
Ülviyyə Əli
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) “Free Press Unlimited” təşkilatının “Free Press Awards” (Azad Mətbuat Mükafatı) mükafatına layiq görülüb.
“Free Press Awards 2025”in qalibləri 3 fevral tarixində Niderlandın Haaqa şəhərində, “Nieuwspoort” mərkəzində keçirilən “Free Press Live” tədbirində açıqlanıb.
Ülviyyə Əli “Ən Əzmkar Jurnalist” (Most Resilient Journalist) kateqoriyasında mükafata namizəd göstərilmişdi.
Təşkilat jurnalistin fəaliyyəti dövründə məhkəmələrdən, insan haqları pozuntuları barədə reportajlar, habelə sənədli filmlər çəkməsini yüksək qiymətləndirib.
Təşkilat Ülviyyə Əlinin namizədliyi barədə fikirlərini də öz informasiya platforması vasitəsilə bölüşüb:
“On ildir jurnalistika ilə məşğulam və son səkkiz aydır bu missiyanı həbsxanadan davam etdirirəm. Artıq əminəm ki, bəşəriyyətə xidmət fiziki azadlıqdan daha önəmlidir. Əgər təcrid olunmuş məhbuslar hələ də mənim onların səsini ucaltmağımı istəyirlərsə, jurnalistikanı dayandırmağı düşünmək belə onlara qarşı ədalətsizlik olardı”.
Ötən il mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.
Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib.
Toplum TV