Vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb

by Gozetci

Zabil Qəhrəmanov

 

Zabil Qəhrəmanovun vəkili Babək Həmidovun “Toplum TV”-yə dediyinə görə, bu barədə yanvarın 17-də Səbail Rayon Məhkəməsində qərar verilib.

Müdafiə tərəfi bu qərarı əsassız hesab etdiyindən yanvarın 19-da apellyasiya şikayəti verib.

Babək Həmidov, həmçinin, bildirib ki, Zabil Qəhrəmanov Gəncə şəhərində saxlanılsa da, sonradan Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin açdığı cinayət işinin istintaqını hazırda Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsi aparır.

Həmçinin ona əlavə ittihamlar irəli sürülüb.

Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Xatırladaq ki, Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Daha öncə – oktyabrın 8-də Vəkillər Kollegiyası Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcəkdi.

Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

You may also like