Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 11:30, 20 Yanvar 2026
written by Gozetci

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli növbəti dəfə səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması üçün vəsatət verib.

“Cinayətləri sübut olunmuş erməni məhbusların Ermənistana təhvil verilməsinə qarşı olsam da, vətəndaş kimi dövlətin humanizm adı ilə bunu etməsini sülh prosesinə töhfə baxımından müsbət qarşılayıram. Mən isə heç bir cinayət törətmədiyim və cəmiyyətin maarifləndirilməsi ilə məşğul olduğum halda burada saxlanılıram”, – o, çıxışında deyib.

Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev da vəsatəti dəstəkləyərək Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyini təsdiqləyib.

“Bir gün gecə saat 12-də bütün korpusa xəbər yayıldı ki, Ələsgər bəyin vəziyyəti pisdir və həkim çağırıldı. Gecə növbəsində çalışan həkimlər isə səriştəsizdir. Şikayətə baxmadan hamıya eyni dərmanı yazırlar, o da uzun müddətdən sonra gəlib çıxır. Səhhəti bu qədər pisləşmiş insanı həbsdə saxlamaqla sizin məqsədiniz onu öldürməkdir”, – o bildirib.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Hakimlər qərarı belə əsaslandırıb ki, Ələsgər Məmmədli azadlıqda olarsa, iş üzrə təqsirləndirilən şəxslərə təsir edə bilər.

Daha sonra təqsirləndirilən şəxslərdən “Toplum TV” redaktoru Müşfiq Cabbar ev dustaqlığına buraxılmaq üçün vəsatət verib.

“İki ilə yaxındır həbsdə saxlanılsam da, hansı ittihamla saxlanıldığım mənə hələ də aydın deyil. Xaricə getməyi sübut kimi təqdim edirlər. Mən isə 6 ildir ölkədən xaricdə olmamışam. Bizə mütəşəkkil dəstə deyirlər, halbuki burada əyləşən Ramil Babayev və [Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı] İlkin Əmrahovu yalnız həbsdən sonra tanımışam”, – o deyib.

Məhkəmə onun da vəsatətini təmin etməyib.

Məhkəmədə həmçinin III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin evində aparılan axtarış zamanı çəkilmiş video nümayiş etdirilib.

Kadrlardan görünür ki, Ruslan İzzətlinin yaşadığı mənzilə səkkiz polis əməkdaşı daxil olur, onun vəkili və ailə üzvləri isə hal şahidi qismində içəri buraxılmır. Yalnız Ruslan İzzətlinin müşayiəti ilə polis əməkdaşları tərəfindən evdən 4 800 avro “tapıldığı” iddia olunur.

Bundan sonra Ruslan İzzətli məhkəmədə çıxış edərək bildirib:

“Məni digərlərindən bir gün sonra həbs ediblər və dostlarımın qaçaqmalçılıqda ittiham olunduğunu bilirdim. Məntiqli sual yaranır: bilirdim ki, mənim də ardımca gələcəklər, niyə pulları başqa yerdə gizlətmədim? Bu, göstərir ki, pulu polis özü mənim evimə yerləşdirib”.

Ardınca, təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov çıxış edərək cinayət işinin yeni açıldığı dövrdə APA da daxil olmaqla bir sıra hökumətyönlü media orqanlarında istintaq materiallarından götürüldüyü iddia olunan yazıların dərc edildiyini xatırladıb.

O, məhkəmədən sözügedən media orqanlarının rəhbərlərinin şahid kimi çağırılmasını, onlardan həmin materialların necə əldə olunduğunun soruşulmasını tələb edib.

Növbəti məhkəmə prosesi fevralın 2-ə təyin olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Toplum TV

11:30, 20 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb

by Gozetci 20:29, 19 Yanvar 2026
written by Gozetci

Zabil Qəhrəmanov

 

Zabil Qəhrəmanovun vəkili Babək Həmidovun “Toplum TV”-yə dediyinə görə, bu barədə yanvarın 17-də Səbail Rayon Məhkəməsində qərar verilib.

Müdafiə tərəfi bu qərarı əsassız hesab etdiyindən yanvarın 19-da apellyasiya şikayəti verib.

Babək Həmidov, həmçinin, bildirib ki, Zabil Qəhrəmanov Gəncə şəhərində saxlanılsa da, sonradan Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin açdığı cinayət işinin istintaqını hazırda Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsi aparır.

Həmçinin ona əlavə ittihamlar irəli sürülüb.

Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Xatırladaq ki, Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Daha öncə – oktyabrın 8-də Vəkillər Kollegiyası Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcəkdi.

Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

20:29, 19 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ülvi Həsənli həbsxanada istilik sistemindən şikayətçidir

by Gozetci 16:45, 19 Yanvar 2026
written by Gozetci

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindəki istilik sistemindən şikayətçidir.

Bu barədə onun həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında yazıb.

Onun sözlərinə görə, istilik sisteminin normal işləməməsi səbəbindən Ülvi Həsənli ötən ilin noyabr ayından indiyədək iki dəfə xəstələnib.

“Penitensiar Xidmətin büdcəsi 2025-ci ildə 200 milyon manat olub. Bura dövlət müəssisəsidir, ya özəl? Əgər 2 ədəd radiator almaq bu qədər qəlizdirsə, mən alaram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, işçilərinizə tapşırarsınız, içəri buraxsınlar!”, – o qeyd edib.

Ülvi Həsənli 2023-cü ilin noyabrında “Abzas Media işi” çərçivəsində həbs olunub.

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.

Toplum TV

16:45, 19 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Meydan TV işi” ilə bağlı növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 14:55, 17 Yanvar 2026
written by Gozetci

 

Yanvarın 16-da Meydan TV ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 12 jurnalistin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktının elanını davam etdirib.

Bu zaman jurnalistlərdən Nurlan Qəhrəmanlı (Libre) bildirib ki, vəsatəti var. Hakim isə ona vəsatətini səsləndirməyə icazə verməyib.

Deyib ki, dövlət ittihamçısının çıxışı kəsilə bilməz.

Nurlan Libre isə etiraz edib: “Onsuz da məni bura zorla gətiriblər”.

O, istintaq təcridxanasında zorakılığa məruz qaldığını bildirib.

Məhkəmənin onun vəsatətinin dinləmək istəmədiyini görən Nurlan Libre zaldakılara elan edib ki, bu gündən aclığa başlayıb:

“Keçən məhkəmədə qolumu kəsəndən sonra təcridxanada iki gün “kars”a salındım. Adi gigiyenik şəraiti olmayan bir yerdə saxlandım. Başıma gələnlərlə bağlı məhkəməyə müraciət üçün iki səhifəlik vəsatət yazmışdım. Vəkillə görüşə gedəndə əlimdən aldılar.

Şikayətimi əlimdən almaq müdafiə hüququmun pozuntusudur. Bu gün 30-a yaxın jurnalist və bloger, Toplum TV, AbzasMedia və Meydan TV-nin onlarla əməkdaşı saxta ittihamlarla həbsdədir. Həmkarlarıma və özümə qarşı baş verənlərə etiraz olaraq, bu gündən müddətsiz aclıq aksiyasına başlayıram”.

Məhkəmə prosesi yanvarın 30-na qədər təxirə salınıb.

Meydan TV 

14:55, 17 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayı 340-a enib

by Gozetci 19:00, 16 Yanvar 2026
written by Gozetci

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq” ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 340 nəfərin adı daxil edilib.

Bu rəqəm birliyin 2025-ci ilin oktyabrında təqdim etdiyi siyahı ilə müqayisədə 52 nəfər azdır.

Siyahını hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov “siyasi məhbus anlayışının Avropa Şurası Parlamentlər Assambleyası tərəfindən müəyyən edilmiş meyarları əsasında” tərtib ediblər.

Yenilənmiş siyahıdakı siyasi məhbus sayılanlar 12 qrupda təsnif ediliblər. Bunlar jurnalistlər və blogerlər (31 nəfər), hüquq müdafiəçiləri (8, müxalif partiya və vətəndaş cəmiyyətinin üzvləri (45), milli azlıqların fəalları (5), müharibə əleyhinə fəallar (2), “Söyüdlü işi” üzrə həbs edilənlər (2), Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər (6), “İmişli işi” üzrə həbs olunanlar (15), inanclılar (192), “Tərtər işi” üzrə məhkum olunanlar (8, “Gəncə işi” üzrə məhkumlar (13) və ömürlük azadlıqdan məhrum edilənlərdir (12).

Son hesabatdan bu vaxta qədərki dövrdə jurnalist Əziz Orucov və hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa buraxılıblar. Həmçinin, dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəyi Kərimli həbsxanada vəfat edib.

Bundan əlavə, amnistiya aktı ilə 2025-ci il dekabrın 22-dən başlayaraq cəza müddətinin bitməsinə 6 ayadək vaxt qalan və 3 ilədək həbs cəzasına məhkum edilmiş şəxslər azadlığa buraxılıblar. Onların arasında İmişli hadisələri üzrə həbs olunan 4 nəfər və 64 inanclı fəal var, lakin onlardan 12 nəfərin adı əvvəlki siyahıda yer almayıb.

Eyni zamanda, bu müddət ərzində AXCP sədri Əli Kərimli, partiya fəalları Məmməd İbrahim, Vüqar Qədirli və Əlixan Rəcəbli həbs olunublar. Həmçinin, hüquq müdafiəçiləri Zabil Qəhrəmanov və Namizəd Səfərov, ictimai fəal Dəyanət Çələbi və bir neçə inanclı fəal da həbs edilib.

Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə insanların siyasi fikirlərinə və ya fəaliyyətlərinə görə həbs olunmadıqlarını bildirir.

Toplum TV 

19:00, 16 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 16:36, 15 Yanvar 2026
written by Gozetci

Azər Qasımlı

 

Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə müdafiə tərəfi Azər Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun ötən prosesdə səsləndirdiyi ifadəyə cavab verib.

Yanvarın 7-də keçirilən prosesdə Qurbanəli Yusifov hakimlərin sualına cavabında demişdi ki, adına əmlak və ya pay torpağı yoxdur. Azər Qasımlı isə 2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrinə təqdim etdiyi sorğuya əsasən aldığı sənədləri məhkəməyə təqdim edib.

Sənədlərdən aydın olub ki, Qurbanəli Yusifovun adına 2020-ci ildən 30 sot pay torpağı olub, lakin o, 2024-cü ildə, Azər Qasımlı onu borca görə məhkəməyə verməzdən qısa müddət öncə pay torpağını anasının adına keçirib.

“Mənim məqsədim onun torpaq sahəsini əlindən almaq deyil, çünki hazırki məhkəmə prosesinin predmetinin bu mövzu olmadığını başa düşürəm. Lakin biz bu şəxsin yalanlarını bir-bir yığıb sübut etməklə göstərmək istəyirik ki, o, hakimləri aldadır”, – Azər Qasımlı deyib.

Daha sonra Azər Qasımlının vəkili Aqil Layıc vəsatət qaldırıb. O, 2024-cü ilin mart-aprel aylarında Mingəçevir Şəhər Məhkəməsində keçirilən, Qurbanəli Yusifovun siyasətçiyə borclu olması barədə işin videogörüntülərinə prosesdə baxılmasını istəyib.

“Həmin məhkəmədə Qurbanəli Yusifov özü iştirak etməsə də, atası ifadə verərək Azər Qasımlıya sonsuz hörmətləri olduğunu deyib və oğlunun borcu olduğunu etiraf edib. O xahiş etmişdi ki, Azər Qasımlı şikayətini geri götürsün və demişdi ki, oğlu borcunu hissə-hissə qaytaracaq. Hazırki prosesdə isə eyni şəxs iki ay əvvəl ifadə verərək, oğluna istinadən iddia edib ki, 2023-cü ildə Azər Qasımlı onu öldürməklə və nəvəsini oğurlamaqla təhdid edib. Belə bir şey olmuşdusa, o, niyə bunları Mingəçevir məhkəməsində deməyib?”, – vəkil sual edib.

Məhkəmə sözügedən şəxsin prosesdə artıq ifadə verdiyini əsas gətirərək vəsatəti təmin etməyib.

Ardınca çıxış edən daha bir vəkil Rövşanə Rəhimli də məhkəməyə vəsatət verib. O, Qurbanəli Yusifovla birgə hərbi xidmətdə olmuş dostu Tehran Salmanov və Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın məhkəməyə şahid kimi çağırılmasını istəyib.

Vəkilin sözlərinə görə, Qurbaəli Yusifov Tehran Salmanovla messencer üzərindən yazışmasında Azər Qasımlının borc məsələsində “hüquqi yola əl atdığını, ona görə də ona bu yolla cavab verdiyini” deyib. Vəkil Qurbanəli Yusifovun “bu yol” dedikdə nəyi nəzərdə tutduğunu aydınlaşdırmalı olduğunu bildirib.

Fərəhbanu Yusifovaya gəldikdə isə, Rövşanə Rəhimli Qurbanəli Yusifovun istintaqa verdiyi ifadəyə istinad edərək bildirib ki, o, Azər Qasımlını onun “ailəsini dağıtmaqda, təhdidlər edərək yoldaşının ondan ayrılmasına səbəb olmaqda” ittiham edib.

Hakim hər iki şəxsin məhkəmədə dindirilməsi ilə bağlı vəsatəti təmin edib.

Növbəti proses yanvarın 21-də baş tutacaq.

Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında Azər Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən Azər Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, – o bildirib.

Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Qurbanəli Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Qurbanəli Yusifov bununla bağlı qəbz də imzalayıb.

Lakin sonradan Qurbanəli Yusifov ölkəni tərk edib və Azər Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Azər Qasımlının xeyrinə qərar çıxarıb.

“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya Azər Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, – Samirə Qasımlı deyib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs edilməsi ilə bağlı tapşırıq alan hüquq-mühafizə orqanları işi yenidən açıblar.

Toplum TV 

16:36, 15 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə həbsdə olan AXCP üzvü Novruz Tağıyevi ev dustaqlığına buraxmayıb

by Gozetci 20:26, 14 Yanvar 2026
written by Gozetci

Novruz Tağıyev

 

Yanvarın 14-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi, həbsdə olan AXCP fəalı Novruz Tağıyevin məhkəmə prosesi keçirilib.

“Azadlıq” qəzetinin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə Novruz Tağıyevin vəkili Nemət Kərimli məhkəməyə üç vəsatət təqdim edib. Bunlar cinayət işinə xitam verilməsi, seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və təqsirləndirilən şəxsin məhkəmə prosesində şüşə qəfəsdən çıxarılıb vəkilin yanında əyləşməsi ilə bağlı olub.

Hakimlər müşavirədən sonra yalnız sonuncu vəsatəti təmin ediblər.

Növbəti proses yanvarın 21-i saat 12.00-yə təyin edilib.

Novruz Tağıyev ötən il mayın 20-də polis tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrda isə o, əlavə olaraq Cinayət Məcəlləsinin 320-ci maddəsi (vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaq) ilə təqsirləndirilib.

Əli Kərimli saxlanıldığı vaxt Novruz Tağıyevə qarşı ittihamı “qurama, məqsədli üzədurma” adlandırmışdı.

Hazırda Əli Kərimli də daxil olmaqla AXCP-nin 20-yə yaxın üzvü həbsdədir.

Toplum TV

20:26, 14 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan Vaqif Xaçatryan və daha üç nəfəri Ermənistana təhvil verib

by Gozetci 18:30, 14 Yanvar 2026
written by Gozetci

Vaqif Xaçatryan

 

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa uyğun olaraq Azərbaycanda cəza çəkən 4 nəfər – 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasında ittiham edilən Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcianı Ermənistana təhvil verilib.

APA-nın xəbərinə görə, məhkumlar Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.

Vaqif Xaçatryan 2023-cü il iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

O, həmin vaxt müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istədiyini bildirmişdi.

O zaman Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırmış, Qarabağ sakininin saxlanmasını “adam oğurluğu” adlandırmışdı.

Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın Meşəli kəndində azərbaycanlıların kütləvi qətliamı ilə əlaqədar hələ 2013-cü ilin noyabrından Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışda olduğunu bəyan edib.

2023-cü ilin ilin noyabrında Bakı Hərbi Məhkəməsi onun barəsində 15 il həbs qərarı verib.

Xocalı rayonunun Meşəli kəndinə silahlı hücum 1991-ci il dekabrın 23-də səhər saatlarında baş verib. Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358-nin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Toplum TV 

18:30, 14 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM: “Azərbaycan Elgiz Qəhrəmanın işində Konvensiyanın 3, 5, 6 və 18-ci maddələrini pozub”

by Gozetci 10:03, 14 Yanvar 2026
written by Gozetci

Elgiz Qəhrəman

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Elgiz Qəhrəmanın şikayəti üzrə qərarında Azərbaycanın onun barəsində polis zorakılığı iddialarını effektiv araşdırmadığını, həbs və saxlanmanın əsaslı şübhə olmadan aparıldığını və məhkəmə araşdırmasının ədalətli keçirilmədiyini bildirib

AİHM-in Komitəsi “Qəhrəman Azərbaycana qarşı” işi üzrə 2025-ci il dekabrın 2-də qərar qəbul edib. Qərar yanvarın 13-də yazılı şəkildə elan olunub.

Məhkəmə materiallarına görə, hadisələr zamanı Elgiz Qəhrəman NİDA vətəndaş hərəkatının üzvü olub. İşin başlanğıcı kimi, 2016-cı ilin iyulunda konstitusiya dəyişiklikləri müzakirələri fonunda – prezidentliyə namizədlər üçün minimum yaş tələbinin aradan qaldırılması ideyası ilə bağlı açıqlamalar və bununla bağlı mediada yayılan şərhlər göstərilir. Həmin gün Qəhrəman Facebook hesabında “İnşallah, ömrü Şah İsmayılınkı qədər qısa olar” məzmunlu paylaşım edib. O, sonradan hakimiyyətin bunu prezidentin oğlu ilə bağlı eyham kimi yozduğunu bildirib.

Qəhrəman 2016-cı il avqust 12-də saxlandığını, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və narkotikin ona zorla qoyulduğunu bildirib. Rəsmi tərəf isə onun üzərində küçədə aparılan axtarış zamanı 3,315 qram heroin aşkarlandığını iddia edib.

Qəhrəman polis nəzarətində zorakılığa məruz qaldığını, bu səbəbdən özünə qarşı ifadələr verdiyini deyib və şikayət edib. AİHM qeyd edib ki, şikayət səlahiyyətli orqanlara gec ötürülüb, tibbi müayinə isə iddia edilən zorakılıqdan 40 gündən çox sonra aparılıb. Məhkəmənin qənaətincə, bu gecikmələr araşdırmanın effektivliyinə ciddi zərbə vurub. Həmçinin yerli orqanların polis əməkdaşları ilə şikayətçinin ifadələri arasındakı ziddiyyəti aradan qaldırmaq üçün üzləşdirmə aparmaması, digər mümkün şahidlərin dindirilməməsi də tənqid olunub.

Nəticədə AİHM Konvensiyanın 3-cü maddəsinin (işgəncənin və qeyri-insani rəftarın qadağanı) prosessual hissəsinin, yəni, zorakılıq iddialarının effektiv araşdırılması öhdəliyinin pozulduğunu tanıyıb. Bununla yanaşı, Məhkəmə təqdim edilən sübutların çatışmazlığı səbəbindən Qəhrəmanın iddia etdiyi zorakılığın baş verdiyini “ağlabatan şübhədən kənar” standartla təsdiqləyə bilmədiyini bildirərək 3-cü maddənin maddi hissəsi üzrə pozuntu müəyyən etməyib.

AİHM həmçinin Qəhrəmanın istintaq dövründə məhkəmə iclasında metal qəfəsdə saxlanılması ilə bağlı şikayətini əsaslı sayıb və bunu alçaldıcı rəftar kimi qiymətləndirərək Konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi tanıyıb.

Məhkəmə qərarında Qəhrəmanın həbs və saxlanmasının Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olduğunu göstərib. Qərarda vurğulanıb ki, iş materiallarında narkotik dövriyyəsi ilə bağlı “operativ məlumatın” necə əldə edilməsi, mənbənin kimliyi və məlumatın etibarlılığı kimi məsələlər aydın görünmür; istintaq isə əsasən axtarış əməliyyatları ilə məhdudlaşıb və Qəhrəmanın narkotik alverinə aidliyini göstərən əlavə dəlillər ortaya qoyulmayıb.

AİHM əlavə edib ki, hökm həlledici dərəcədə axtarış zamanı tapıldığı deyilən fiziki sübuta – heroinə söykənib, lakin həmin sübutun əldə edilməsi şəraiti və etibarlılığı ilə bağlı iradlar yerli məhkəmələr tərəfindən lazımi qaydada qiymətləndirilməyib. Buna görə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə də pozuntu müəyyən edib.

Elgiz Qəhrəman həmçinin həbsin əsl məqsədinin onu sosial-siyasi fəallığına və NİDA-dakı fəaliyyətinə görə cəzalandırmaq olduğunu deyib. AİHM bu şikayəti Konvensiyanın 18-ci maddəsi (hüquqların məhdudlaşdırılmasının nəzərdə tutulmayan məqsədlərlə tətbiqi) ilə 5-ci maddə birlikdə qiymətləndirib və pozuntu aşkar edib.

Məhkəmə Azərbaycanın Elgiz Qəhrəmana mənəvi zərərə görə 10 min avro, məhkəmə xərcləri üçün isə 2 054,81 avro ödəməsinə qərar verib. Xərclər üzrə məbləğin birbaşa onun nümayəndəsi – vəkil Fariz Namazlının bank hesabına köçürülməsi göstərilib. Ödənişlər 3 ay müddətində edilməlidir; gecikmə olarsa, Avropa Mərkəzi Bankının dərəcəsi üzərinə əlavə faiz hesablanacaq.

AİHM qalan şikayətlər üzrə ayrıca baxılmasına ehtiyac görmədiyini bildirib.

AbzasMedia

10:03, 14 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb

by Gozetci 16:21, 13 Yanvar 2026
written by Gozetci

Fuad Qəhrəmanlı

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa ifadə verməsi üçün çağırılıb.

Siyasətçi bu barədə yanvarın 12-də sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, DTX-nin İstintaq İdarəsindən telefon zəngi ilə onun sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar çağırıldığı deyilib. O isə ölkədə olmadığını, yalnız zəng vasitəsilə suallara cavab verə biləcəyini deyib.

“Mən hara, Ramiz Mehdiyev hara… Ramiz Mehdiyevin dövründə 4 dəfə siyasi sifarişlə şərlənərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Özüm ölkədə olmasam da, Ramiz Mehdiyevə qarşı yazdığım yazılarda əslində mənə ünvanlanacaq bütün suallara lazım olan bütün cavablar var”, – Fuad Qəhrəmanlı qeyd edib.

Ramiz Mehdiyevə qarşı ötən ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılıb, barəsində ev dustaqlığı qərarı verilib.

Xatırladaq ki, eyni iş çərçivəsində AXCP sədri Əli Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim dekabrın 1-də həbs olunublar.

Habelə, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilmək üçün Türkiyədə saxlanılıb. Sabiq baş nazir müavini Abbas Abbasov barəsində isə axtarış elan olunub.

Ramiz Mehdiyevin və Abbas Abbasovun ittihamlara münasibəti məlum deyil.

Digərləri isə ittihamları rədd edir, müxalif fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Toplum TV

16:21, 13 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

  • Azər Qasımlıya 12 il həbs cəzası verilib

  • Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb

  • Bəşir Süleymanlıya ağır itki

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
19:49, 12 Mart 2026
Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib
22:00, 11 Mart 2026
Azər Qasımlıya 12 il həbs cəzası verilib
17:32, 11 Mart 2026
Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb
19:46, 09 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia