Sevinc Osmanqızı və Abid Qafarov Baş Prokurorluğa çağırılıb

by Gozetci

Sevinc Osmanqızı və Abid Qafarov

 

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı (Mirzəyeva) və ictimai fəal Abid Qafarov Baş Prokurorluğa çağırılıb.

Bu barədə məlumat noyabrın 13-də İctimai TV-də yayımlanıb. Bildirilib ki, Sevinc Osmanqızı noyabrın 20-də Baş Prokurorluğun Binəqədi rayonunda yerləşən İstintaq Baş İdarəsinə gəlməlidir.

Qurumun açıqlamasına görə, jurnalist barəsində 2025-ci il fevralın 23-də Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul olunub və ölkə hüdudlarından kənarda olduğu üçün həmin tarixdən axtarışa verilib. Binəqədi Rayon Məhkəməsinin həmin gün çıxardığı qərarla onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq iddia edir ki, Sevinc Osmanqızı 2019–2020-ci illərdə “Sevinc Osmanqızı TV” kanalında yayımladığı videomüraciətlərdə və 2023–2024-cü illərdə digər şəxslərlə dialoqlarında “hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar” edib və bu məzmunlu videomaterialları geniş auditoriyaya çatdırıb.

Qurumun Abid Qafarovla bağlı məlumatında da onun noyabrın 20-də eyni ünvana gəlməli olduğu bildirilib. Qafarov haqqında da Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul olunub, barəsində axtarış və qiyabi həbs qətimkan tədbiri seçilib.

2025-ci il sentyabrın 18-də ittihama dəyişiklik edilərək Qafarov Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə də təqsirləndirilən şəxs qismində cəlb olunub. Baş Prokurorluq onun “hakimiyyətin zorla ələ keçirilməsinə çağırış xarakterli videomaterialları” 2024-cü ildə müxtəlif platformalarda təkrar-təkrar yaydığını bildirir.

Qurum həm Osmanqızı, həm də Qafarova xəbərdarlıq edib ki, çağırışa gəlmədikləri halda barələrində qiyabi icraat başlanıla və qiyabi hökm çıxarıla bilər.

Baş Prokurorluq bundan əvvəl də xaricdə fəaliyyət göstərən bir sıra bloger və jurnalistlər haqqında oxşar ittihamlarla cinayət işləri açıldığını bildirib.

AbzasMedia

You may also like