
Anar Məmmədli
Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə salınıb.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan prosesə Anar Məmmədlinin vəkilləri gəlməyib.
Bildirilib ki, Anar Məmmədlinin vəkili Elçin Sadıqov səhhətinin pisləşməsi ilə bağlı məhkəməyə məlumat verib və prosesdə iştirak edə bilməyəcəyini deyib.
Anar Məmmədlinin digər vəkili Cavad Cavadov isə məhkəməyə məktub göndərib və o, eyni tarixdə başqa işdə iştirakı ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməni məlumatlandırıb.
Məhkəmənin qərarına əsasən, növbəti iclas 25 may, saat 16:30-a təyin olunub.
Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.
Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.