Ali Məhkəmə Emin İbrahimovun kassasiya şikayətini təmin etməyib

by Gozetci

Emin İbrahimov

 

7 il azadlıqdan məhrum edilən keçmiş diplomat Emin İbrahimov barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Fevralın 25-də Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub. Məhkəmənin qərarına əsasən, Emin İbrahimovun kassasiya şikayəti təmin edilməyib və əvvəlki instansiyaların hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Emin İbrahimov 2023-cü il iyulun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İbrahimov 2020-ci ildə Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət edərək ölkədə insan hüquqlarının pozulduğunu və seçkilərin saxtalaşdırıldığını bildirib, belə şəraitdə işləmək istəmədiyini əsas gətirərək diplomatik xidmətdən ayrıldığını açıqlayıb.

Bundan əvvəl, 2023-cü ilin sentyabrında o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (internet informasiya ehtiyatında yayılması qadağan edilən məlumatların yerləşdirilməsi) ilə 30 sutka inzibati həbs cəzası alıb. Keçmiş diplomat həmin vaxt qanun pozuntusuna yol vermədiyini, sosial şəbəkədə şəxsi fikirlərini ifadə etdiyinə görə cəzalandırıldığını bildirmişdi.

Müstəqil yerli və beynəlxalq təşkilatlar Azərbaycanda 340 siyasi məhbusun olduğunu bəyan edirlər. Rəsmi qurumlar isə bu iddiaları rədd edir və ölkədə şəxslərin yalnız konkret qanun pozuntularına görə məsuliyyətə cəlb edildiyini vurğulayır.

AbzasMedia

You may also like