
Bəşir Süleymanlı
Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqur Seyidovun sədrliyi ilə Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlının növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə iclasında çıxış edən Bəşir Süleymanlı ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini, ittihamların əsassız olduğunu deyib.
Bəşir Süleymanlı fəaliyyətinin qanuni yollarla həyata keçirildiyini söyləyib. O, xidmət müqaviləsi ilə ABŞ-ın Alman Marşal Fondu vasitəsi ilə USAİD-dən alınan vəsaitlə bölgələrdə müharibədən əziyyət çəkən şəxslərə, şəhid ailələrinə, Qarabağ qazilərinə pulsuz hüquqi yardım edildiyini bildirib.
Bəşir Süleymanlı sübut kimi onunla əməkdaşlıq edən hüquqşünasların bölgələrə gedib pulsuz hüquqi yardım etməsi haqda məlumatları, fotoları rəhbərlik etdiyi təşkilatın saytında hələ də qaldığını qeyd edib. Bundan əlavə Bəşir Süleymanlı həmin məlumatların, fotoların bəzilərinin çap formasının məhkəməyə təqdim edib.
Bəşir Süleymanlı onu da əlavə edib ki, istintaq onu sosial şəbəkələrdə Ukraynanı dəstəkləməkdə də günahlandırıb. Bəşir Süleymanlı çıxışında Azərbaycan hökumətinin Ukraynaya maddi yardım göndərdiyini xatırladıb və deyib ki, Ukraynanı sivil qaydada dəstəkləmək qanun pozuntusu deyil.
Bəşir Süleymanlı bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc 15 mart 2024-cü il tarixdə Milli Məclisdə çıxışı zamanı deyib ki, Azərbaycan hökumət ABŞ və Avropa Birliyinə açıq müraciət edə bilər ki, işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə kömək etsinlər. Hüquq müdafiəçisi deyib ki, Zahid Oruc həmin çıxışında “Əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş versinlər” fikrini də səsləndirib və bu məlumat hakimiyyətə yaxın mediada dərc edilib. (https://apa.az/xarici-siyaset/zahid-oruc-hokumet-isgalin-neticelerini-aradan-qaldirmaga-komek-ucun-abs-ve-avropa-birliyine-muraciet-ede-biler-829545)
Bəşir Süleymanlı çıxışında sual edib ki, neçə olur ki, bir tərəfdən deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc USAİD-in işğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə cəlb edilməsindən danışır, digər tərəfdən isə istintaq QHT-ləri USAİD-dən xidmət müqaviləsi və bank vasitəsi ilə vəsait aldıqlarıni cinayət əməli hesab edir. Bəşir Süleymanlı Zahid Orucun həmin açıqlamasını çap formasını da məhkəməyə təqdim edib.
Bundan başqa, Süleymanlı çıxışında onu da qeyd edib ki, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s. nazirliklər və digər dövlət qurumları da USAİD-dən qrant alıb.
Bəşir Süleymanlı bildirib ki, istintaq ittiham aktında qeyd edilib ki, o, Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfirliyinin şəxsiyyətinin istintaq tərəfindən müəyyən edilməmiş şəxsləri tərəfindən əlbir olaraq onlardan guya qrant alıb. Bəşir Süleymanlı və vəkili vəsatət verib ki, məhkəmə adıçəkilən səfirliyi sorğu göndərib Bəşir Süleymanlı ilə xidmət müqaviləsi bağlayan şəxslərin kimliyini müəyyənləşdirsin. Amma məhkəmə vəsatəti qəbul etməyib.
Sonra Samir Kazımlı məhkəmədə ifadə verib. O, Bəşir Süleymanlının qanun pozuntusuna yol vermədiyini, onun rəhbəri olduğu təşkilatın müharibədən əziyyət çəkən şəxslərə, şəhid ailələrinə, Qarabağ qazilərinə pulsuz hüquqi yardım etdiyini bildirib.
Növbəti məhkəmə iclası martın 12-nə, saat 17:00-a təyin olunub.
Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.