Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Həbsdə olan jurnalist Ülviyyə Əli beynəlxalq media mükafatına layiq görülüb

by Gozetci 20:25, 03 Fevral 2026
written by Gozetci

Ülviyyə Əli

 

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) “Free Press Unlimited” təşkilatının “Free Press Awards” (Azad Mətbuat Mükafatı) mükafatına layiq görülüb.

“Free Press Awards 2025”in qalibləri 3 fevral tarixində Niderlandın Haaqa şəhərində, “Nieuwspoort” mərkəzində keçirilən “Free Press Live” tədbirində açıqlanıb.

Ülviyyə Əli “Ən Əzmkar Jurnalist” (Most Resilient Journalist) kateqoriyasında mükafata namizəd göstərilmişdi.

Təşkilat jurnalistin fəaliyyəti dövründə məhkəmələrdən, insan haqları pozuntuları barədə reportajlar, habelə sənədli filmlər çəkməsini yüksək qiymətləndirib.

Təşkilat Ülviyyə Əlinin namizədliyi barədə fikirlərini də öz informasiya platforması vasitəsilə bölüşüb:

“On ildir jurnalistika ilə məşğulam və son səkkiz aydır bu missiyanı həbsxanadan davam etdirirəm. Artıq əminəm ki, bəşəriyyətə xidmət fiziki azadlıqdan daha önəmlidir. Əgər təcrid olunmuş məhbuslar hələ də mənim onların səsini ucaltmağımı istəyirlərsə, jurnalistikanı dayandırmağı düşünmək belə onlara qarşı ədalətsizlik olardı”.

Ötən il mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.
Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.

Toplum TV 

20:25, 03 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM İlkin Süleymanovun işi üzrə Azərbaycan hökuməti ilə kommunikasiya başladıb

by Gozetci 17:16, 03 Fevral 2026
written by Gozetci

İlkin Süleymanov

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Nərmin Quliyevanın qətlində təqsirli bilinərək məhkum edilən İlkin Süleymanovun şikayəti üzrə Azərbaycan hökuməti ilə kommunikasiya başladıb.

Bu barədə vəkil Fariz Namazlı sosial media hesabında məlumat verib.

İlkin Süleymanov ərizəsində saxlanılmasının və barəsində həbs qətimkan tədbiri seçilməsinin qanunsuz olduğunu, bu müddət ərzində pis rəftara məruz qaldığını, həmçinin Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu bildirib.

Avropa Məhkəməsi tərəflərə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq hüququ), 5.1, 5.3, 5.4-cü (azadlıq hüququ), 6.2-ci (təqsirsizlik prezumpsiyası) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun olub-olmamasına dair suallar ünvanlayıb.

Xatırladaq ki, 2019-cu il noyabrın 19-dan itkin düşən, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilib.

İlkin Süleymanova 2023-cü ilin iyununda 18 il həbs cəzası verilib.

Təqsirləndirilən şəxs ibtidai istintaqda ona işgəncə verildiyini, buna görə etirafedici ifadə verdiyini deyib. O, məhkəmədə ifadəsində ittihamları rədd edib.

Toplum TV 

17:16, 03 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 15:53, 03 Fevral 2026
written by Gozetci

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. İclasa hakim Azər Tağıyev sədrlik edib.

“Toplum TV”nin məlumatına görə, məhkəmədə Dövlət Vergi Xidmətinin mütəxəssisi Nəsimi Süleymanov dindirilib. İttihama görə, iş üzrə təqsirləndirilən şəxslər digər maddələrlə yanaşı, 79 min 441 manat məbləğində vergidən yayınmaqda günahlandırılırlar. Təqsirləndirilənlər bu ittihamı qəbul etmir və məbləğin necə hesablandığının açıqlanmasını tələb edirlər.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov və digər təqsirləndirilənlər mütəxəssisdən rəyin hansı araşdırmaya əsasən hazırlandığını soruşublar. Onlar səyyar və ya kameral yoxlama aparılıb-aparılmadığına, həmçinin təqsirləndirilən şəxslərin hər birinin ayrıca nə qədər vergi borcunun olduğuna aydınlıq gətirilməsini istəyiblər.

Nəsimi Süleymanov isə yoxlamanı şəxsən aparmadığını, rəyi istintaq materialları əsasında hazırladığını bildirib.

Ələsgər Məmmədli məhkəmədə 25 il vergi ödəyicisi olduğunu, 2024-cü ilin martında həbs olunanadək hesabatları gecikdirmədiyini və qaydaları pozmadığını deyib. O, hətta artıq vergi ödədiyini də qeyd edib. Məmmədli həbsdən sonra vergi ödənişlərini etmək imkanının olmadığını bildirərək, hesabatların başqa şəxs tərəfindən ödənməsi üçün yaxınlarından birinə etibarnamə verilməsinə icazə istəyib.

O, bir sıra beynəlxalq təşkilatların layihələrində media hüququ üzrə ekspert kimi xidmət müqavilələri ilə iştirak etdiyini, lakin cinayət işində həmin müqavilələr əsasında aldığı ödənişlərin qrant kimi təqdim olunduğunu bildirib:

“Xidmət müqaviləsini mən hansı dövlət orqanında qeydiyyatdan keçirməliydim? Qanunda bununla bağlı heç bir tələb yoxdur. Bu müqavilələr əsasında aldığım ödənişin vergisini ödəmişəm, sübutunu da təqdim etmişəm”.

Ələsgər Məmmədlinin sözlərinə görə, vergi borcu yenidən hesablanıb və nəticədə ona “həbsdə ola-ola” 4816 manat vergi borcu yazıldığı məlum olub.

Jurnalistlər Müşfiq Cabbar, Əli Zeynal və digərlərinin ayrıca vergi borcu ilə bağlı suallara cavab verən mütəxəssis bu məlumatları sənədlərlə dəqiqləşdirib təqdim edəcəyini deyib.

Jurnalist Fərid İsmayılov vergidən yayınma ilə bağlı sübutların məhkəməyə təqdim olunmasını tələb edib. Mütəxəssis isə konkret sübutlar səsləndirməyib və yenidən istintaqın təqdim etdiyi materiallara əsaslandığını bildirib.

Bundan sonra Fərid İsmayılov İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Hakimlər kollegiyası vəsatəti rədd edib.

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də Mikayıl Cabbarovun məhkəməyə gətirilməli olduğunu bildirib. O, ittiham aktında adına 11 min ABŞ dolları köçürmədən bəhs edildiyini, lakin sənədlərin tədqiqi mərhələsində belə sənədə rast gəlinmədiyini deyib.

İclasda hakim “Toplum TV”nin redaktoru Müşfiq Cabbarın üzərindən müxtəlif şəxslərə çatmalı olan pul vəsaitlərinin tapılması iddiası ilə bağlı sual da verib. Müşfiq Cabbar iddianı rədd edərək üzərində yalnız videokamera olduğunu bildirib: “Üzərimdən pul vəsaitlərinin olduğu zərflər tapıldığı doğrudursa, ittiham tərəfi bununla bağlı protokol tərtib etməli idi”.

Müdafiə tərəfi məhkəməyə bildirib ki, Müşfiq Cabbar saxlanılan zaman – 2024-cü il martın 6-da – bu məzmunlu protokol tərtib edilməyib. Onların sözlərinə görə, yalnız həmin ilin oktyabrında istintaq orqanı Müşfiq Cabbarın imzası olmayan protokol hazırlayaraq sənədlərə əlavə edib, həmin müddətdə isə o, azadlıqda olmayıb.

Fərid İsmayılovun digər vəsatəti isə yaşadığı evdə aparılmış əməliyyatla bağlı olub. O deyib ki, məhkəmə qərarında “evə baxış” nəzərdə tutulsa da, faktiki olaraq axtarış və götürmə aparılıb. Jurnalist evindən tapıldığı iddia edilən 3 min avrodan çox vəsaitin ona məxsus olmadığını bildirib və axtarışın qanunsuz olduğunu deyib:

“O evdə pul olubsa, qaytarılmalıdır. Deməli, istintaq orqanı oğurluq edib. Demirsiniz pul mənimdir? Qaytarın pulumu”.

Məhkəmə prosesi fevralın 9-da davam edəcək.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunub. Jurnalist Elmir Abbasovun polis nəzarətinə verildiyi bildirilir. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi qeyd olunur.

Bildirilir ki, saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, sonradan ittihamların ağırlaşdırıldığı açıqlanıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.

AbzasMedia

15:53, 03 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəhruz Səmədovdan beynəlxalq həmrəyliyə çağırış: “Həyatımı xilas etmək üçün səsinizi qaldırın”

by Gozetci 10:11, 03 Fevral 2026
written by Gozetci

Bəhruz Səmədov

 

Çexiyanın Karlova Universitetində doktorantura təhsili alan sülh fəalı Bəhruz Səmədov həbsdə olduğu müddətdə ictimaiyyətə müraciət edərək, Bakının kənarında yerləşən qapalı tipli həbsxanaya köçürülmə ehtimalı fonunda həyatına təhlükə ilə bağlı narahatlığını bildirib və beynəlxalq həmrəyliyə çağırıb.

Müraciət “OC Media”da dərc olunub.

“Mən sizə Azərbaycanda həbsdə olan bir dissident, siyasi elmlər üzrə doktorant kimi müraciət edirəm. Tənqidi baxışlarıma və sülhsevər mövqeyimə görə 15 il azadlıqdan məhrum edilmişəm. Dövlət məni “dövlətə xəyanət” və Ermənistan kəşfiyyat orqanları ilə “casusluq”da ittiham edir. Halbuki həbsimə qədər son altı il ərzində Avropada yaşamış, təhsil almış və çalışmışam. 2024-cü ilin avqustunda həbs olunmuşam. Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına, o cümlədən petisiyalara, prezident İlham Əliyevə ünvanlanan şəxsi müraciətlərə və 2025-ci ilin dekabrında Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə baxmayaraq, Bakıda qərarverici şəxslər bunları nəzərə almayıblar. Hətta 2025-ci ilin oktyabrında iki ay müddətinə cərimə kamerasına salındım.

Hazırda Bakı məhkəməsi məni Bakının kənarında yerləşən qapalı tipli həbsxanaya göndərməyə hazırlaşır. Bununla da mən yeganə yaxın qohumum və vəkilimlə ünsiyyət imkanlarından məhrum ediləcəyəm. Bu bədnam qapalı həbsxanada ən təhlükəli cinayətkarlar saxlanılır – məhz oraya göndərilməyim son dərəcə həyəcanverici siqnaldır. Dövlətin həyatımı başqasının əli ilə fiziki olaraq sona çatdırmağı planlaşdıra biləcəyindən əsaslı şəkildə narahatam.

Mənim həbsim 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton razılaşmasına ziddir. Həmin razılaşma çərçivəsində Ermənistan və Azərbaycan sülh gündəminə əməl etmək öhdəliyini üzərinə götürmüşdü. Hakimiyyətin bu münasibəti Azərbaycanın qoşulduğu konvensiyaları pozur. Bu, əxlaqsız, qeyri-insani, qanunsuz və şərdir.
Buna görə də hamınızdan xahiş edirəm ki, onların bu şər niyyətlərini dayandırmaq üçün səsinizi qaldırasınız. Həmrəylik kampaniyasını məmnuniyyətlə izləyir, yüzlərlə məktub alıram. Kampaniyalar, çağırışlar və məqalələr barədə məlumatlandırılmışam. Lakin Azərbaycan hökuməti bütün bu çağırışlara məhəl qoymayıb.
Bütün hüquqi və siyasi vasitələr nəticəsiz qalıb, qərarvericilərə heç bir təsir göstərməyib.

İndi isə insan ləyaqətini müdafiə edən hər kəsə müraciət edirəm: məni tək buraxmayın. Mümkün olan bütün yollarla hərəkətə keçin. Mən beynəlxalq həmrəyliyin gücünə inanıram.
Həyatımı xilas etmək və bu şəri dayandırmaq üçün əlinizdən gələni edin”.

Bəhruz Səmədovu Dövlət Təhlükəsizliyi Xidməti 2024-cü il avqustun 21-də saxlayıb. O, dövlətə xəyanətdə ittiham olunub. 2025-ci il iyunun 23-də məhkəmə Səmədovu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Səmədov özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsini siyasi motivli saydıqlarını bildiriblər.

AbzasMedia

10:11, 03 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“QHT işi” üzrə Mehriban Rəhimlinin məhkəməsi başlayır

by Gozetci 14:40, 02 Fevral 2026
written by Gozetci

Mehriban Rəhimli

 

“QHT işi” üzrə ittiham olunan ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Namiq Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının fevralın 11-nə təyin edildiyi bildirilir.

Mehriban Rəhimli “QHT işi” ilə bağlı Baş Prokurorluqda başlanmış cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. İstintaq dövründə onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“QHT işi” üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb edilib. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

“Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkə xaricində olduqları üçün axtarışa verilib. Digər təqsirləndirilən şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi bildirilir.

İş üzrə təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bəyan ediblər.

AbzasMedia 

14:40, 02 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarLənkəran–AstaraSliderXƏBƏRLƏR

Lənkəran Penitensiar Kompleksinin rəisinin qadın məhkumunu öz otağında döydüyü bildirilir

by Gozetci 10:52, 01 Fevral 2026
written by Gozetci

Yanvarın 24-də Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərovun öz iş otağında qadın məhkumu döydüyü bildirilir

Bu haqda həmin məhkumdan rəisə şikayət edən nəzarətçi İlkanə Bağırova qəbuldan qayıdandan sonra məhkumlara danışıb. O deyib ki, qəbul otağında qadın korpusunun rəisi Zamin Əliyev, nəzarətçi İlkanə Bağırova və məhkum olub.

Onun sözlərinə görə, rəis qadın məhkumun saçından tutaraq onu yerdə sürüyüb, qabırğa nahiyəsindən təpiklə vurub. Nəzarətçinin əlavəsinə görə, rəis qadını döyərkən onun şərəf və ləyaqətini alçaldan ifadələr də işlədib.

Nəzarətçi İlkanə Bağırova deyib ki, o və qadın korpusunun rəisi Zamin Əliyev qarşılarında baş verən zorakılığa müdaxilə etməyib və hadisəni səssiz izləyiblər.

Ertəsi gün döyüldüyü deyilən qadın məhkumun sol ayağında qançır izləri, qabırğa nahiyəsində isə şiş yaranıb. Həmçinin ağrıların şiddətindən korpusun həyətində huşunu itirərək yerə yıxılıb.

Qadın məhkumun zədələrə görə həkim müayinəsinə aparılmasını istəsə də, bu tələbi yerinə yetirilməyib. Sözügedən qadın məhkum hələ də tez-tez rəisin qəbuluna aparılır və təzyiq altında saxlanılır.

Kompleksdə qadın məhkumlarla yanaşı kişi məhkumlar da döyülür. Mindən çox kişi məhkumun saxlanıldığı kompleksdə rejim üzrə şöbə müdiri Azər Bağırov onlara işgəncə verir.

Bu işgəncə səslərini yaxınlıqdakı təcridxanada saxlanılan qadın məhkumlar eşidir. Onlar Azər Bağırovun məhkuma müraciətlə “Diz çök, o…” dediyini, onları təpikləyib şillələdiyini eşidirlər.

Cəzasının bir hissəsini bu həbsxanada çəkmiş kişi məhbuslardan biri  “Abzas Media”ya burada onların ən müxtəlif səbəblərdən döyüldüklərini deyir. Bu səbəblərə geyimin fərqlənməsi, paltarın materialı, nəzarətçiyə və ya rəisə cavab qaytarılması, haqqın tələb edilməsi və sairə daxildir.

Onun sözlərinə görə, məhbusu bir nəfər döyürsə və təhqiramiz ifadələrlə alçaldırsa və əgər döyülən şəxs cavab qaytarırsa, o zaman 5-6 nəzarətçi həmin şəxsi döyməyə başlayır.

Kişi məhbus vurğulayır ki, bir məhkuma rəsmi nikahı olmadan kəbin sənədi ilə həyat yoldaşı ilə görüşə icazə verilsə də, sonradan bu, edilməyib və məhkum buna əsəbləşərək etiraz edib. Bundan sonra onu rəisin otağında bir neçə nəzarətçi döyüb.

Başqa bir məhbusun isə xəstəliyi olan yaxın qohumu ilə danışmaq üçün həftədə bir dəfə icazə verilən zəngdən əlavə vaxt istədiyinə görə döyüldüyü bildirilir.

Yazı dərc olunanadək aidiyyəti qurumlardan məsələ ilə mövqe almaq mümkün olmayıb.

Cəzaçəkmə müəssisələrinin Daxili İnzitam Qaydalarının 53-cü bəndində göstərilir ki, məhkumlar işgəncə, qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdır. Amma hər gün inzibati binaya çağırılan kişi məhkumlardan neçəsinin rəisin otağında işgəncə gördüyünü müəyyənləşdirmək olmur.

Rəisin ikiqapılı otağında baş verən bu zorakılıq səslərini səskeçirməz divarları udur. Buna görə prokurorluq əməkdaşlarını və Ombudsmanı kompleksə dəvət edirik ki, burada baş verən işgəncə hallarını araşdırsınlar.

Lənkəran Penitensiar Kompleksi 2024-cü ilin dekabrın istifadəyə verilib. Burada qadınlar üçün korpus 2025-ci ilin sentyabrın 3-də açılıb. Hazırda kompleksin istintaq idarəsində 10, cəzaçəkmə müəssisəsində 13 qadın dustaq saxlanılır. Kompleksdə ümumi 1000 nəfərdən çox kişi dustaq cəza çəkir.

Kompleksin rəisi Babək İsgəndərov bundan öncə Bakıda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub. Cəzaçəkmə müəssisəsinin tavanı çöküb bir məhkum həlak olandan sonra orada olan 600 məhkum Lənkəran Penitensiar Kompleksinə köçürülüb və o, burada da rəis postunu tutub.

Sevinc Vaqifqızı
Elnarə Qasımova
Nərgiz Absalamova

AbzasMedia

10:52, 01 Fevral 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 23:14, 29 Yanvar 2026
written by Gozetci

Azər Qasımlı

 

Yanvarın 28-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Toplum TV”nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda Azər Qasımlını hədə-qorxu ilə tələb etmədə ittiham edən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanun məhkəmədə iştirakı təmin olunmayıb. O, daha əvvəl müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində ifadə verməli olsa da, bu dəfə də prosesə qatılmayıb.

Bununla əlaqədar olaraq, Azər Qasımlının vəkili Rövşanə Rəhimli şahidin məhkəməyə məcburi gətirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib.

Fərəhbanu Yusifovanın şahid qismində məhkəməyə çağırılması ilə bağlı vəsatət yanvarın 14-də keçirilən iclasda təqdim olunmuşdu. Müdafiə tərəfi vəsatəti Qurbanəli Yusifovun istintaqa verdiyi ifadə ilə əsaslandıraraq bildirib ki, o, Azər Qasımlını ailəsini dağıtmaqda və hədə-qorxu yolu ilə həyat yoldaşının ondan ayrılmasına səbəb olmaqda ittiham edib. Müdafiə tərəfinin fikrincə, Fərəhbanu Yusifovanın məhkəmədə iştirakı bu iddialara aydınlıq gətirilməsi baxımından vacibdir.

Məhkəmə prosesi fevralın 11-dək təxirə salınıb.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) ilə ittiham irəli sürülüb. Qasımlı ittihamı siyasi sifariş kimi qiymətləndirir.

AbzasMedia

23:14, 29 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Fazil Qasımovun saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsində zorakılığa məruz qaldığı bildirilir

by Gozetci 20:15, 29 Yanvar 2026
written by Gozetci

Fazil Qasımov

 

Həbsdə olan iqtisadçı Fazil Qasımovun saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı bildirilir.

Bu barədə onun yaxınları “Abzas Media”ya məlumat verib.

Bildirilib ki, yanvarın 28-də havanın kəskin soyuq olmasına baxmayaraq, müəssisədə məhkumların yoxlanılması açıq havada keçirilib. Yaxınları bildirir ki, Fazil Qasımov səhhəti ilə əlaqədar olaraq yoxlama zamanı adının çəkilməsini gözləmədən ərazini tərk edib. Daha sonra onun yenidən yoxlama yerinə çağırıldığı və burada zorakılığa məruz qaldığı iddia olunur.

“Rəis müavini Asim Salahov Fazil Qasımovu vurduqdan sonra onun başı divara dəyib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 19.11.2010-cu il tarixli 16 nömrəli əmri ilə təsdiq edilmiş cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarının 70-ci bəndinə əsasən, havanın temperaturu +30 dərəcə Selsidən aşağı və ya +45 dərəcə Selsidən yuxarı olduqda məhkumların yoxlanılması otaqda aparılmalıdır” – iqtisadçının yaxınları bildiriblər.

Yaxınları vurğulayıb ki, Fazil Qasımov ona qarşı zorakılığı mərhum siyasi məhbus Elbəyi Kərimlinin intiharı ilə bağlı məlumatları ictimailəşdirməsi ilə əlaqələndirir. Bildirilib ki, hadisədən sonra müəssisə rəhbərliyi ona töhmət verib və heç bir halda güzəşt edilməyəcəyi bildirilib.

Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb və 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, iqtisadçı alim Qubad İbadoğlu barəsində açılmış cinayət işinin istintaqı çərçivəsində həbs edilib və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham olunub.

Qasımov məhkəmədəki ifadəsində istintaq zamanı zorakılığa və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadə verməyə məcbur edildiyini bildirib. O, həmin ifadədən imtina edib və həbsini siyasi motivli adlandırıb.

İstintaq dövründə Qubad İbadoğlu barəsində əvvəlcə ev dustaqlığı, daha sonra polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib, onun işi ayrıca icraata verilib. Fazil Qasımov isə mühakimə olunaraq bu ilin 13 martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar.


AbzasMedia

20:15, 29 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

İşçi hüquqları fəalı Elvin Mustafayev həbsdə tibbi yardımdan məhrum edildiyini deyir

by Gozetci 12:57, 29 Yanvar 2026
written by Gozetci

Elvin Mustafayev

 

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin saxlanıldığı Umbakı Penitensiar Kompleksində təzyiqlərə məruz qaldığı və tibbi yardımdan məhrum edildiyi bildirir.

Bu barədə onun yaxınları sosial media vasitəsi ilə məlumat yayıblar.

“Verilən işgəncələr nəticəsində səhhətimdə yaranan xəstəliklərin müalicəsi ilə bağlı dəfələrlə müraciət etsəm də, qəsdən boyun qaçırıblar…”, – deyə Elvin Mustafayev yaxınlarına bildirib.

Mustafayev iddia edib ki, müəssisə rəhbərliyi xəstəliklərin patoloji hala çatmasını gözləyirlər.

Xatırladaq ki, Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.

2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib.

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Toplum TV

12:57, 29 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkillərin müdafiəsi üzrə Beynəlxalq Observatoriya: “Zabil Qəhrəmanovun həbsi Azərbaycanda vəkillik peşəsinə təzyiqin artdığını göstərir”

by Gozetci 19:55, 28 Yanvar 2026
written by Gozetci

Zabil Qəhrəmanov

 

Vəkillərin müdafiəsi üzrə Beynəlxalq Observatoriya (OIAD) Azərbaycanda vəkil Zabil Qəhrəmanovun həbsi və istintaq dövründə saxlanma müddətinin uzadılması ilə bağlı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini Qəhrəmanovu “dərhal və qeyd-şərtsiz” azad etməyə və ona qarşı bütün ittihamları ləğv etməyə çağırır.

Təşkilatın yaydığı müraciətdə Qəhrəmanovun həbsi “hüquqşünasların peşə fəaliyyətinə artan təzyiq” fonunda dəyərləndirilir, istintaq və məhkəmə prosedurlarının qərəzsizliyinə dair suallar doğuran məqamların olduğu vurğulanıb.

OIAD-ın müraciətində bildirilir ki, Gəncə Regional Vəkil Bürosunda çalışan Zabil Qəhrəmanovu 2025-ci il oktyabrın 23-də Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları saxlayıb. Oktyabrın 25-də Gəncə məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Təşkilatın qeyd etdiyinə görə, Qəhrəmanov əvvəlcə “xuliqanlıq”, daha sonra isə “dələduzluq” ittihamı ilə üzləşib və ittihamların irəli sürülməsi üçün əsasların olmadığı iddia olunub.

Müraciətdə göstərilib ki, 2026-cı il yanvarın 19-da Səbail Rayon Məhkəməsi Qəhrəmanovun istintaq dövründə həbsdə saxlanma müddətini daha 2 ay uzadıb. Müdafiə tərəfinin məlumatına istinadən qeyd olunur ki, bundan sonra araşdırma Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə verilib, Qəhrəmanov Bakıya köçürülərək paytaxtdakı Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Təşkilat bu hadisələri vəkillik peşəsinə artan təzyiqlər fonunda dəyərləndirib. OIAD xatırladıb ki, Qəhrəmanov həbsindən təxminən iki həftə əvvəl – 2025-ci il oktyabrın 8-də Daxili İşlər Nazirliyinin şikayəti əsasında Azərbaycan Vəkillər Kollegiyasının qərarı ilə onun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Müraciətə görə, DİN-in şikayəti vəkilin Gəncə polis idarəsində vətəndaş hüquqlarının pozulması ilə bağlı səsləndirdiyi ictimai açıqlamalardan sonra edilib.

OIAD bildirib ki, iş üzrə bir sıra məqamlar prosesin qərəzsiz aparılmasına dair ciddi şübhələr yaradır. Müdafiə tərəfi istintaqda, xüsusən də işə baxan qurumların səlahiyyətləri ilə bağlı uyğunsuzluqlara diqqət çəkib. Həmçinin, təşkilatın vurğulamasına görə, hökumətə yaxın media qurumlarında ittihamların geniş işıqlandırılması Qəhrəmanovun “damğalanmasına” gətirib çıxarıb.

Beynəlxalq Observatoriya Azərbaycanda hüquq müdafiəçiləri, müstəqil media və siyasi müxalifətə yönəlik məhdudiyyətlər fonunda hüquqşünaslara təzyiqin artdığını vurğulayıb və vəkilin peşə fəaliyyəti, habelə hakimiyyəti tənqid etməsinə görə hədəfə alınmasının hüququn aliliyinə və məhkəmə sisteminin müstəqilliyinə zərbə vurduğunu bildirib. Təşkilat, həmçinin, Azərbaycanın vəkillərin öz funksiyalarını hədə-qorxu və təzyiq olmadan icra etməsini təmin etmək öhdəliyini xatırladır və BMT-nin “Vəkillərin roluna dair Əsas Prinsipləri”nə istinad edib.

OIAD Azərbaycan dövlətini beynəlxalq öhdəliklərinə, xüsusən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 9-cu (azadlıq və şəxsi toxunulmazlıq) və 19-cu maddəsi (ifadə azadlığı) üzrə tələblərinə əməl etməyə çağırıb. Təşkilat sonda Azərbaycanın Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasının tərəfi kimi Konvensiyanın müddəalarına tam riayət etməyə hüquqi baxımdan borclu olduğunu da qeyd edib.

Zabil Qəhrəmanova ilkin mərhələdə Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.2.2-ci maddələri ilə ittiham irəli sürüldüyü bildirilir. İddialara əsasən, saxlanıldığı gün avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə zamanı zor tətbiq etməsi göstərilir. Digər iddiada isə Şəmkir sakini Emin İbrahimovun şikayətinə istinadən Qəhrəmanovun 5600 manat alaraq işin “istədiyi kimi” yekunlaşacağına söz verdiyi, lakin bunun baş vermədiyi iddia olunur.

Zabil Qəhrəmanov ittihamların əsassız olduğunu, onun cəzalandırılması üçün adı çəkilən şəxslərdən istifadə edildiyini bildirir.

Yanvarın 19-da Qəhrəmanova əlavə ittihamların irəli sürüldüyü də açıqlanıb. Onun vəkili Babək Həmidov bildirib ki, Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci, 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə ittiham olunur. Həmidovun sözlərinə görə, yanvarın 17-də Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb və təqdimata Səbail Rayon Məhkəməsində baxılaraq qərar qəbul edilib.

Zabil Qəhrəmanov bir sıra rezonanslı işlərdə müdafiəçi kimi çıxış edib. Onların sırasında Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və qətlə yetirilməsi işi üzrə təqsirləndirilən İlkin Süleymanovun, eləcə də qətl ittihamı ilə 11 il cəza alıb sonradan bəraətlə azadlığa çıxan Polad İsmayılovun məhkəmə prosesləri qeyd olunur. O, həmçinin “Tərtər hadisələri” ilə bağlı bir neçə zərərçəkmişi və müxtəlif ictimai-siyasi fəalı müdafiə edib.

AbzasMedia

19:55, 28 Yanvar 2026 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib

  • Azər Qasımlıya 12 il həbs cəzası verilib

  • Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb

  • Bəşir Süleymanlıya ağır itki

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Bəşir Süleymanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
19:49, 12 Mart 2026
Sosial işçi Zamin Zəkiyə 7 il 6 ay həbs cəzası verilib
22:00, 11 Mart 2026
Azər Qasımlıya 12 il həbs cəzası verilib
17:32, 11 Mart 2026
Jurnalist Fatimə Mövlamlı aclıq aksiyasına başlayıb
19:46, 09 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia