“Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatı 2025-ci ildə dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.
Hesabatın Azərbaycana dair hissəsində ötən il ölkədə insan hüquqları üzrə göstəricilərin daha da pisləşdiyi qeyd olunub.
“Hökumət müstəqil mediaya, siyasi rəqiblərə və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri gücləndirərək fərqli fikirləri susdurub və qorxu mühitini daha da dərinləşdirib. Hakimiyyət orqanları, həmçinin, mühacirətdə olan bloger və jurnalistlərə qarşı saxta cinayət ittihamları irəli sürüb, onlara qiyabi həbs cəzası verib və vətəndaş cəmiyyətini iflic vəziyyətinə salan qanunları qəbul etməyə və özbaşına tətbiq etməyə davam edib. Saxlanma yerlərində işgəncə və pis rəftar halları da cəzasız qalmaqda davam edib”, – hesabatda bildirilir.
Hesabatda, həmçinin, ötən il Azərbaycanda Birləşmiş Millətlər Təşkilatına tabe qurumların, habelə beynəlxalq media qurumlarının filiallarının fəaliyyətinin dayandırıldığı xatırladılır.
Daha sonra Azərbaycanla Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə sülh prosesinin getdiyini xatırladan hesabat müəllifləri Azərbaycan hökumətinin bəyan etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilin sentyabrında Qarabağdan qaçmış etnik ermənilərin “təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsi və onların mülkiyyət hüquqlarının bərpası istiqamətində heç bir ciddi addım atmadığını” qeyd edib.
HRW Azərbaycanda müstəqil mediaya qarşı basqıların davam etdiyini də xatırladaraq 2024-cü ilin sonunda başlayan “Meydan TV işi” üzrə ümumilikdə il ərzində həbs olunan jurnalistlərin sayının 12-yə çatdığını bildirib. Həmçinin, “Abzas Media işi” üzrə həbsdə olan jurnalistlərə ötən ilin iyununda hökmlərin oxunduğu əlavə olunub.
“Toplum TV işi” üzrə isə ötən ilin əvvəlində jurnalistlər Şahnaz Bəylərqızı və Fərid İsmayılovun həbs olunduğu bildirilib. Ş.Bəylərqızı sonradan ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Toplum TV
