“Meydan TV işi” ilə bağlı növbəti məhkəmə prosesi keçirilib

by Gozetci

 

Yanvarın 16-da Meydan TV ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 12 jurnalistin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktının elanını davam etdirib.

Bu zaman jurnalistlərdən Nurlan Qəhrəmanlı (Libre) bildirib ki, vəsatəti var. Hakim isə ona vəsatətini səsləndirməyə icazə verməyib.

Deyib ki, dövlət ittihamçısının çıxışı kəsilə bilməz.

Nurlan Libre isə etiraz edib: “Onsuz da məni bura zorla gətiriblər”.

O, istintaq təcridxanasında zorakılığa məruz qaldığını bildirib.

Məhkəmənin onun vəsatətinin dinləmək istəmədiyini görən Nurlan Libre zaldakılara elan edib ki, bu gündən aclığa başlayıb:

“Keçən məhkəmədə qolumu kəsəndən sonra təcridxanada iki gün “kars”a salındım. Adi gigiyenik şəraiti olmayan bir yerdə saxlandım. Başıma gələnlərlə bağlı məhkəməyə müraciət üçün iki səhifəlik vəsatət yazmışdım. Vəkillə görüşə gedəndə əlimdən aldılar.

Şikayətimi əlimdən almaq müdafiə hüququmun pozuntusudur. Bu gün 30-a yaxın jurnalist və bloger, Toplum TV, AbzasMedia və Meydan TV-nin onlarla əməkdaşı saxta ittihamlarla həbsdədir. Həmkarlarıma və özümə qarşı baş verənlərə etiraz olaraq, bu gündən müddətsiz aclıq aksiyasına başlayıram”.

Məhkəmə prosesi yanvarın 30-na qədər təxirə salınıb.

Meydan TV 

You may also like