Saleh Rüstəmovun ölkədən çıxışına “stop” qoyulub

by Gozetci

Saleh Rüstəmov

 

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə onun yaxınları sosial mediada məlumat yayıblar.

Onların sözlərinə görə, Rusiyada yaşayan Saleh Rüstəmov bacısı qızının vəfatı ilə əlaqədar Azərbaycana gəlib:

“İndi çıxıb getmək istəyir, çıxışına qadağa qoyublar.”

Xatırladaq ki, 1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov sahibkarlıq fəaliyyəti göstərib. O, 1992–1993-cü illərdə icra başçısı işləyib.

2018-ci il mayın 8-də o, müvəqqəti olaraq gəldiyi Azərbaycanda həbs olunub.

O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü ilə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib.

İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib.

Saleh Rüstəmov ittihamları qəbul etməyib və həbsinin siyasi sifariş olduğunu bildirib. O deyirdi ki, “Bandotdel”də saxlanılarkən ona işgəncə verilib və AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə verməsi tələb olunub.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə S. Rüstəmov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Saleh Rüstəmov 2022-ci ilin mayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Toplum TV 

You may also like