
Novruz Tağıyev
Yanvarın 14-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi, həbsdə olan AXCP fəalı Novruz Tağıyevin məhkəmə prosesi keçirilib.
“Azadlıq” qəzetinin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə Novruz Tağıyevin vəkili Nemət Kərimli məhkəməyə üç vəsatət təqdim edib. Bunlar cinayət işinə xitam verilməsi, seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və təqsirləndirilən şəxsin məhkəmə prosesində şüşə qəfəsdən çıxarılıb vəkilin yanında əyləşməsi ilə bağlı olub.
Hakimlər müşavirədən sonra yalnız sonuncu vəsatəti təmin ediblər.
Növbəti proses yanvarın 21-i saat 12.00-yə təyin edilib.
Novruz Tağıyev ötən il mayın 20-də polis tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 178.2-ci (dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrda isə o, əlavə olaraq Cinayət Məcəlləsinin 320-ci maddəsi (vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma və ya qanunsuz hazırlama, satmaq) ilə təqsirləndirilib.
Əli Kərimli saxlanıldığı vaxt Novruz Tağıyevə qarşı ittihamı “qurama, məqsədli üzədurma” adlandırmışdı.
Hazırda Əli Kərimli də daxil olmaqla AXCP-nin 20-yə yaxın üzvü həbsdədir.
Toplum TV