“QHT işi” üzrə Mehriban Rəhimlinin məhkəməsi başlayır

by Gozetci

Mehriban Rəhimli

 

“QHT işi” üzrə ittiham olunan ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Namiq Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının fevralın 11-nə təyin edildiyi bildirilir.

Mehriban Rəhimli “QHT işi” ilə bağlı Baş Prokurorluqda başlanmış cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. İstintaq dövründə onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“QHT işi” üzrə indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb edilib. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.

“Sosial Hüquqlar Mərkəzi”nin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkə xaricində olduqları üçün axtarışa verilib. Digər təqsirləndirilən şəxslər barəsində isə alternativ qətimkan tədbirlərinin seçildiyi bildirilir.

İş üzrə təqsirləndirilən şəxslər irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab etdiklərini bəyan ediblər.

AbzasMedia 

You may also like