
Azər Qasımlı
Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə müdafiə tərəfi Azər Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun ötən prosesdə səsləndirdiyi ifadəyə cavab verib.
Yanvarın 7-də keçirilən prosesdə Qurbanəli Yusifov hakimlərin sualına cavabında demişdi ki, adına əmlak və ya pay torpağı yoxdur. Azər Qasımlı isə 2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrinə təqdim etdiyi sorğuya əsasən aldığı sənədləri məhkəməyə təqdim edib.
Sənədlərdən aydın olub ki, Qurbanəli Yusifovun adına 2020-ci ildən 30 sot pay torpağı olub, lakin o, 2024-cü ildə, Azər Qasımlı onu borca görə məhkəməyə verməzdən qısa müddət öncə pay torpağını anasının adına keçirib.
“Mənim məqsədim onun torpaq sahəsini əlindən almaq deyil, çünki hazırki məhkəmə prosesinin predmetinin bu mövzu olmadığını başa düşürəm. Lakin biz bu şəxsin yalanlarını bir-bir yığıb sübut etməklə göstərmək istəyirik ki, o, hakimləri aldadır”, – Azər Qasımlı deyib.
Daha sonra Azər Qasımlının vəkili Aqil Layıc vəsatət qaldırıb. O, 2024-cü ilin mart-aprel aylarında Mingəçevir Şəhər Məhkəməsində keçirilən, Qurbanəli Yusifovun siyasətçiyə borclu olması barədə işin videogörüntülərinə prosesdə baxılmasını istəyib.
“Həmin məhkəmədə Qurbanəli Yusifov özü iştirak etməsə də, atası ifadə verərək Azər Qasımlıya sonsuz hörmətləri olduğunu deyib və oğlunun borcu olduğunu etiraf edib. O xahiş etmişdi ki, Azər Qasımlı şikayətini geri götürsün və demişdi ki, oğlu borcunu hissə-hissə qaytaracaq. Hazırki prosesdə isə eyni şəxs iki ay əvvəl ifadə verərək, oğluna istinadən iddia edib ki, 2023-cü ildə Azər Qasımlı onu öldürməklə və nəvəsini oğurlamaqla təhdid edib. Belə bir şey olmuşdusa, o, niyə bunları Mingəçevir məhkəməsində deməyib?”, – vəkil sual edib.
Məhkəmə sözügedən şəxsin prosesdə artıq ifadə verdiyini əsas gətirərək vəsatəti təmin etməyib.
Ardınca çıxış edən daha bir vəkil Rövşanə Rəhimli də məhkəməyə vəsatət verib. O, Qurbanəli Yusifovla birgə hərbi xidmətdə olmuş dostu Tehran Salmanov və Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın məhkəməyə şahid kimi çağırılmasını istəyib.
Vəkilin sözlərinə görə, Qurbaəli Yusifov Tehran Salmanovla messencer üzərindən yazışmasında Azər Qasımlının borc məsələsində “hüquqi yola əl atdığını, ona görə də ona bu yolla cavab verdiyini” deyib. Vəkil Qurbanəli Yusifovun “bu yol” dedikdə nəyi nəzərdə tutduğunu aydınlaşdırmalı olduğunu bildirib.
Fərəhbanu Yusifovaya gəldikdə isə, Rövşanə Rəhimli Qurbanəli Yusifovun istintaqa verdiyi ifadəyə istinad edərək bildirib ki, o, Azər Qasımlını onun “ailəsini dağıtmaqda, təhdidlər edərək yoldaşının ondan ayrılmasına səbəb olmaqda” ittiham edib.
Hakim hər iki şəxsin məhkəmədə dindirilməsi ilə bağlı vəsatəti təmin edib.
Növbəti proses yanvarın 21-də baş tutacaq.
Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.
Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.
“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında Azər Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən Azər Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, – o bildirib.
Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Qurbanəli Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Qurbanəli Yusifov bununla bağlı qəbz də imzalayıb.
Lakin sonradan Qurbanəli Yusifov ölkəni tərk edib və Azər Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Azər Qasımlının xeyrinə qərar çıxarıb.
“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya Azər Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, – Samirə Qasımlı deyib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs edilməsi ilə bağlı tapşırıq alan hüquq-mühafizə orqanları işi yenidən açıblar.
Toplum TV