inzibati həbs cəzasına məhkum edilib. Partiyanın bildirdiyinə görə, qərar Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (informasiya ehtiyatında yayılması qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi) ilə təqsirləndirilib.

AXCP qərarı əsassız və siyasi motivli hesab etdiyini bəyan edib.

Son dövrlərdə Azərbaycanda bir sıra tənqidçi fəallar sosial şəbəkələrdə paylaşımlar etdikdən sonra məhz həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunaraq həbs edilirlər.

AbzasMedia

You may also like