
Azər Qasımlı
Siyasi Menecment İnstitutunun direktoru, bir ilə yaxındır həbsdə olan politoloq Azər Qasımlının vəkilləri onun məhkəməsində şahid kimi tanınan şəxslərdən bir neçəsinin adının sübutlar siyahısından çıxarılmasını istəyirlər. Vəkillərin sözlərinə görə, həmin adamlar birbaşa heç nəyə şahidlik etməyiblər, onlar Azər Qasımlının onu hədələdiyini iddia edən Qurbanəli Yusifov adlı şəxsin yaxınlarıdır, onun adından danışırlar.
Noyabrın 19-da keçirilən məhkəmə iclasında da Qurbanəli Yusifovun anası Səlminə Yusifova dindirilib. Şahid qismində ifadə verən Səlminə Yusifova bildirib ki, ötən ilin yazında Azər Qasımlı ilə oğlu arasında borc problemi yaşanmasından xəbər tutub. Həyat yoldaşı ona xəbər verib ki, məhkəmə oğlunun Azər Qasımlıya borcu ödəmək öhdəliyi qoyması barədə qərar çıxarıb:
“Biz qorxduq ki, bu məsələyə görə evimizi satdırarlar. Bir evimiz var”.
Prokuror Səlminə Yusifovanın yadına salıb ki, istintaqda fərqli fikirlər səsləndirib və deyib ki, Azər Qasımlı onun oğlu Qurbanəlini təhdid edirdi.
Cinayət işinin materiallarında iddia olunur ki, Azər Qasımlı Qurbanəli Yusifovu azyaşlı oğlunu oğurlamaqla hədələyərək ondan 45 min dollar pul tələb edib. Hakim məhkəmədə bu üzdən Qurbanəli Yusifovun anasından soruşub ki, istintaqa ifadəsində yer alan “təhdid” sözünün mənasını bilmirmi? Səlminə Yusifova “bilmirəm” cavabını verib.
Təqsirləndirilən politoloqun özü də Səlminə Yusifovaya sual verib:
“Mənim oğlunuzu təhdid etdiyimi, ona hədə-qorxu gəldiyimi görmüsünüz?”.
O, Azər Qasımlıya belə cavab verib: “Görməmişəm, Qurbanəli atasına deyib, atası da mənə demişdi”.
Daha öncəki məhkəmə iclaslarında Qurbanəli Yusifovun atası, xalası oğlu, dostu da dindiriliblər. Vəkillər onların ifadələrinin də sübutlar siyahısından çıxarılmasını istəyirlər.
Politoloqun məhkəməsi dekabrın 10-da davam edəcək.
Xatırlatma
Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri gerçəyəuyğun deyil: “Onu ittiham aktı yox, özümə qarşı antiittiham adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram”.
Politoloq həbsini siyasi fəaliyyəti və tənqidi fikirləri ilə əlaqələndirir.
Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir şəhər Məhkəməsinin bu barədə qərarı olub. Azər Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokollarıyla görüntülərin alınmasını xahiş edirlər. Vəkillər bildirirlər ki, həmin mülki mübahisəylə bağlı məhkəmədə Qurbanəli Yusifov Azər Qasımlıya borclu olduğunu etiraf edib.
AzadlıqRadiosu