Ülvi Həsənli həbsxanada istilik sistemindən şikayətçidir

by Gozetci

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindəki istilik sistemindən şikayətçidir.

Bu barədə onun həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında yazıb.

Onun sözlərinə görə, istilik sisteminin normal işləməməsi səbəbindən Ülvi Həsənli ötən ilin noyabr ayından indiyədək iki dəfə xəstələnib.

“Penitensiar Xidmətin büdcəsi 2025-ci ildə 200 milyon manat olub. Bura dövlət müəssisəsidir, ya özəl? Əgər 2 ədəd radiator almaq bu qədər qəlizdirsə, mən alaram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, işçilərinizə tapşırarsınız, içəri buraxsınlar!”, – o qeyd edib.

Ülvi Həsənli 2023-cü ilin noyabrında “Abzas Media işi” çərçivəsində həbs olunub.

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.

Toplum TV

You may also like