Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi jurnalist Xədicə İsmayılın işi üzrə Azərbaycanı 16 min avro cərimələyib

by Gozetci 18:18, 27 Yanvar 2026
written by Gozetci

Xədicə İsmayıl

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycanla bağlı şikayəti üzrə qərar qəbul edib. Qərar yanvarın 27-də yazılı şəkildə elan olunub. Məhkəmə işi iki ərizə üzrə birləşdirərək araşdırıb.

Qərarda bildirilir ki, Xədicə İsmayıl yerli məhkəmələrdəki cinayət işinin ədalətsiz aparıldığını, həmçinin “qanunsuz sahibkarlıq” ittihamı ilə məhkum edilməsinin daxili qanunvericilikdə bu hərəkətlərin cinayət tərkibi kimi nəzərdə tutulmaması səbəbilə qanunsuz olduğunu iddia edib. O, eyni zamanda təqib və məhkumluğun ifadə azadlığını məhdudlaşdırdığını və bu məhdudiyyətin Konvensiyada göstərilən legitim məqsədlərdən kənar tətbiq edildiyini bildirib.

AİHM qeyd edir ki, ərizəçi tənqidi araşdırmaları ilə tanınan jurnalistdir və korrupsiya iddiaları ilə bağlı materiallar hazırlayıb. Yerli istintaq çərçivəsində ona əvvəlcə intihara təhrik maddəsi ilə ittiham irəli sürülüb, daha sonra əlavə olaraq mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri də tətbiq olunub.

2015-ci ildə birinci instansiya məhkəməsi onu intihara təhrik ittihamından bəraət verib, lakin digər maddələr üzrə təqsirli sayıb. Daha sonrakı mərhələlərdə Ali Məhkəmə bəzi hissələri ləğv edib, yekunda isə işin əsas hissəsi “akkreditasiyasız jurnalist fəaliyyəti” və “vergidən yayınma” müstəvisində saxlanılıb, cəza azaldılıb və şərti tətbiq olunub. Qərarda qeyd olunur ki, azadlığa buraxılma şərtləri faktiki olaraq səyahət qadağasına səbəb yaradıb.

AİHM vurğulayır ki, cinayət qanunu aydın, əlçatan və proqnozlaşdırıla bilən olmalıdır və məhkəmələr cinayət tərkibini təqsirləndirilənin ziyanına geniş və gözlənilməz şəkildə şərh etməməlidir.

AİHM-in qənaətinə görə, Xədicə İsmayılın “xarici media nümayəndəsi” kimi XİN akkreditasiyası olmadan fəaliyyətini “qanunsuz sahibkarlıq” kimi qiymətləndirmək yerli qanunvericilikdə yetərincə aydın hüquqi əsas tapmırdı. Məhkəmə xüsusilə qeyd edib ki, ərizəçi həmin dövrdə “Azadlıq Radiosu”nun ştat işçisi yox, frilans jurnalist olduğunu deyirdi və yerli məhkəmələr bu arqumenti müvafiq şəkildə cavablandırmayıb. “Media haqqında” qanunda akkreditasiya daha çox əlavə imkanlara çıxış verən prosedur kimi təqdim olunur və akkreditasiyanın olmamasına görə məsuliyyətin açıq şəkildə nəzərdə tutulmaması fonunda, bu halın cinayət məsuliyyətinə çevrilməsi proqnozlaşdırılan deyildi.

Nəticədə AİHM Konvensiyanın 7-ci maddəsinin pozuntusunu tanıyıb. AİHM həm “qanunsuz sahibkarlıq”, həm də “vergidən yayınma” epizodları üzrə yerli məhkəmələrin qərarlarında əsaslandırmanın zəif olduğunu, müdafiənin mühüm arqumentlərinə ya ümumiyyətlə toxunulmadığını, ya da stereotip və ümumi ifadələrlə rədd edildiyini qeyd edib. Məhkəmənin qənaətinə görə, bu cür “arbitrar” yanaşma prosesin ədalətliliyini elə dərəcədə zədələyib ki, digər prosessual təminatların ayrıca müzakirəsi də zərurətini itirib.

AİHM 6-cı maddənin (1-ci bənd) də pozulduğunu diqqətə çatdırıb. AİHM bildirib ki, ittihamlardan ən azı biri jurnalistin peşə fəaliyyətinin icrasına birbaşa bağlıdır və buna görə bu işdə ifadə azadlığına müdaxilə elementləri mövcuddur. Məhkəmə hadisələrin ardıcıllığını və əvvəlki AİHM qərarlarında qeyd olunan konteksti nəzərə alaraq belə nəticəyə gəlib ki, cinayət təqibi və yekun məhkumluq ifadə azadlığına müdaxilə təşkil edib və bu müdaxilə qanunla nəzərdə tutulmuş sayılmır, legitim məqsədlərə xidmət etdiyi inandırıcı şəkildə əsaslandırılmır, demokratik cəmiyyətdə zəruri kimi göstərilmir.

Bundan əlavə, məhkəmə bu müdaxilənin Konvensiyada nəzərdə tutulmayan başqa məqsədlə – jurnalistin fəaliyyətini susdurmaq-cəzalandırmaq niyyəti ilə tətbiq edildiyi qənaətinə gəlib.

Nəticə: AİHM 10-cu maddənin və 18-ci maddənin (10-cu maddə ilə birlikdə) pozuntusunu tanıyıb.

Məhkəmə Azərbaycanın Xədicə İsmayıla mənəvi zərərə görə 12 min avro, məhkəmə xərcləri üçün isə 4000 avro ödəməsinə qərar verib. Ödənişlər qərar qüvvəyə mindikdən sonra 3 ay ərzində edilməlidir. Gecikmə olarsa, Avropa Mərkəzi Bankının marjinal kredit dərəcəsi üzərinə 3 faiz bəndi əlavə olunmaqla faiz tətbiq edilir.

Jurnalist Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamları ilə həbs olunaraq 7 il yarım azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Xədicə İsmayıl ittihamları qəbul etmirdi və araşdırma yazılarına görə əsassız həbs edildiyini bildirirdi.

Avropa İnsan Hüquqları Məhkəməsi bundan əvvəl də Xədicə İsmayılla bağlı bir neçə qərar qəbul edib.

2013-cü ildə aksiyalardan birində iştirakına görə jurnalist cərimələnən Xədicə İsmayıl barəsində həmin cəriməni ödəməkdən etdiyinə görə 220 saat icbari əməyə cəlb olunması haqqında qərar verilib.

Jurnalist bundan AİHM-ə şikayət verib. 2017-ci ildə AİHM Konvensiyanın 5, (Azadlıq və toxunulmazlıq), 6 ( Ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) maddələrin pozulmasını tanıyıb, Xədicə İsmayıla 7 min məbləğində kompensasiya təyin edib.

2019-cu ilin yanvarında AİHM araşdırmaçı jurnalist X.İsmayılın Azərbaycan hökumətindən şikayəti ilə bağlı ikinci qərarını elan edib. Bu iş jurnalistin videogörüntülərinin yayılması nəticəsində Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır. Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.

2020-ci il fevralın 27-də AİHM Xədicə İsmayılla bağlı növbəti qərarını açıqlamışdı. Məhkəməyə şikayət onun tutulması, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması və 7 il yarım azadlıqdan məhrum edilməsi ilə bağlı olub. Məhkəmə Xədicə İsmayılın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri üzrə hüquqlarının pozuntusunu tanıyıb.

Elə həmin il, mayın 7-də AİHM Xədicə İsmayılın işi üzrə növbəti qərarını elan edib. Bu iş Xədicə İsmayılın ləyaqətinə qarşı Azərbaycandakı nəşrlərlə bağlı olub.

Jurnalist 2014-cü ildə AİHM-in şəxsi həyatın toxunulmazlığı (8-ci maddə) və ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddə) pozulması ilə bağlı şikayət verib. Məhkəmə jurnalistin şikayətini təmin edib və Azərbaycan hökumətinin üzərinə ona mənəvi ziyana görə 4500 avro, vəkil xərclərinə görə isə 1500 avro təzminat ödəmək öhdəliyi qoyub.

AbzasMedia

18:18, 27 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ali Məhkəmə Möhyəddin Orucovun kassasiya şikayətini təmin etməyib

by Gozetci 15:26, 27 Yanvar 2026
written by Gozetci

Möhyəddin Orucov

 

Yanvarın 27-də Ali Məhkəmədə “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov barəsində çıxarılmış hökmə verilən kassasiya şikayəti üzrə baxış keçirilib.

“APA”nın məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda Orucovun vəkili Nazim Musayev müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Lakin məhkəmə kassasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs olunub. Azadlığa buraxıldıqdan qısa müddət sonra, 2023-cü il dekabrın 13-də yenidən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Orucov ittihamı qəbul etməyib, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Orucov məhkəmədə ifadəsində deyib ki, anbardar işlədiyi “ATEF” Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması ilə bağlı şikayətləri qaldırdığı üçün əvvəlcə inzibati qaydada həbs edilib. Onun sözlərinə görə, azadlığa buraxıldıqdan sonra Suraxanı rayonundakı 32-ci polis bölməsində baş verənlərlə bağlı müsahibə verməsi və ardınca şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində yenidən həbs olunması ilə üzləşib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Orucova qarşı ittihamı qismən yüngülləşdirərək ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

AbzasMedia

15:26, 27 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Rüfət Səfərov prokurora: “Qanunsuzluq təqsirsiz adamı həbs etmək, saxta ittihamı müdafiə etməkdir”

by Gozetci 12:23, 27 Yanvar 2026
written by Gozetci

Rüfət Səfərov

 

Yanvarın 26-da hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş qismində tanınan Natiq İmanquliyev müdafiə tərəfinin suallarını cavablandırıb.

İddiaya əsasən, Natiq İmanquliyev torpaq sahəsi almaq məqsədilə Rüfət Səfərova 60 min manat verib. Onun sözlərinə görə, nə torpaq sahəsi alınıb, nə də pul geri qaytarılıb. Zərərçəkmiş iddia edir ki, 2024-cü il dekabrın 3-də pulunu geri tələb edərkən aralarında mübahisə yaranıb və o, xəsarət alıb.

Müdafiə tərəfinin suallarını cavablandıran Natiq İmanquliyev bildirib ki, xəsarəti ona Rüfət Səfərov yetirib. Vəkillər isə diqqəti ona yönəldiblər ki, əgər fiziki qarşıdurma olubsa və zərərçəkmişin dediyi kimi ona ciddi xəsarət yetirilibsə, bu halda Rüfət Səfərovun əlində izlərin olmaması necə izah olunur. Natiq İmanquliyev bu suala cavab verə bilməyib.

Zərərçəkmiş eyni zamanda xəstəxanada tibbi müayinədən keçmədiyini də bildirib. Vəkil Elçin Sadıqov hakimlərin nəzərinə çatdırıb ki, şəxs müayinədən keçmədiyini dediyi halda, onunla bağlı tibbi rəyin hazırlanması sual doğurur.

Prosesdə müdafiə tərəfinin zərərçəkmişə pulun mənbəyi barədə sualı mübahisəyə səbəb olub. Vəkil Rövşanə Rəhimli Natiq İmanquliyevə belə sual ünvanlayıb: “Deyirsiniz ki, əvvəl 60 min manat verib torpaq sahəsi almısınız. Dediyinizə görə, sonra yenə də torpaq almaq üçün Rüfət Səfərova daha 60 min vermisiniz. Fəhlə adamsınız, qısa müddətdə 120 min manat sizdə haradan idi?”

Prokuror Vüsal Mehrəliyev sualın baxılan cinayət işinə aidiyyəti olmadığını əsas gətirərək onun çıxarılmasını istəyib. Rüfət Səfərov buna etiraz edəndən sonra prokuror sualı “qanunsuz” adlandırıb.

Rüfət Səfərov isə prokurora belə cavab verib: “Qanunsuzluq bilirsiniz nədir? Qanunsuzluq təqsirsiz adamı həbs etməkdir. Qanunsuzluq saxta ittihamı müdafiə etməkdir. Özünüz də yaxşı bilirsiniz ki, onun nəinki 120 mini, heç 120 manatı yoxdur. Mənə nəinki pul verməyib, məni heç görməyib. Yenə də bu ittihamı müdafiə etməyi özünüzə sığışdırırsınız”.

Hüquq müdafiəçisi məhkəmədə çıxışı zamanı bildirib ki, atası Eldar Sabiroğlu “bu hakimiyyətin qurucularından biri” olsa da, özü atasının mövqeyi ilə razılaşmayıb. Onun sözlərinə görə, 2015-ci ildə prokurorluqda müstəntiq vəzifəsindən istefası da ölkədə insan hüquq və azadlıqlarının boğulmasına etirazla bağlı olub.

“Onları dəli edən budur ki, necə ola bilər, hakimiyyətin qurulmasında birbaşa xidmətləri olan bir insanın övladı asi çıxır, etiraz edir?! Bunu mənə bağışlamadılar. 10 il ərzində dəfələrlə həbs etdilər, özümün, ailə üzvlərimin başına elə iyrənc işlər gətirdilər. Açığı, mən bu qədərini gözləmirdim”, – Səfərov bildirib.

O əlavə edib ki, 2015-ci ildən bəri müxtəlif təzyiqlərlə üzləşsə də, qərarından peşman deyil: “Bu gün biz tiranlığın içindəyik. Bəlkə də, sadəlövhcə görünər, böyük bir tiranlıqda Rüfət təkbaşına hüquq mübarizəsi aparır. Olsun. Əminəm ki, günün birində haqq qələbə çalacaq”.

Məhkəmə prosesi yarımçıq dayandırılıb.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə – xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma ittihamları ilə təqsirləndirilir. Hüquq müdafiəçisi həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir.

Hüquq müdafiə təşkilatlarının son hesabatlarına görə, Azərbaycanda hazırda 340 siyasi məhbusun olduğu bildirilir. Hakimiyyət isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini bəyan edir.

AbzasMedia

12:23, 27 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP-nin daha iki üzvü inzibati qaydada həbs olunub

by Gozetci 13:40, 26 Yanvar 2026
written by Gozetci

Partiyadan verilən məlumata görə, AXCP Binəqədi rayon şöbəsinin üzvü Teymur Salahov və Yevlax rayon şöbəsinin üzvü Şamil Cəfərov sosial şəbəkələrdə yazdıqları tənqidi şərhlərə görə həbs olunublar.

Yanvarın 18-də Göyçay rayon polis şöbəsinə çağırılan Teymur Salahov polis tərəfindən saxlanılaraq 10 sutka inzibati qaydada həbs edilib.

Şamil Cəfərov isə yanvarın 19-da polislər tərəfindən evindən aparılıb. Ona 15 sutka həbs cəzası verildiyi bildirilir.

AXCP sədrinin müavini Seymur Həzi “Meydan TV”-yə deyib ki, onlar siyasi fəaliyyətlərinə görə həbs olunublar:

“Bütün ölkə boyu AXCP-yə qarşı bir kampaniya, repressiya işi gedir. Ayrı-ayrı rayonlarda da bu iş həyata keçirilir və tamamilə siyasidir. Bu adamlar cinayətkar deyillər, sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid ediblər və buna görə də həbs olunublar. Saxlanılanlara qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil, dəqiqləşdirməyə çalışırıq”, – o qeyd edib.

AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.

Toplum TV

13:40, 26 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovun şikayətini təmin etməyib

by Gozetci 19:54, 24 Yanvar 2026
written by Gozetci

Zabil Qəhrəmanov

 

Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan vəkil Zabil Qəhrəmanovun şikayəti üzrə proses keçirilib.

Müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasından şikayət verib.

Zabil Qəhrəmanovun vəkili Babək Həmidovun “Toplum TV”-yə dediyinə görə, Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, yanvarın 17-də Səbail Rayon Məhkəməsi Zabil Qəhrəmanovun barəsindəki həbs qətimkan tədbirinin müddətini daha 2 ay uzadıb.

Zabil Qəhrəmanov ötən ilin oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Həmçinin, ona qarşı əlavə ittihamlar irəli sürülüb.

Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Daha öncə – oktyabrın 8-də Vəkillər Kollegiyası Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcəkdi.

Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

19:54, 24 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 19:29, 24 Yanvar 2026
written by Gozetci

Azər Qasımlı

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda müdafiə tərəfinin əvvəlki prosesdə qaldırdığı vəsatətlər əsasında Azər Qasımlını hədə-qorxu ilə təhdid etməkdə ittiham edən Qurbanəli Yusifovun dostu Tehran Salmanov şahid qismində dindirilib.

Şahid bildirib ki, 2023-cü ilin dekabrında Azər Qasımlı Qurbanəli Yusifovu borca görə axtardığını deyib və bu məqsədlə onunla əlaqə saxlayıb. Tehran Salmanovun sözlərinə görə, Qasımlı borcun qaytarılmaması səbəbindən Yusifovu məhkəməyə verməyə hazırlaşdığını deyib və bu məlumatı ona çatdırmağı xahiş edib.

“Mən də bunu Qurbanəliyə dedim. O, Azər Qasımlıya borcu olduğunu və qaytaracağını söylədi. Bundan başqa heç nə demədi”, – şahid bildirib.

Bu zaman Azər Qasımlının vəkili Rövşanə Rəhimli şahiddən Qurbanəli Yusifovun ona Azər Qasımlının guya təhdid etməsi barədə hər hansı məlumat verib-vermədiyini soruşub. Tehran Salmanov isə belə bir söhbətin olmadığını deyib.

Daha sonra dövlət ittihamçısı Qurbanəli Yusifovun təhdidlə bağlı nəsə deyib-demədiyini soruşub. Şahidin cavabından aydın olub ki, Yusifov dostuna bu barədə heç bir məlumat verməyib.

Müdafiə tərəfi xatırladıb ki, ittiham aktında Azər Qasımlının 2022-2023-cü illərdə borca görə Qurbanəli Yusifovu oğlunu qaçırmaq və atasını öldürməklə hədələdiyi iddia olunur.

Növbəti məhkəmə prosesi yanvarın 28-i saat 17:00-a təyin edilib.

Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) ilə ittiham olunur. Siyasətçi ittihamları qəbul etmir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

Onun sözlərinə görə, 2020-ci ilin mayında Yusifov Azər Qasımlının xahişi ilə onun adına kriptovalyuta platformasında hesab açaraq idarə edib. Həmin ilin may və avqust aylarında Qasımlı ona ümumilikdə 20 min ABŞ dolları verərək iki “bitcoin” almasını istəyib. Sonradan məlum olub ki, Yusifov yalnız bir “bitcoin” alıb, digəri isə alınmayıb. Daha sonra Azər Qasımlının hesabındakı bir “bitcoin” də naməlum səbəblərdən yoxa çıxıb.

Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Qurbanəli Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəlib və Yusifov bu barədə qəbz imzalayıb.

Lakin sonradan Yusifov ölkəni tərk edib və Azər Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi onun xeyrinə qərar çıxarıb.

S.Qasımlı bildirib ki, bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun adına məktub yazaraq guya Azər Qasımlının dövlət əleyhinə fəaliyyət göstərdiyini və onu da buna cəlb etməyə çalışdığını, razılaşmadıqda isə təhdid etdiyini iddia edib. Bu məktub əsasında araşdırma aparılsa da, sübutların olmaması səbəbindən işə xitam verilib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs olunması ilə bağlı tapşırıqdan sonra iş yenidən icraata götürülüb.

Toplum TV 

19:29, 24 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hüquq müdafiəçiləri AŞPA-nı Azərbaycana qarşı “Birgə Tamamlayıcı Prosedur”u işə salmağa çağırır

by Gozetci 20:34, 22 Yanvar 2026
written by Gozetci

Avropa Şurası

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il qış sessiyası ərəfəsində hüquq müdafiəçiləri və təşkilatlar qurumu Azərbaycanda dərinləşən insan hüquqları böhranına xüsusi diqqət yetirilməsinə və Avropa Şurası daxilində koordinasiyalı tədbirlər üçün “Birgə Tamamlayıcı Prosedur”un (Joint Complementary Procedure) başladılmasına çağıran bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, Azərbaycan son on ildə Avropa Şurasının standartlarını, institutlarını və qərarlarını “ardıcıl şəkildə” nəzərə almır və bu, həm ölkə daxilində insanların, həm də bütövlükdə Avropa Konvensiyası sisteminin zərər görməsinə gətirib çıxarır.

Bəyanat müəllifləri vurğulayırlar ki, Avropa Şurası Azərbaycandakı insan hüquqları böhranına cavab verməsə, bu, Konvensiya sistemini hamı üçün zəiflədə bilər.

Çağırışda AŞPA-nın Nazirlər Komitəsi ilə birlikdə koordinasiyalı reaksiya yaratmaq üçün “Birgə Tamamlayıcı Prosedur”dan istifadə etməli olduğu qeyd edilir. Müəlliflər bunu Azərbaycanın Assambleya monitorinqi ilə əməkdaşlıqdan yayınması fonunda vacib sayırlar.

Bəyanatda xatırladılır ki, Azərbaycan parlamentinin 2025-ci il sessiyası üçün etimadnamələri təqdim etməməsi Assambleyanın monitorinqi ilə “açıq şəkildə” əməkdaşlıqdan imtina kimi qiymətləndirilir. Bu addımın AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycanın etimadnamələrini insan hüquqları vəziyyətinin pisləşməsi, öhdəliklərin yerinə yetirilməməsi və əməkdaşlığın zəifliyi səbəbilə təsdiqləməməsi qərarından sonra baş verdiyi bildirilib. Bəyanata görə, həmin qərardan sonra repressiyalar güclənib, əməkdaşlıq isə daha da azalıb.

Müəlliflər “Azərbaycanın meydan oxuması: Avropa Şurasına qarşı onillik sayğısızlıq” (“Azerbaijan’s Defiance: A Decade of Contempt for the Council of Europe”) adlı hesabatlarına istinad edərək vurğulayırlar ki, Bakı illərdir Avropa Şurası ilə “selektiv” əməkdaşlıq edir və siyasi məhbuslar, habelə cinayət qanunvericiliyinin sistemli sui-istifadəsi kimi əsas məsələlər üzrə dialoqdan yayınır. Bəyanatda Avropa Şurasının reaksiyasının isə çox vaxt “barışdırıcı” qaldığı və “hər şey əvvəlki kimi” proqramlaşdırmasının vəziyyətin dəyişməsinə təsir göstərmədiyi qeyd olunur.

Bəyanatda insan hüquqları böhranının dərinləşdiyi və siyasi motivli saxlanmaların kəskin artdığı bildirilir. Müəlliflərin məlumatına görə, Azərbaycan vətəndaş cəmiyyəti 2024-cü ilin dekabrında 331 siyasi məhbus qeydə alıb ki, bu da 2023-cü ilin fevralı ilə müqayisədə 256 faiz artım deməkdir; daha sonra bu rəqəmin hazırkı dövrdə 400-dək olduğu bildirilir.

Çağırışda jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, həmkarlar ittifaqı üzvləri və akademiklərin həbsi ilə bağlı “yeni dalğalar”dan danışılır və bu prosesin təkcə müxalif fikri deyil, “hakimiyyətlə uzlaşmayan istənilən rəyi” susdurmağı hədəflədiyi qeyd olunur. Həmçinin reydlər, əsassız həbslər, ölkədən çıxış qadağaları və tənqidçilərə qarşı transsərhəd təzyiq hallarının bitmədiyi bildirilir.

Bəyanat müəllifləri Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) dəfələrlə problemin mahiyyətini göstərdiyini və Avropa Şurasının siyasi qurumlarını xəbərdar etdiyini vurğulayırlar. Onların fikrincə, qərarların icrası yalnız fərdi tədbirlərlə məhdudlaşmamalı, təkrarlanmanın qarşısını alan ümumi islahatları, o cümlədən məhkəmə müstəqilliyini təmin edən və cinayət qanunvericiliyindən sui-istifadəni dayandıran addımları əhatə etməlidir.

Nazirlər Komitəsinin “Məmmədli işləri qrupu” üzrə uzunmüddətli nəzarətinin, dəfələrlə qəbul olunmuş qərar və aralıq qətnamələrin gərəkli nəticəni vermədiyi qeyd olunur və bunun Avropa Şurasının Baş katibini əlavə tədbirlərə sövq etməli olduğu bildirilir.

Bəyanata əsasən, Avropa Şurasında Azərbaycandakı böhrana adekvat reaksiya üçün liderliyin yetərli olmaması şəraitində təşəbbüsün əsas yükü AŞPA-nın üzərinə düşür. Müəlliflər Assambleyanın “sistemli böhrana uyğun” institusional cavab yaratmaqda həlledici rol oynaya biləcəyini deyirlər.

Çağırışda AŞPA üçün üç əsas addım sadalanır:

Birgə Tamamlayıcı Proseduru işə salmaq: AŞPA və Nazirlər Komitəsinin birlikdə hərəkət etməsi; əməkdaşlıq, azadlığa buraxmalar və struktur islahatları üzrə aydın meyarlar və vaxta bağlı gözləntilər müəyyənləşdirmək.
Davamlı nəzarəti gücləndirmək: Tez-tez açıq hesabatlılıq və aydın izləmə mexanizmi olan xüsusi məruzəçilik yaratmaq; Azərbaycanın AŞPA-da iştirakdan imtinasının Assambleyanın monitorinq imkanlarını məhdudlaşdırdığı və buna cavab verilməməsinin üzv dövlətin Assambleyanı susdurmasına şərait yarada biləcəyi qeyd olunur.
Ardıcıl ictimai-siyasi təzyiq: Problemi açıq adlandıran, nəticə tələb edən koordinasiyalı bəyanatlar və siyasi təmaslar; ilk növbədə siyasi motivli saxlanılanların azad edilməsi və məhkəmə təqibinə son qoyulması. Bu kontekstdə AŞPA-nın Vaclav Havel mükafatına layiq gördüyü Anar Məmmədlinin adı ayrıca vurğulanır.
Sonda bildirilir ki, Avropa Şurası fərdi azadlıqları, siyasi hüquqları və hüququn aliliyini qorumaq üçün yaradılıb. Azərbaycanın “onillik sayğısızlığı” və təşkilatın yetərli reaksiyasının olmaması bu vədi risk altına salır. Müəlliflər AŞPA-nın “Birgə Tamamlayıcı Prosedur”un başladılması ilə Azərbaycandakı insan hüquqları böhranına yanaşmada “prinsip və ardıcıllıq” gətirə biləcəyini bildirirlər.

AbzasMedia

20:34, 22 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Seçki Müşahidə” Alyansının rəhbəri Məmməd Alpayın işi məhkəmə baxışına verilib

by Gozetci 20:08, 22 Yanvar 2026
written by Gozetci

Məmməd Alpay

 

Yanvarın 22-də “Seçki Müşahidə” Alyansının rəhbəri, hüquq müdafiəçisi Məmməd Alpaya açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məmməd Alpayın vəkili Rövşanə Rəhimli məhkəməyə bir neçə vəsatət təqdim edib. Vəkil müvəkkili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini, bu mümkün olmazsa, müdafiə tərəfinin yanında əyləşməsinə icazə verilməsini, eləcə də prosesdə çəkiliş aparılmasını xahiş edib. Məhkəmə vəsatətləri təmin etməyib.

Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb. Baxış iclası fevralın 5-nə təyin edilib.

Məmməd Alpay “QHT işi” kimi təqdim olunan cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilən şəxslər arasındadır. Bu iş üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsinin cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

“Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün axtarışa verilib. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi qeyd olunur.

Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli saydıqlarını bəyan ediblər.

AbzasMedia

20:08, 22 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr sırasında

by Gozetci 11:24, 22 Yanvar 2026
written by Gozetci

Artıq beş ildir dünyada 300-dən çox jurnalist dəmir barmaqlıqlar arxasındadır. Bu haqda Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yanvarın 21-də açıqladığı hesabatında bildirir.

Ötən il dekabrın 1-dək Çin, Myanma və İsrail dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr sayılıb. Onlardan sonra Rusiya və Belarus gəlir.

CPJ ümumilikdə ötən il dünyada işinə görə 330 jurnalistin həbsdə olduğunu bildirir. 2024-cü ildə bu say 384 idi.

Dünyada avtoritarizmin və iğtişaşların artdığı bir vaxtda həbsdəki jurnalist sayı da yüksəldir. Üstəlik, jurnalistlər qəddar, həyati təhlükəli şəraitdə saxlanılır. CPJ ötən il həbsdəki jurnalistlərin üçdə birinin pis rəftarla üzləşdiyini qeyd edir.

Avropa və Orta Asiyada 96 jurnalist həbsdədir. Rusiya 27 jurnalistlə birinci yerdədir. Ondan sonra həbsdə 25 jurnalistlə Belarus, daha sonra 24 jurnalistlə Azərbaycan gəlir. 2024-cü ildə Azərbaycanda bu sayın 13 olduğu bildirilir.

Azərbaycan 2018-ci ildən bəri ilk dəfə olaraq ən çox jurnalisti həbs etdirən ölkələr sırasında yer alıb. CPJ qeyd edir ki, bu ölkə xaricdən donor yardımını məhdudlaşdıran qanunlarla müstəqil medianı susdurmaq səylərini gücləndirir. Bu tendensiyanın 2023-cü ildən, Qarabağda birgünlük hərbi əməliyyatdan sonra vüsət aldığı vurğulanır. Rəsmi Bakı həmin əməliyyatla ərazi bütövlüyünü bərpa edib.

Amma elə həmin ilin noyabrından “AbzasMedia” jurnalistlərinin həbsi başlanıb. Sonrakı dövrdə həbs olunan qələm əhli, bir sıra ictimai və siyasi fəallar qaçaqmalçılıq, vergidən yayınma və digər maddələrlə ittiham olunublar. Amma onların hamısı məhz peşəsinə, hökumətdə korrupsiyanı ifşa etdiyinə görə cəzalandırıldığını bildirib. Hakimiyyət ölkədə siyasi motivli təqiblərin olmadığını bildirsə də, yerli və beynəlxalq insan haqları qrupları, Avropa Parlamenti, AŞPA da siyasi məhbusları azad etməyə çağırır.

AzadlıqRadiosu

11:24, 22 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 20:26, 20 Yanvar 2026
written by Gozetci

Anar Məmmədli

 

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən məhkəmə prosesində şahidlərin dindirilməsi davam etdirilib.

Növbəti məhkəmə prosesi 9 fevral, saat 15:00-a təyin olunub.

Xatırladaq ki, Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.

Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

20:26, 20 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

  • Azər Qasımlıya 12 il həbs cəzası verilib

  • Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb

  • Bəşir Süleymanlıya ağır itki

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
19:49, 12 Mart 2026
Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib
22:00, 11 Mart 2026
Azər Qasımlıya 12 il həbs cəzası verilib
17:32, 11 Mart 2026
Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb
19:46, 09 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia