Həbsdə olan iqtisadçı Fazil Qasımovun aclıq aksiyasına başladığı deyilir

by Gozetci

Fazil Qasımov

 

Bu barədə onun ailə üzvləri “Toplum TV”-yə məlumat verib.

Məlumata görə, Fazil Qasımov Baş Prokurorluq və Nərimanov Rayon Məhkəməsinin onun ərizələrinə baxmamasından şikayət edir.

İqtisadçı mayın 12-də baş prokuror Kamran Əliyevə ünvanladığı ərizədə barəsindəki cinayət işinə xitam verilməsini və ya birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş edib. O, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) baş əməliyyat müvəkkili Ramil Səlimovun onun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində “bilə-bilə yalan ifadə verməsi” ilə əsaslandırıb.

O, eyni tarixdə Nərimanov Rayon Məhkəməsinə ünvanladığı məktubda isə BMCMİ-nin baş müstəntiqi Yusif Yusifovun barəsində xüsusi qərar çıxarılmasını istəyib. Fazil Qasımov bunu onunla izah edib ki, müstəntiq onun müdafiəçilərinin prosesdən kənarlaşdırılması haqqında ərizəyə onun adından imza atıb.

Yaxınlarının dediyinə görə, Fazil Qasımov hazırda aclığa su içərək davam edir, lakin mayın 20-ə qədər şikayətlərinə baxılmasa, quru aclığa keçəcəyini bildirib.

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham olunub.

Özü isə ittihamı rədd edir.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O da ittihamları rədd edir.

2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.

You may also like