Tofiq Yaqublunun “karser”ə salındığı bildirilir

by Gozetci

Tofiq Yaqublu

 

Milli Şura və Müsavat Partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublunun cərimə kamerasına (“karser”ə) salındığı bildirilir. Bu barədə onun vəkilinə istinadən qızı Nigar Həzi məlumat yayıb.

Nigar Həzi vurğulayıb ki, bu gün, fevralın 25-də Tofiq Yaqublunun zəng etmək günü olsa da zəng eləməyib: “Vəkili onunla görüşüb və məlum olub ki, Tofiq Yaqublu 3 gündür ki, “karser”ə salınıb. Hələ də “karser”dədir. Onun barəsində 7 sutka “karser” cəzası verilib. Guya Tofiq Yaqublu kamerada axtarışa mane olub”.

Qızının vurğulamasına görə, halbuki keçən həftənin şənbə günü, fevralın 21-də keçirilən axtarışa atasının hər hansı maneəsi olmayıb.

Nigar Həzi artıq atasının etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını bildirib.

“İlham Əliyev Vaşinqtonda üzləşdiyi gerçəkliyin heyifini Tofiq Yaqubludan və digər siyasi məhbuslardan çıxır”, – deyə o vurğulayıb.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma 

Fevralın 19-da sosial mediada ABŞ-də yaşayan və Azərbaycan hökumətinin tənqidçilərindən olan mühacirlərin etiraz aksiyasından görüntülər yayılıb. Onlar Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda qaldığı deyilən otelin önündə “siyasi məhbuslara azadlıq”, “Tofiq Yaqubluya” azadlıq şüarları səsləndiriblər.

İ.Əliyev fevralın 19-da Sülh Şurasının ilk iclasında iştirak üçün ABŞ-də səfərdə olub.

Yayılan videoda aksiya iştirakçıları prezidentin mühafizə xidmətinin əməkdaşlarının etirazçılara zor tətbiq etdiyini bildirir. Həmin etirazçılar arasında Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu da olub.
Azərbaycanın Birləşmiş Ştatlardakı (ABŞ) səfirliyi isə bildirib ki, fevralın 19-da prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində “Waldorf Astoria” mehmanxanasının qarşısında “təxribatçı hərəkətlər” törədib.

Səfirliyin bəyanatına görə, prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər: “…Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb”.

AzadlıqRadiosu 

You may also like