Altay Göyüşov və Ərəstun Oruclu da baş prokurorluğa çağrılıb

by Gozetci

Altay Göyüşov və Ərəstun Oruclu

Tarixçi alim, tarix elmləri doktoru Altay Göyüşov və siyasi şərhçi Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb.
Bu barədə qurumun müraciəti İctimai Televiziya vasitəsilə yayımlanıb.

Məlumata görə, hər iki şəxs noyabrın 21-də Baş Prokurorluğun Binəqədi rayonunda yerləşən İstintaq Baş İdarəsinə gəlməlidir. Qurum bildirir ki, Göyüşov və Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul edilib. Ölkə hüdudlarından kənarda olduqları üçün onlar barəsində axtarış elan olunub və Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, sentyabrın 17-də ittihamda dəyişikliklər edilib və Altay Göyüşov və Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Prokurorluq iddia edir ki, Altay Göyüşov 2020-ci il aprelin 20-də “YouTube”da “Düz Danışaq” kanalında, 2024-cü il sentyabrın 2-də və 2025-ci il yanvarın 1-də isə “Altay Göyüşov” adlı Facebook səhifəsində digər şəxslərlə qabaqcadan əlbir olaraq mövcud hakimiyyətə qarşı zor tətbiqinə çağırış edən çıxışlar yayıb.

Qurumun digər iddiasına görə, Ərəstun Oruclu 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Noyabrın 13-də xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, eləcə də ictimai fəallar Abid Qafarov və Vaqif Allahverdiyevin də Baş Prokurorluğa çağırılması barədə müraciət yayılıb.

Bundan əvvəl də müxtəlif bloger və jurnalistlər barəsində oxşar ittihamlarla cinayət işləri açılıb, qiyabi hökmlər qəbul edilib.
AbzasMedia

You may also like