
Azər Qasımlı
Mayın 25-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının apellyasiya şikayəti üzrə son məhkəmə prosesi keçirilib.
Bu barədə siyasətçinin həyat yoldaşı Samirə Qasımlı “Abzas Media”ya məlumat verib.
Onun sözlərinə görə, prosesdə hakim Zəfər Əhmədov çıxışlar və təqdim olunan dəlillər üzrə müzakirələrin aparılacağını bildirib. İlk söz Azər Qasımlıya verilib.
İclas zamanı insident baş verib. Belə ki, əvvəlki prosesdə Azər Qasımlının vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırılmışdı. Bugünkü iclasda isə Qasımlı tribunadan çıxış etmək istəyib. Lakin Penitensiar Xidmət əməkdaşları onu tribunaya gətirərkən qandallarını açmayıblar. Buna etiraz olaraq Azər Qasımlı tribunadan çıxış etməkdən imtina edib və çıxışını şüşə qəfəsin arxasından edəcəyini bildirib.
Samirə Qasımlının dediyinə görə, Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki proseslərdə Qasımlının qandalları çıxarılıb.
Azər Qasımlı çıxışında bildirib ki, onun işində hüquq rol oynamır:
“Burada yalnız iki faktor var: cəsarət və vicdan. Bunların hər ikisi hakimlərə aiddir. Ağır Cinayətlər Məhkəməsinin hakimləri yaxşı bilirdilər ki, mənim barəmdə açılan cinayət işində nə bir sübut, nə də bir şahid var idi. Bunların heç biri məhkəmə prosesində də ortaya çıxmadı.
Bundan əlavə, Cinayət Məcəlləsinin bəzi maddələri var idi ki, həmin hakimlərə manevr etmək imkanı verirdi. Məsələn, iş 62-ci və 70-ci maddələrlə tövsif oluna bilərdi və mənim azadlıqda qalmağımı təmin edən qərar çıxarıla bilərdi. Lakin Ağır Cinayətlər Məhkəməsinin hakimləri bunların heç birini etmədilər.
Bu məhkəmənin qərarı isə göstərəcək ki, buradakı hakimlərin cəsarəti və vicdanı hara qədərdir”.
Daha sonra vəkil Rövşanə Rəhimli çıxış edib. O bildirib ki, müdafiə tərəfi bütün arqumentlərini apellyasiya şikayətində ətraflı şəkildə təqdim edib.
Rəhimli qeyd edib ki, artıq hər şey aydındır və Azər Qasımlını əlavə yormaq istəmir. Vəkil məhkəmədən Qasımlı barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Ardınca vəkil Aqil Layıc çıxış edib.
“Olmayan dəlillərdən danışmaq istəmirəm. Əminəm ki, birinci instansiya məhkəməsinin hakimlərini verdikləri hökmə görə vicdanları sorğulayır. İndi bu məhkəmədə elə qərar çıxarılsın ki, sonradan heç kimi o hisslər sorğulamasın”, – o deyib.
Daha sonra çıxış edən dövlət ittihamçısı 2024-cü ilin avqustunda Qurbanəli Yusifovun Daxili İşlər Nazirliyinə etdiyi müraciətə toxunub. O bildirib ki, həmin müraciət əsasında Mingəçevir Şəhər Polis İdarəsi araşdırma aparıb, lakin şahid və sübut olmadığı üçün cinayət işi başlanmayıb.
Prokurorun çıxışından sonra Azər Qasımlı replika verib.
“Bunu tarix üçün deyirəm: prokuror özü də Mingəçevir Şəhər Polisinə istinad edir və bildirir ki, sübut və şahid olmadığına görə Mingəçevir Şəhər Polisi bu işi bağlayıb. Mən sadəcə Mingəçevir polisini nümunə göstərən prokurorun diqqətinə bunu çatdırıram”, – Qasımlı bildirib.
Müşavirədən sonra məhkəmə apellyasiya şikayətinin təmin edilmədiyini elan edib və birinci instansiya məhkəməsinin Azər Qasımlı barədə çıxardığı hökm qüvvədə saxlanılıb.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O, 2026-cı il martın 11-də 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə təqsirli bilinib. İttihama görə, o, Qurbanəli Yusifovu övladını qaçırmaq və atasını öldürmək hədəsi ilə pul verməyə məcbur edib.
Azər Qasımlı ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.