Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin fəalı Orxan Baxışlının fevralın 3-də 30 sutka müddətinə inzibati qaydada həbs edildiyi bildirilir.
Bu barədə AXCP məlumat yayıb. Partiyanın açıqlamasına görə, qərar Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə verilib. Məhkəmə Orxan Baxışlını İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilib.
Orxan Baxışlı 2018-ci ildə narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Ali Məhkəmə onun cəzasını 3 ilə qədər azaldıb və fəal 2021-ci ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
AXCP-nin digər üzvü Anar Ərkivanın da 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir. Partiyanın məlumatına görə, Ərkivan yanvarın 30-da günorta saatlarında Bakı şəhərində kirayədə yaşadığı evdən çıxarkən beş-altı nəfər mülki geyimli şəxs onu saxlayaraq 13-cü polis bölməsinə aparıb.
Açıqlamada deyilir ki, daha sonra Sabunçu Rayon Məhkəməsi Anar Ərkivanı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə təqsirli bilərək barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.
AXCP bu ittihamları saxta hesab edir, üzvlərinin şərlənərək həbs olunduqlarını bildirir. Rəsmi qurumlardan bu açıqlamaya münasibət almaq mümkün olmayıb.
AXCP bildirir ki, son illər partiyanın çoxsaylı üzvləri oxşar ittihamlarla vaxtaşırı inzibati qaydada həbs edilirlər. Partiyanın açıqlamasına görə, hazırda 20-dən çox AXCP fəalı uzunmüddətli həbsdə saxlanılır. Onların arasında partiya sədri Əli Kərimli də var. AXCP bu həbslərin siyasi sifariş əsasında həyata keçirildiyini bəyan edir.
Hüquq müdafiəçilərinin tərtib etdiyi siyahılara əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 340 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları, bir qayda olaraq, əsassız sayır və bildirirlər ki, həmin şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunublar.
AbzasMedia
