Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərlə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Prosesdə təqsirləndirilənlərin şüşə kabindən zala, vəkillərinin yanına keçirilməsi tələbi, həmçinin Bakı İstintaq Təcridxanasında zorakılıq və qısnama iddiaları müzakirə olunub.
Hakim Aytən Əliyevanın sədrlik etdiyi iclasda əvvəlcə müdafiə tərəfi təqsirləndirilən şəxslərin hamısının şüşə kabindən zala keçirilməsini istəyib. Vəsatəti təqsirləndirilən şəxslər də dəstəkləyiblər.
Hakim isə bildirib ki, ötən məhkəmədə təqsirləndirilənlərdən biri stola çıxacağını deyib və bu dəfə eyni aktı etməyəcəklərinə təminat yoxdur.
Jurnalist Aysel Ümüdova söz alaraq ötən məhkəmədə sözünün kəsiləcəyi təqdirdə stolun üstünə çıxacağını dediyini və bunun təqsirləndirilənlərin şüşə kabində saxlanılmasına heç bir aidiyyəti olmadığını bildirib.
Təqsirləndirilənlərdən jurnalist Xəyalə Ağayeva da çıxış edib. O deyib ki, ötən məhkəmədəki etirazlarına görə onlardan izahat tələb edilib və təcridxanada zorakılıqla üzləşdiklərini əlavə edib:
“2 gün əvvəl təcridxanada “şmon” adı altında bizə zorakılıq edilib. Mənim səsim üzləşdiyim zorbalıqda qışqırdıqlarıma görə qısılıb. Əvvəla sizin borcunuzdur ki, təcridxanaya sorğu göndərib zorakılıq faktını araşdırasınız. Bundan başqa, təcridxananın rəisi Elnur İsmayılov bizə dedi ki, növbəti dəfə məhkəmədə bizə akt tərtib olunsa, bizi cərimə kamerasına (“kars”) salmalı olacaq. Mən təklif edirəm ki, lazım olan aktı gecikdirməyəsiniz, bu gün bizimlə bərabər təcridxanaya göndərəsiniz. Çünki bizi nə “kars”la, nə qoluzorlularınızla qorxuda bilərsiniz. Bu məhkəmə boyu pozulan bütün hüquqlarımıza görə etiraz edəcəyik”, – Xəyalə Ağayeva deyib.
Jurnalist Aytac Tapdıq (Əhmədova) isə bildirib ki, hüquqları pozulmaqda davam edərsə, məhkəməyə gəlməkdən imtina edəcəklər:
“Bu, çox alçaldıcı davranışdır. Bizi buradan çıxarın. Hüquqlarım pozularsa, heç bir qüvvə məni buraya gətirə bilməz. Başa düşürəm ki, siz şahmat oyunun piyada fiqurlarısınız, qərarları da siz vermirsiniz. Amma bizi İlham Əliyev susdura bilməyib, siz heç susdura bilməyəcəksiniz”, – jurnalist əlavə edib.
Vəkil Rövşanə Rəhimova hakimin ötən məhkəmələrdə sözügedən vəsatəti təmin etdiyini xatırladıb və müvəkkilləri Aysel Ümüdova ilə Ülviyyə Əlinin (Quliyeva) zalda əyləşdirilməsinin təmin edilməsini istəyib. O əlavə edib ki, Ülviyyə Əli bir sıra xəstəliklərdən əziyyət çəkir və şüşə kabində qalmaq onun səhhətinə daha da zərər verir. Hakim Ülviyyə Əlinin zalda əyləşməsinə icazə versə də, Aysel Ümüdova üçün eyni qərarı verməyib.
Daha sonra vəkil Cavad Cavadov müvəkkilləri Aytac Tapdıq və Nurlan Librenin (Qəhrəmanlı) ev dustaqlığına buraxılması barədə vəsatət verib. Aytac Tapdıq isə söz alaraq ümumiyyətlə ona bəraət verilməsini tələb edib. Hakim bu vəsatəti də təmin etməyib.
Xəyalə Ağayevanın vəkili Nazim Musayev hakimlərin öz verdikləri qərarı yerinə yetirmədiyini əsas gətirərək bütün heyətə etirazını bildirib:
“Eyni məhkəmənin hər dəfə fərqli qərar verməsi qərəzdir və təqsirləndirilənlərə işgəncə olaraq qiymətləndirirəm. Ona görə də məhkəmə heyətinə etiraz edirəm”, – vəkil əlavə edib.
Xəyalə Ağayeva da vəkilinin sözlərinə əlavə olaraq deyib ki, hakimlər etirazları yerinə yetirməzsə, gələn məhkəməni tək keçirməli olacaqlar.
Jurnalist Şəmşad Ağa (Ağayev) da prosesdə söz alaraq bildirib ki, ötən məhkəmədə zalda oturmasa da, bu hüququnun hələ də mövcud olduğunu düşünür. O, məhkəmə və Penitensiar Xidmət arasındakı icra məsələsinə də toxunub:
“Yəqin düşünürsünüz ki, biz nəsə aksiya edəcəyik. Elə bir şey indiki halda olmayacaq. Amma siz hüquqlarımızı pozmağa, sözümüzü kəsməyə davam etsəniz, aksiya da edə bilərik. Siz bizi dinləmirsiniz. Kürdəxanıya nümayəndə göndərirsiniz, etiraz etdiyimizə görə izahat istəyirsiniz. Elə bil, biz bağça uşaqlarıyıq. Bu məhkəmənin iki tərəfi var: biri biz – qondarma ittihamlarla həbs edilən şəxslər, digər tərəfi də sizsiniz. Bir-birimizi saxta da olsa, dinləməliyik.
Heç kimə sözünü keçmir. Qərar qəbul edirsiniz, Penitensiar Xidmət yerinə yetirmir. Məhkəməyə ehtiyac yoxdursa, biz də özümüzə əziyyət verib hər həftə bura gəlməyək.
Çar 2-ci Nikolay o vaxt fərman vermişdi ki, Nekrasov dəlidir, hamı da deyirdi dəlidir. İndi İlham Əliyev də fərman imzalasın ki, Şəmşad bu qədər, Fatimə bu qədər alsın, vəssalam. Ədalət təmin olunmursa, bu məhkəməyə gərək yoxdur. Bilirik ki, normal ölkə deyil, amma bu qədər də yox”, – deyə Şəmşad Ağa çıxışını tamamlayıb.
Hakim heyəti vəsatəti baxılmamış saxlayıb.
Ardınca vəkil Zibeydə Sadıqova müvəkkili Şəmşad Ağanın anasının vəfatını və bacısının ağır xəstəlikdən əziyyət çəkdiyini əsas gətirərək onun ev dustaqlığına buraxılmasını xahiş edib. Məhkəmə bu vəsatəti də təmin etməyib.
İclasda Bakı İstintaq Təcridxanasında zorakılıq iddiaları ilə bağlı da vəsatət qaldırılıb. Vəkil Nazim Musayev fevralın 18-də təcridxanada müvəkkili Xəyalə Ağayeva və Aytac Tapdığın zorakılığa məruz qaldığını bildirərək, məhkəmədən zorakılıq faktının araşdırılmasını, Baş Prokurorluğa təqdimat verilməsini, Penitensiar Xidmət rəhbərliyinin məlumatlandırılmasını və təcridxananın rəis müavini Cavid Güləliyev barəsində cinayət işinin açılmasını istəyib.
Jurnalist Aysel Ümüdova da söz alaraq təcridxanada baş verənlərlə bağlı danışıb. O bildirib ki, rəis müavini Cavid Güləliyev 10 nəfərlə kameralarına daxil olanda o, sanitar qovşağında olub və axtarış-baxış rəisi Əlibala Rəhimli onun “1 dəqiqə gözləyin” deməyinə baxmayaraq, sanitar qovşağın qapısını qıraraq içəri daxil olub. Ümüdova daha sonra belə deyib:
“Bildirmək istəyirəm ki, təcridxanada kişi nəzarətçilər qadın tualetlərinə daxil olurlar. Biz cinsi qısnamaya məruz qalırıq. Rəis müavini Cavid Güləliyev spermasına vurğu edərək “Hər yerdə mənim toxumum var” deyir. Biz özümüzü təhlükəsizlikdə hiss etmirik. Heç kim qarantiya vermir ki, sabah bizi təcridxanada zorlamayacaqlar”.
Hakim bu vəsatəti təmin edib və göndərilən sorğudan sonra insidentlə bağlı qərar veriləcəyini bildirib.
Nazim Musayev hakimin bu qərarına etiraz edib:
“Siz cinayəti törədənə sorğu göndərib, o soğru əsasında qərar vermək istəyirsiniz. Bu, sizin səriştəsizliyinizdən xəbər verir”.
Vəkil Rövşanə Rəhimli əlavə edib ki, zorakılıq hadisəsi baş verən dəhlizdə və nəzarətçilərin üzərində kameralar olub. O, həmin görüntülərin də əldə edilməsi barədə vəsatət verib. Hakim isə kamera görüntülərinə gərək olmadığını əsas gətirərək bu vəsatəti təmin etməyib.
Növbəti məhkəmə prosesinin martın 13-nə təyin edildiyi bildirilib.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre həbs olunub. Mayda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.
AbzasMedia
