Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Azər Qasımlının işi: ‘Bu adamlar heç nəyə şahidlik etməyiblər…’

by Gozetci 21:24, 20 Noyabr 2025
written by Gozetci

Azər Qasımlı

 

Siyasi Menecment İnstitutunun direktoru, bir ilə yaxındır həbsdə olan politoloq Azər Qasımlının vəkilləri onun məhkəməsində şahid kimi tanınan şəxslərdən bir neçəsinin adının sübutlar siyahısından çıxarılmasını istəyirlər. Vəkillərin sözlərinə görə, həmin adamlar birbaşa heç nəyə şahidlik etməyiblər, onlar Azər Qasımlının onu hədələdiyini iddia edən Qurbanəli Yusifov adlı şəxsin yaxınlarıdır, onun adından danışırlar.

Noyabrın 19-da keçirilən məhkəmə iclasında da Qurbanəli Yusifovun anası Səlminə Yusifova dindirilib. Şahid qismində ifadə verən Səlminə Yusifova bildirib ki, ötən ilin yazında Azər Qasımlı ilə oğlu arasında borc problemi yaşanmasından xəbər tutub. Həyat yoldaşı ona xəbər verib ki, məhkəmə oğlunun Azər Qasımlıya borcu ödəmək öhdəliyi qoyması barədə qərar çıxarıb:

“Biz qorxduq ki, bu məsələyə görə evimizi satdırarlar. Bir evimiz var”.

Prokuror Səlminə Yusifovanın yadına salıb ki, istintaqda fərqli fikirlər səsləndirib və deyib ki, Azər Qasımlı onun oğlu Qurbanəlini təhdid edirdi.

Cinayət işinin materiallarında iddia olunur ki, Azər Qasımlı Qurbanəli Yusifovu azyaşlı oğlunu oğurlamaqla hədələyərək ondan 45 min dollar pul tələb edib. Hakim məhkəmədə bu üzdən Qurbanəli Yusifovun anasından soruşub ki, istintaqa ifadəsində yer alan “təhdid” sözünün mənasını bilmirmi? Səlminə Yusifova “bilmirəm” cavabını verib.

Təqsirləndirilən politoloqun özü də Səlminə Yusifovaya sual verib:

“Mənim oğlunuzu təhdid etdiyimi, ona hədə-qorxu gəldiyimi görmüsünüz?”.

O, Azər Qasımlıya belə cavab verib: “Görməmişəm, Qurbanəli atasına deyib, atası da mənə demişdi”.

Daha öncəki məhkəmə iclaslarında Qurbanəli Yusifovun atası, xalası oğlu, dostu da dindiriliblər. Vəkillər onların ifadələrinin də sübutlar siyahısından çıxarılmasını istəyirlər.

Politoloqun məhkəməsi dekabrın 10-da davam edəcək.

Xatırlatma

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri gerçəyəuyğun deyil: “Onu ittiham aktı yox, özümə qarşı antiittiham adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram”.

Politoloq həbsini siyasi fəaliyyəti və tənqidi fikirləri ilə əlaqələndirir.

Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir şəhər Məhkəməsinin bu barədə qərarı olub. Azər Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokollarıyla görüntülərin alınmasını xahiş edirlər. Vəkillər bildirirlər ki, həmin mülki mübahisəylə bağlı məhkəmədə Qurbanəli Yusifov Azər Qasımlıya borclu olduğunu etiraf edib.

AzadlıqRadiosu

21:24, 20 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı”na layiq görülüb

by Gozetci 20:24, 19 Noyabr 2025
written by Gozetci

Sevinc Vaqifqızı

 

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar (RSF) təşkilatının təsis etdiyi “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı”na layiq görülüb

Noyabrın 15-də Fransanın paytaxtı Parisdə keçirilən təqdimetmə mərasimində mükafatı jurnalistin adından “Abzas Media”nın direktoru Günel Səfərova qəbul edib.

O, Sevinc Vaqifqızının tədbir iştirakçılarına ünvanladığı məktubu da oxuyub.

Sevinc Vaqifqızının məktubunu təqdim edirik:

“Jurnalist sərhədsiz düşünməlidir ki, həqiqəti tapa bilsin. Həqiqət dövlətin manipulyasiyalarına tabe olmamalıdır. “Bizim milli maraqlarımız, dövlət maraqlarımız var” deyib həqiqəti gizlətməyə çalışmamalıdır. Jurnalist o şüarların qarşısında, o fikirlərə təslim olmamalıdır.

Mənim əsas mesajım budur ki, jurnalist həqiqəti tapmaq, göstərmək istəyirsə, onun düşüncəsində maneələr olmamalıdır ki, bunu üzə çıxarsa, bu, dövlətçilik, ya da milli maraqlara ziddir.

Həqiqət bəşəridir və sərhədsizdir. “Sərhədsiz Reportyorlar” da adlarından da göründüyü kimi, düşüncələrində mütləq sərhədsiz olmalıdırlar ki, həqiqəti tapa bilsinlər və həqiqəti dövlətin siyasətinə qurban verməsinlər. Mən sevinirəm ki, bu təşkilatda məhz sərhədsiz düşünən reportyorlar, sərhədsiz düşünən jurnalistlər təmsil olunur və nə bahasına olursa-olsun öz həqiqətlərini deməyə davam edən jurnalistlərdən təşkil olunub.

İstəyirəm ki, bu təşkilat daha da böyüsün və bu jurnalistlərin sayı daha da artsın ki, dünyada həqiqəti söyləmək adi normaya çevrilsin. Və bunun üçün xüsusi cəsarət tələb olunmasın. Biz niyə həqiqəti demək üçün mütləq cəsarətli olmalıyıq? Bu, normal olmalıdır. Kimsə həqiqəti dediyinə görə təqiblə üzləşməməlidir. Hər kəs rahat şəkildə bu həqiqətləri üzə çıxarmalıdır və bunun qarşılığında hər hansı təhdid, həbs, ölüm görməməlidir. Mən belə bir dünya arzulayıram”.

RSF Sevinc Vaqifqızını “prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq inadla susmaması və ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi” kimi qiymətləndirib.

Xatırlatma

Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.

Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham ediliblər, lakin ittihamları rədd ediblər. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir.

AbzasMedia

20:24, 19 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəHərəkət azadlığı hüququHüquq PozuntularıQazax–TovuzSliderXƏBƏRLƏR

Saleh Rüstəmovun ölkədən çıxışına “stop” qoyulub

by Gozetci 14:08, 19 Noyabr 2025
written by Gozetci

Saleh Rüstəmov

 

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə onun yaxınları sosial mediada məlumat yayıblar.

Onların sözlərinə görə, Rusiyada yaşayan Saleh Rüstəmov bacısı qızının vəfatı ilə əlaqədar Azərbaycana gəlib:

“İndi çıxıb getmək istəyir, çıxışına qadağa qoyublar.”

Xatırladaq ki, 1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov sahibkarlıq fəaliyyəti göstərib. O, 1992–1993-cü illərdə icra başçısı işləyib.

2018-ci il mayın 8-də o, müvəqqəti olaraq gəldiyi Azərbaycanda həbs olunub.

O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü ilə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib.

İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib.

Saleh Rüstəmov ittihamları qəbul etməyib və həbsinin siyasi sifariş olduğunu bildirib. O deyirdi ki, “Bandotdel”də saxlanılarkən ona işgəncə verilib və AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə verməsi tələb olunub.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə S. Rüstəmov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Saleh Rüstəmov 2022-ci ilin mayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Toplum TV 

14:08, 19 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ali Məhkəmə Bəxtiyar Hacıyevin kassasiya şikayətini rədd edib

by Gozetci 16:49, 18 Noyabr 2025
written by Gozetci

Bəxtiyar Hacıyev

 

Ali Məhkəmə üç ilə yaxındır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətini rədd edib. “Azadlıq Radiosu”nun məlumatına görə, qərar noyabrın 18-də hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda elan olunub

Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Onun kassasiya şikayəti üzrə ilk məhkəmə iclası noyabrın 5-də baş tutub.

Prosesdə çıxış edən Hacıyev bildirib ki, həbsinin siyasi sifarişlə həyata keçirildiyini düşünür. Onun sözlərinə görə, əvvəlcə ona “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları verilsə də, daha ağır cəza tətbiq etmək üçün istintaq gedişində əlavə maddələr, o cümlədən Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddəsi əlavə olunub.

“Mən Apellyasiya Məhkəməsində çıxış etmədim, çünki oradan ədalət gözləmirdim. Amma Ali Məhkəmədən, tam olmasa da, müəyyən gözləntim var idi”, – deyə fəal bildirib.

Vəkili Elçin Sadıqov isə çıxışında aşağı instansiya məhkəmələrinin qərəzli qərarlar verdiyini qeyd edib. Onun sözlərinə görə, müdafiə tərəfi Bakı Ağır Cinayətlər və Bakı Apellyasiya məhkəmələrinə 70-dən çox vəsatət təqdim etsə də, heç biri təmin olunmayıb.

İclasda iştirak edən Dövlət Vergi Xidmətinin nümayəndəsi qurumun 52 min manatlıq mülki iddiasının əvvəlki məhkəmə qərarlarında təmin olunduğunu xatırladaraq, kassasiya şikayətinin bu hissədə rədd edilməsini istəyib. Prokuror da çıxışında Hacıyevin şikayətinin əsassız olduğunu bildirərək, əvvəlki qərarların qüvvədə saxlanılmasını tələb edib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları ilə saxlanılıb, 2024-cü ilin yanvarında isə 10 il azadlıqdan məhrum edilib. O, həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 213.1 (vergidən yayınma) və 320 (saxta sənədlərdən istifadə) maddələri ilə də ittiham olunur.

Hacıyev ittihamları qəbul etmir və həbsi siyasi fəaliyyəti ilə əlaqələndirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onun işini siyasi motivli hesab edir.

AbzasMedia

16:49, 18 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bakı İstintaq Təcridxanasında məhbusların müdafiə hüquqlarının pozulduğu iddia olunur

by Gozetci 13:39, 18 Noyabr 2025
written by Gozetci

Bakı İstintaq Təcridxanası

 

Bakı İstintaq Təcridxanasında (BİT) oktyabrın sonlarından bəri bütün məhbusların vəkillə görüşlərdən əvvəl və sonra qanunsuz şəkildə axtarışa məruz qaldığı bildirilir. Bu barədə “Abzas Media”ya təcridxanadakı mənbələr məlumat verib

Mənbələrin sözlərinə görə, yoxlamaların sərtləşdirilməsinə kişi məhbuslardan birinin üzərindən elektron cihaz çıxması səbəb olub. Təcridxana rəhbərliyi bu addımı təhlükəsizlik tələbi ilə izah etsə də, mənbələr bunun sui-istifadə edildiyini deyirlər.

Hadisədən sonra istintaq otağının rəisi dəyişdirilib: Ruslan adlı şəxs görüş otağının rəhbəri vəzifəsinə keçirilib, görüş otağının rəisi, mayor Şəhriyar isə istintaq otağının yeni rəhbəri təyin olunub. Mənbə bildirir ki, qanunsuz axtarışlara məhz mayor Şəhriyar rəhbərlik edir.

Onun iddiasına görə, axtarışa etiraz edən məhbuslar vəkildən məhrum edilir və görüşə buraxılmır:

“Şəhriyar adlı mayor həm istintaq otağına, həm də görüş otağına nəzarət edir. Hər hansı məhbusla problem yaşadıqda bunu görüş otağında da davam etdirə bilər”.

Noyabrın 3-də qanunsuz yoxlamaya etiraz edən jurnalist Ülviyyə Əli (Quliyeva) də vəkillə görüşə buraxılmayıb. Jurnalistin yaxınları onun məhkəmə sənədlərinin də yoxlanıldığını və Ülviyyə Əlinin buna etiraz etdiyini deyirlər.

Mənbə qeyd edir ki, mövcud prosedur qanunvericiliyə ziddir:

“Qanunda vəkillə görüşə gedən məhbusun üzərində axtarış aparılması nəzərdə tutulmur. Yalnız xüsusi cihazla baxışdan söhbət gedir. Amma burada nəzarətçilər məhbusları əllə yoxlayır”.

Onun sözlərinə görə, BİT rəhbərliyi qanunsuzluğa etiraz edən siyasi məhbuslara təzyiq göstərmək üçün onları “kamuflyaj” kimi istifadə etməyə çalışır:

“Deyirlər ki, “yuxarıya məlumat verəcəyik, buradan yazı çıxarılır, biz də qarşısını alırıq”. Bu, qanunsuzluğun davam edəcəyinin açıq etirafıdır”.

Mənbə həmçinin bildirir ki, qadın məhbuslar istintaq otağında deyil, görüş otağının inzibati binasında yoxlanılır. Onun fikrincə, bunun iki mümkün səbəbi var:

“Görüş otaqlarının dinlənilməsi ehtimal olunur. Digər səbəb isə qanunsuz yoxlamanı leqallaşdırmaq cəhdidir. İnzibati binaya daxil olarkən yoxlama nəzərdə tutulsa da, nəticə dəyişmir, çünki məhbuslar kameradan vəkillə görüşə aparılmaq üçün çıxarıldığı anda artıq qanun pozuntusu baş verir”.

AbzasMedia

13:39, 18 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Anar Məmmədli işi: Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Avropa Məhkəməsi yanında rəsmi nümayəndəsindən məlumatların əldə edilməsinə dair vəsatət verilib

by Gozetci 09:43, 18 Noyabr 2025
written by Gozetci

Anar Məmmədli

 

Müdafiə tərəfinin vəsatətində bildirib ki, ittihamların əsassızlığını göstərən faktlar Avropa məhkəməsinin həm Məmmədlinin həbsi, həm də həmtəsisçisi olduğu ictimai birliyin qeydiyyatından imtina ilə bağlı qərarlarında artıq təsdiq edilib və bu qərarların icrasını gecikdirən dövlətin yaratdığı “qeydiyyatsızlıq” vəziyyəti ictimai fəaliyyətə qarşı təqibə səbəb ola bilməz

Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə iclasına Hakim Aygün Qurbanovanın sədrlik edib.

Məhkəmə iclasında Anar Məmmədlinin vəkili Cavad Cavadov Məhkəməyə ittihamların hüquqi və faktiki əsaslarını hərtərəfli şəkildə mübahisələndirən və ittihamlarıın tamamilə əsassız olduğunu sübut edəcək məlumatların və təsdiq edici sənədlərin əldə edilməsini tələb edən vəsatət təqdim edib.Vəsatətdə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsindən (Hökümətin nümayəndəsindən) rəsmi sorğu ilə bir sıra məlumat və təsdiqedici sənədlərin əldə edilməsi tələb edilmişdir.

Müdafiəçi tərəfindən təqdim edilən vəsatətdə Məmmədliyə qarşı irəli sürülən ittihamların Avropa Məhkəməsinin Məmmədlinin əvvəlki həbsi və onun rəhbərlik etdiyi ictimai birliyin (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi)  qeydiyyatından imtina ilə bağlı qəbul etdiyi qərarların icra edilməməsi ilə birbaşa əlaqəli olduğu əsaslı şəkildə göstərilmişdir. Vəsatətdə göstərilmişdir ki, Azərbaycan dövlətinin AİHM-nin həmin qərarlarını icra etməməsi Anar Məmmədliyə qarşı təkrar eyni ittihamların, üstəlik ağırlaşdırıcı halları ilə irəli sürülməsinə səbəb olub.

Vəsatətdə Avropa Məhkəməsinin “Məmmədli Azərbaycana qarşı” işi üzrə 19 aprel 2018-ci il tarixli qərarına istinad edilib. Qeyd edilib ki, Avropa Məhkəməsi həmin işdə Anar Məmmədlinin 2013-cü ildəki həbsini hüquqa zidd, əsassız və siyasi motivli hesab edərək Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinin, həmçinin 18-ci maddənin 5-ci maddə ilə birlikdə pozulduğunu müəyyən etmişdir. Həmin qərarda Məmmədliyə qarşı açılan cinayət işi Azərbaycan dövlətinin cinayət hüququnda sui-istifadə edərək siyasi məqsədlərlə Anar Məmmədlini susdurmaq və cəzalandırmaq məqsədi daşıdığı açıq şəkildə göstərilib və dövlətdən həmin ittihamın və məhkumluğun mənfi hüuqi nəticələrinin tam aradan götürülməsi və Məmmədliyə bəraət verilməsi istənilib.

Vəkil bildirib ki, AİHM qərarına baxmayaraq, əvvəlki məhkumluq ləğv edilməyib və indi bu “məhkumluq statusu” yeni işdə ona qarşı ağırlaşdırıcı hal kimi istifadə olunur. Müdafiə tərəfi bu vəziyyətin həm Konvensiyanın 46-cı maddəsinə, həm də AR Konstitusiyasının 151-ci maddəsinə zidd olduğunu vurğulayıb.

Vəsatətdə ikinci olaraq SMDT Mərkəzinin hüquqi statusu ilə bağlı AİHM-in 12 yanvar 2023-cü il tarixli qərarına diqqət çəkilib. Həmin qərarda Məhkəmə təşkilatın dövlət qeydiyyatına alınmamasının əsassız və “özbaşına” olduğunu və bunun Konvensiyanın 11-ci maddəsinin – birləşmək azadlığının pozulması olduğunu müəyyən edib. Vəsatətdə qeyd olunub ki, dövlət bu pozuntunu aradan qaldırmaq əvəzinə, əksinə, təşkilatın bu günə qədər qeydiyyatsız qalmasını Anar Məmmədliyə qarşı hazırkı ittihamda əsas kimi göstərir. Bu isə tamamilə məntiqsizdir: dövlətin yaratdığı “qeydiyyatsızlıq” problemi indi təşkilat rəhbərinə qarşı ittiham üçün əsas kimi istifadə olunur.

Vəsatətdə qeyd edilib ki, AİHM qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin 2019-cu ildən bəri apardığı müzakirələr də Azərbaycanın bu sahədə real addım atmadığını göstərir. Komitə dəfələrlə vurğulayıb ki, “Məmmədli qrupu” işlərində sistemli sui-istifadə halları mövcuddur və tam icra yalnız məhkumluqların ləğvi, onun hüquqi nəticələrin aradan qaldırılması və QHT-lərin qeydiyyat probleminin həll edilməsi (Ramazanova qrupu işlərində) ilə mümkündür. Vəsatətdə göstərilir ki, dövlətin bu öhdəlikləri yerinə yetirmədiyi halda, özünün yol verdiyi hüquq pozuntularını hazırkı cinayət işində müdafiə tərəfinin əleyhinə hüquqi fakt kimi göstərməsi yolverilməzdir.

Vəsatətin nəticə hissəsində vurğulanıb ki, işin obyektiv və hərtərəfli araşdırılması üçün lazım olan əsas hüquqi məlumatlar yalnız dövlət qurumlarında mövcuddur və müdafiə tərəfi bu məlumatlara çıxış edə bilmir. Bu səbəbdən vəkil məhkəmədən xahiş edib ki, Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsinə rəsmi sorğu göndərilsin və hər iki qərarın icra vəziyyəti, Nazirlər Komitəsinə təqdim edilmiş fəaliyyət planları və hesabatlar, həmçinin indiyə qədər görülmüş fərdi və ümumi tədbirlər barədə rəsmi təsdiq edilmiş sənədlər məhkəməyə təqdim edilsin.

Müdafiə tərəfi bildirib ki, bu məlumatlar cinayət təqibinin legitimliyinin qiymətləndirilməsi, ittihamın siyasi motivli olub-olmadığının müəyyən edilməsi və Konvensiyanın tələblərinə uyğun ədalətli məhkəmə araşdırmasının təmin edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Vəsatətdə qeyd edilir ki, AİHM-in hüquq pozuntusu kimi tanınaraq onun aradan qaldırılması tələb olunduğu halda, qanundan eyni şəkildə təkrar sui-istifadə ilə yenidən ittihamın irəli sürülməsi hüquqən yolverilməzdir və məhkəmə bu məsələni mütləq araşdırmalıdır.

Hakim vəsatətə baxılmasını təxirə salaraq ona işin sonunda ayrıca münasibət bildirəcəyini qeyd edib.
Hakim eyni zamanda müdafiə tərəfinə vəsatətin tələbləri ilə bağlı Azərbaycanın Avropa Məhkəməsi yanında rəsmi nümayəndəliyinə də müraciət edilməsini tövsiyyə edib.

Müdafiə tərəfi müvafiq sorğu ilə Nümayəndəliyə müraciət ünvanlayıb.

Daha sonra ictimai fəal Anar Abdullayev yenidən sərbəst ifadəsini təqdim edib. İfadədən sonra Anar Abdulla dövlət ittihamçısının suallarını cavablandırıb.

Növbəti məhkəmə iclası 8 dekabr saat 14:30-a təyin edilib və şahidlərin ifadəsi ilə davam etdiriləcək.

*    *    *

Anar Mammadli Case: Motion Filed in the Baku Court on Grave Crimes Requesting Information from Azerbaijan’s Official Representative before the European Court of Human Rights

In its motion, the defense argued that the facts demonstrating the baselessness of the charges have already been established in the European Court’s judgments concerning both Mammadli’s arrest and the refusal to register the public association he co-founded, and that the “non-registration” situation created by the State’s delay in implementing these judgments cannot be used to justify prosecuting legitimate public activity.

On 17 November, the next court hearing was held at the Baku Court on Grave Crimes in the case of Anar Mammadli, Chair of the Election Monitoring and Democracy Studies Centre (EMDS), and civic activist Anar Abdullayev.

The hearing presided over by Judge Aygun Qurbanova.

At the hearing, Anar Mammadli’s lawyer, Javad Javadov, submitted a motion requesting the Court to obtain information and supporting documents capable of comprehensively challenging the legal and factual basis of the charges and demonstrating their complete lack of merit. The motion sought the issuance of a formal inquiry to the Representative of the Republic of Azerbaijan before the European Court of Human Rights (the Government Agent) in order to obtain a range of relevant information and corroborating documentation.

Follow the link to read more

 

 

 

 

 

09:43, 18 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəhruz Səmədovun “kars”a salınmasından verilən şikayət baxılmamış sayılıb

by Gozetci 21:52, 17 Noyabr 2025
written by Gozetci

Bəhruz Səmədov

 

Noyabrın 17-də sülh fəalı Bəhruz Səmədovun qanunsuz olaraq cərimə kamerasına (“kars”) salınması ilə bağlı verilən şikayətə baxılıb

Bu barədə ictimai fəal Əmrah Təhməzov “Facebook” hesabında məlumat yayıb. Onun sözlərinə görə, vəkil Zibeydə Sadıqovanın şikayəti əsasında Səmədovun saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində daxili məhkəmə keçirilib. Prosesdə Bəhruz Səmədov da iştirak edərək öz mövqeyini bildirib.

Zibeydə Sadıqova müdafiə etdiyi şəxsin “kars”a salınmasının hüquqi əsası olmadığını deyib və onun yenidən adi kameraya qaytarılmasını tələb edib. Müşavirəyə gedən məhkəmə heyəti şikayəti baxılmamış saxlayıb və işə Bakı İnzibati Məhkəməsinin baxmalı olduğunu açıqlayıb.

Əmrah Təhməzov qeyd edib ki, proses zamanı 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin Səmədovun Umbakı qəsəbəsindəki Penitensiar Kompleksin qapalı hissəsinə köçürülməsi ilə bağlı təqdimat verdiyi də məlum olub. Vəkil Zibeydə Sadıqova vaxt məhdudiyyəti səbəbindən prosesə qatıla bilməyəcəyini bildirib və iclas qeyri-müəyyən tarixə təxirə salınıb.

Bəhruz Səmədov oktyabrın 21-dən cərimə kamerasında saxlanılır. Həbsxana rəhbərliyi bunu “daxili qaydaların pozulması” ilə əsaslandırıb. Oktyabrın 27-də onun “kars”da saxlanma müddəti daha bir ay uzadılıb.

Çexiyanın Karlova Universitetinin doktorantı olan Bəhruz Səmədovu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidməti saxlayıb və o, dövlətə xəyanətdə ittiham olunub. 2025-ci il iyunun 23-də məhkəmə Səmədovu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Səmədov özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsini siyasi motivli hesab edirlər.

AbzasMedia

21:52, 17 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Qənimət Zahid Baş Prokurorluğa çağırılıb

by Gozetci 18:51, 17 Noyabr 2025
written by Gozetci

Qənimət Zahid

 

“Azadlıq” qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahid Baş Prokurorluğa çağırılıb.

Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti noyabrın 17-də İTV-də yayımlanıb.

Bildirilib ki, o, barəsində açılmış cinayət işi üzrə bu gün bitmiş ibtidai istintaqla bağlı ittiham aktı ilə tanış olması üçün noyabrın 24-də Baş Prokurorluğun İstintaq Baş İdarəsinə çağırılır.

Ona öz seçdiyi müdafiəçi ilə idarəyə gəlməsi və digər hüquqları izah olunub, ittiham aktı ilə tanış olmaq üçün idarədə tam şərait yaradılacağı bildirilib.

Baş Prpkurorluq bildirir ki, Qənimət Zahid barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Məlumatda o da qeyd olunub ki, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq qiyabi həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Qənimət Zayidov 4 iyul və 18 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.

Toplum TV 

18:51, 17 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Zabil Qəhrəmanovun ailəsi ilə görüş və telefon danışıqlarına qadağa qoyulub

by Gozetci 22:30, 14 Noyabr 2025
written by Gozetci

Zabil Qəhrəmanov

 

Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan vəkil Zabil Qəhrəmanovun ailəsiylə ünsiyyət hüququ məhdudlaşdırılıb, görüş və telefon danışıqları yasaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsində Zabil Qəhrəmanovun işinin istintaqını aparan müstəntiq Rəşad Süleymanov belə qərar çıxarıb.

Qərarı qanunsuz sayan Zabil Qəhrəmanov və vəkilləri onun ləğvindən ötrü məhkəməyə şikayət veriblər. Noyabrın 14-də Gəncə şəhər Məhkəməsində bu şikayətə baxılıb.

Qərarın qanunsuz və əsassız olduğunu vurğulayan Zabil Qəhrəmanovla vəkilləri bildiriblər ki, bir şəxsi heç bir ciddi əsaslandırma olmadan ailə üzvləriylə ünsiyyətdən məhrum etmək özbaşınalıqdır.

Hakim Məhəmməd Həsənli şikayəti təmin etmədiyindən Zabil Qəhrəmanovun ailə üzvləriylə görüş və telefon danışığına qadağa qüvvədə qalıb.

Zabil Qəhrəmanovun vəkili Səadət Seyidli AzadlıqRadiosuna bildirib ki, məhkəmənin də qərarını ədalətsiz və qərəzli saydıqlarından apellyasiya şikayəti verəcəklər:

“Zabil Qəhrəmanovun görüş və telefon danışığı hüququnun hansı məqsədlə əlindən alındığı müstəntiqin qərarından aydın deyil. Ailəsiylə ünsiyyət həbsdə olan şəxsin əsas hüquqlarından biridir və bunun məhdudlaşdırılması üçün çox ciddi arqument olmalıdır. Çox təəssüf ki, məhkəmə də öz qərarını əsaslandırmağa ehtiyac duymadı”.

Vəkil “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” qanunun 19-cu maddəsinə də diqqət çəkib. Orada göstərilib ki, həbsdə olan şəxs nəinki yaxın qohumları, onun marağında olan başqalarıyla da həm görüşə, həm də telefonla danışa bilər. Qanun həbsdəki adama həftədə bir dəfə 4 saatadək görüş, həftədə iki dəfə 15 dəqiqəyədək telefonla danışmaq hüququ verir.

Səadət Seyidli həmin qanunun 19.8 maddəsini də xatırladıb. O maddəyə görə, həbsdə olan şəxsin görüş və telefonla danışıq hüququ “hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək” məqsədi ilə bəlli müddətə məhdudlaşdırıla bilər. Bu məhdudlaşdırma ya istintaq orqanının, ya da həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə olmalıdır.

Amma bu məhdudiyyət heç bir halda şəxsin vəkili ilə görüşü və ya telefonla danışmasına aid edilə bilməz.

Digər vəkil Nazim Musayev deyir ki, qanunda məhdudlaşdırma üçün nəzərdə tutulan istisnadan müstəntiqlər çox vaxt sui-istifadə edirlər. Nəticədə heç bir əsas olmadığı halda, şəxsin uzun müddət ünsiyyət hüquqları məhdudlaşdırılmış olur.

N.Musayev sui-istifadə hallarının artmasında məhkəmələrin də rolu olduğunu düşünür. Vəkilin fikrincə, məhkəmələr bu qəbildən şikayətlərə obyektiv yanaşıb ədalətli qərarlar çıxarsalar, müstəntiqlər qanunun onlara verdiyi səlahiyyətdən bu dərəcədə sui-istifadə etməz:

“Müstəntiq bilər ki, şəxsin ailəsiylə görüş, danışıq hüququnu heç bir əsas olmadığı halda, onun əlindən alsam, sabah məhkəmə mənim qərarımı onsuz da ləğv edəcək. Məhkəmələrin vəziyyətini hamımız bilirik. Müstəntiq də bilir ki, məhkəmə onun qərarını ləğv etməyəcək. Ona görə istədiyi kimi davranır. Bu səbəbdən hesab edirəm ki, sui-istifadəyə şərait yaradan bu norma, ümumiyyətlə, ləğv olunmalıdır”.

Xatırlatma

Gəncə Regional Vəkil Bürosunda çalışan Zabil Qəhrəmanov oktyabrın 23-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddələriylə ittiham verilib.

İddia olunub ki, saxlandığı gün Zabil Qəhrəmanov avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə edib, onu vurub.

İddiaya görə, vəkil saxlandığı gün Şəmkir sakini Emin İbrahimov da Gəncə şəhər Baş Polis İdarəsinə ondan şikayət edib. Bildirib ki, Z.Qəhrəmanov 5 min 600 manat pulunu alaraq ona vəkillik edib və prosesin onun istədiyi kimi başa çatacağına söz verib. Ancaq son nəticədə proses onun istədiyi kimi bitməyib.

Z.Qəhrəmanovsa hər iki ittihamın əsassız olduğunu, onu cəzalandırmaq üçün adları çəkilən şəxslərdən istifadə edildiyini deyir.

Həbsindən iki həftə öncə – oktyabrın 8-də Daxili İşlər Nazirliyindən gələn şikayət əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Zabil Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 aylıq dayandırılmasına qərar verilmişdi.

O, bir sıra səs-küylü işdə müdafiəçi qismində çıxış edib. Bunların arasında Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun, qətl ittihamı ilə 11 il cəza alıb, 4 il sonra bəraət hökmü ilə azadlığa çıxan Polad İsmayılovun məhkəmələrini sadalamaq olar. Zabil Qəhrəmanov “Tərtər hadisələri”ndə bir neçə zərərçəkmişin və bir çox ictimai-siyasi fəalın da hüquqlarını qoruyub.

AzadlıqRadiosu

22:30, 14 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Altay Göyüşov və Ərəstun Oruclu da baş prokurorluğa çağrılıb

by Gozetci 20:38, 14 Noyabr 2025
written by Gozetci

Altay Göyüşov və Ərəstun Oruclu

Tarixçi alim, tarix elmləri doktoru Altay Göyüşov və siyasi şərhçi Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb.
Bu barədə qurumun müraciəti İctimai Televiziya vasitəsilə yayımlanıb.

Məlumata görə, hər iki şəxs noyabrın 21-də Baş Prokurorluğun Binəqədi rayonunda yerləşən İstintaq Baş İdarəsinə gəlməlidir. Qurum bildirir ki, Göyüşov və Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul edilib. Ölkə hüdudlarından kənarda olduqları üçün onlar barəsində axtarış elan olunub və Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, sentyabrın 17-də ittihamda dəyişikliklər edilib və Altay Göyüşov və Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Prokurorluq iddia edir ki, Altay Göyüşov 2020-ci il aprelin 20-də “YouTube”da “Düz Danışaq” kanalında, 2024-cü il sentyabrın 2-də və 2025-ci il yanvarın 1-də isə “Altay Göyüşov” adlı Facebook səhifəsində digər şəxslərlə qabaqcadan əlbir olaraq mövcud hakimiyyətə qarşı zor tətbiqinə çağırış edən çıxışlar yayıb.

Qurumun digər iddiasına görə, Ərəstun Oruclu 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Noyabrın 13-də xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, eləcə də ictimai fəallar Abid Qafarov və Vaqif Allahverdiyevin də Baş Prokurorluğa çağırılması barədə müraciət yayılıb.

Bundan əvvəl də müxtəlif bloger və jurnalistlər barəsində oxşar ittihamlarla cinayət işləri açılıb, qiyabi hökmlər qəbul edilib.
AbzasMedia
20:38, 14 Noyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia