Ramil Babayev yenidən aclıq aksiyasına başlayıb

by Gozetci

Ramil Babayev

 

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev yenidən aclıq aksiyasına başlayıb.

Bu barədə o, yaxınları vasitəsilə “Toplum TV”-yə məlumat verib.

Daha öncə aprelin sonunda aclıq aksiyasına başlamış Ramil Babayev 8 gündən sonra aksiyasına müvəqqəti fasilə vermişdi. O, bunu saxlanıldığı Bakı İstintaq Təcridxanasının (BİT) rəhbərliyi tərəfindən tələblərinin yarıdan çoxunun təmin edilməsi ilə izah etmişdi.

Onun tələbləri arasında təcridxanada işgəncə hallarına və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması, cərimə kameralarında sanitar vəziyyətin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılmasının təmin olunması, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni iş üzrə həbs olunmuş “Toplum TV“ həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə icazə verilməsi və başqa tələblər var idi.

Ramil Babayevin sözlərinə görə, mayın 20-də BİT-in rəis müavini Cavid Güləliyevlə görüşüb və ona tələblərinə əməl olunmadığını bildirib.

“Cavid Güləliyev cavabında məni inandırmağa çalışdı ki, tələblərim mərhələli şəkildə təmin olunur. Bunu əyani şəkildə sübut etmək üçün otaqdakı əməkdaşlarla nəzakətli üslubda danışırdı. Çünki tələblərimdən biri təcridxanada etik rəftara əməl olunması idi. Cavid Güləliyev onu da dedi ki, mənim aclığı dayandırmağımdan bəri təcridxanada heç kim döyülməyib və əlimdə bunun əksini iddia edən məlumat varsa, onlara bildirim və rəhbərlik bununla bağlı araşdırmaya başlasın. Mən isə cavab verdim ki, onun arqumentlərinin doğruluğunu öyrənmək üçün digər siyasi məhbuslarla görüşəcəm və bir həftə sonra bu mövzuları müzakirə etmək üçün onunla yenidən görüşək”, – o qeyd edib.

Lakin Ramil Babayev əlavə edir ki, cəmi üç gün sonra təcridxanada elə Cavid Güləliyev tərəfindən amansız rəftarın şahidi olub.

“Mayın 23-ü saat 17.00 radələrində su almaq üçün təcridxananın köşkündə növbə gözlədiyim vaxt Cavid Güləliyevin söyüşləri bütün təcridxananı bürüdü. Boylanıb baxanda gördüm ki, Cavid Güləliyev 7 saylı korpusu “140” adlanan qovşaqla birləşdirən ərazidə bir məhbusu alçaldıcı ifadələrlə amansızcasına döyür. Həmin məhbus bu rəftara etiraz olaraq özünü öldürəcəyini dedikdə Cavid Güləliyev “öldür, öldürməyənin də…” cavabını verdi və söyüşlə qışqırmağa davam etdi. Bu hal tələblərim arasında yer alan “təcridxanada ölüm hallarının araşdırılması və bu barədə ictimaiyyətin məlumatlandırılması” bəndinin necə yerində və adekvat olduğunu bir daha təsdiqləyir. Cavid Güləliyev isə mənimlə söhbətdə bu tələbimlə bağlı demişdi ki, ölümlərin əsas səbəbi xəstəliklərdir və rəhbərliyin bu məsələdə yanlışı varsa, qoy bunun davasını ölənlərin ailələri aparsın”, – o bildirib.

Ramil Babayevin sözlərinə görə, təcridxanada, əsasən, maddi vəziyyəti nisbətən yaxşı olan məhbuslar zorakılıqdan yayına bilirlər.

“Bu şəxslər xırda bir rejim qaydası pozuntusuna yol verdikdə – buraya bəzən qarşılaşdığın adama salam vermək də daxildir – onlar barəsində intizam tədbiri görmək əvəzinə onlara bildirilir ki, təcridxananın təsərrüfat bölməsində yeni çörək sexi tikilir və tikinti üçün yardım lazımdır. Bu bəhanə ilə həmin şəxslərdən bir neçə yüz manat alınır və bu proses bir neçə həftədir davam edir. Yoxsul məhbusların necə rəftar gördüyünü isə yuxarıda yazdıqlarımdan təsəvvürünüzə gətirə bilərsiniz”, – o, məktubunda qeyd edib.

Ramil Babayev aclıq aksiyasını dayandırması üçün yeni tələblər irəli sürüb. O, ilk növbədə Cavid Güləliyev barəsində Cinayət Məcəlləsinin işgəncə, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma və başqa bir neçə maddəsi üzrə araşdırma aparılmasını tələb edir.

O, həmçinin, təsvir etdiyi döyülmə hadisəsinin baş verdiyi tarixdəki təhlükəsizlik kamerası görüntülərinin araşdırılmasını, həmin məhbusun bədənindəki izlərin aktlaşdırılmasını, hadisənin şahidi qismində izahatının alınmasını, ombudsman Səbinə Əliyevanın həmin məhbusla görüşməsini tələb edib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

You may also like