Bakıdan kənarda çalışan həkimlərin maaş əlavələrini ala bilmədiyi deyilir

by Gozetci

Bakıdan kənarda fəaliyyət göstərən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müəssisələrdə çalışan bəzi həkimlərin maaş əlavələrini ala bilmədiyi bildirilir.

Problemlə bağlı “Toplum TV”-yə danışan Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov deyir ki, həmin müəssisələrdə çalışan tibb işçilərinin əmək haqlarına əlavələrin verilməsi qanunla nəzərdə tutulsa da, buna illərdir əməl edilmir.

Əhməd Rəhmanov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2020-ci ilin yanvarında təsdiqlədiyi “TƏBİB tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na istinad edir.

Qaydaların 11.1-ci bəndində göstərilir ki, kənd və qəsəbə yerlərindəki sahə xəstəxanalarının və ambulatoriyaların həkimlərinin maaşlarına hər ay “fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq” əlavə ödənilməlidir.

18-1-ci bənddə isə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən tibb müəssisələrində “bəzi ixtisaslar üzrə çalışan həkimlərin əmək haqlarına müvəqqəti həvəsləndirici əlavələrin verilməsi” nəzərdə tutulur.

Problemlə üzləşənlərdən biri Əhməd Rəhmanovun həyat yoldaşı, 2007-ci ildən Zabrat Sağlamlıq Mərkəzində həkim-endokrinoloq kimi çalışan Ülkər Nəzirovadır. O, ötən ay əməkhaqqı əlavələrinin ödənilməsinə məsul olan Bakı Baş Səhiyyə Mərkəzini məhkəməyə verib.

Nəzirova 2020-ci ildən maaşına ödənməli olan əlavələri, həmçinin Əmək Məcəlləsinə istinadən əlavələrin gecikdirildiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində təzminat tələb edib.

Əhməd Rəhmanovun “Toplum TV” ilə bölüşdüyü məhkəmə qərarına əsasən, Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi iddiaya etirazında bildirib ki, sözügedən qaydalarda həkim-endokrinoloq ixtisası üzrə çalışanlara əlavələrin ödənilməsi nəzərdə tutulmayıb.

Prosesə üçüncü şəxs kimi cəlb olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi isə etirazında qeyd edib ki, iddiaçının çalışdığı Zabrat Sağlamlıq Mərkəzi qanunvericilikdə qəsəbə xəstəxanası olaraq müəyyən olunmayıb.

Fevralın 4-də Yasamal Rayon Məhkəməsində hakim Kərim Xudayevin sədrliyi ilə keçirilən prosesdə iddiaçının tələbi rədd edilib. Məhkəmə qərarı belə əsaslandırıb ki, endokrinoloqun iş yeri Nazirlər Kabinetinin 2019-cu ildə təsdiqlədiyi, TƏBİB tabeliyindəki tibb müəssisələrinin siyahısında qəsəbə statuslu deyil, Bakı şəhəri üzrə müəssisə kimi əks olunub.

Əhməd Rəhmanov qərardan apellyasiya şikayəti verəcəklərini deyir. Onun sözlərinə görə, Müstəqil Həmkarlar Birliyinə müxtəlif bölgələrdə çalışan həkimlərdən də maaşlarına əlavələrin verilməməsi ilə bağlı müraciətlər daxil olur.

“Yaxşı, tutaq ki, Zabratı qəsəbə kimi tanımırlar, bəs rayonlardakı həkimlərin əlavələrini ödəməməyi necə əsaslandırırlar? Onlar üçün də deyəcəklər ki Marsda, başqa planetdə çalışırlar? Həkimlərimiz, çox təəssüf ki, haqlarını tələb etmək əvəzinə ölkədən baş götürüb qaçırlar”, – o qeyd edib.

Toplum TV 

You may also like