
Azər Qasımlı
Yanvarın 28-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Toplum TV”nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda Azər Qasımlını hədə-qorxu ilə tələb etmədə ittiham edən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanun məhkəmədə iştirakı təmin olunmayıb. O, daha əvvəl müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində ifadə verməli olsa da, bu dəfə də prosesə qatılmayıb.
Bununla əlaqədar olaraq, Azər Qasımlının vəkili Rövşanə Rəhimli şahidin məhkəməyə məcburi gətirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib.
Fərəhbanu Yusifovanın şahid qismində məhkəməyə çağırılması ilə bağlı vəsatət yanvarın 14-də keçirilən iclasda təqdim olunmuşdu. Müdafiə tərəfi vəsatəti Qurbanəli Yusifovun istintaqa verdiyi ifadə ilə əsaslandıraraq bildirib ki, o, Azər Qasımlını ailəsini dağıtmaqda və hədə-qorxu yolu ilə həyat yoldaşının ondan ayrılmasına səbəb olmaqda ittiham edib. Müdafiə tərəfinin fikrincə, Fərəhbanu Yusifovanın məhkəmədə iştirakı bu iddialara aydınlıq gətirilməsi baxımından vacibdir.
Məhkəmə prosesi fevralın 11-dək təxirə salınıb.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) ilə ittiham irəli sürülüb. Qasımlı ittihamı siyasi sifariş kimi qiymətləndirir.
AbzasMedia