Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə iclası keçirilib

by Gozetci

Anar  Məmmədli

 

İş üzrə müdafiə tərəfinin vəsatətlərinin təmin edilməməsi sistematik olaraq davam edir

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Anar Məmmədlinin vəkili Elçin Sadıqov iş üzrə irəli sürülən ittihamın aydınlaşdırılması, həmçinin müdafiə üçün əhəmiyyətli olan müxtəlif rəsmi məlumatların dövlət və qeyri dövlət orqanlarından istənilməsi barədə 6 ədəd vəsatət təqdim edib. Vəsatətlərdən biri Məmmədlinin 2019-2024-cü illər ərzində Azərbaycanın sərhəd və gömrük-keçid məntəqələrində təqdim etdiyi bəyannamələr və həmin keçidlər zamanı məruz qaldığı xüsusi yoxlamaların nəticələri barədə məlumatların əldə olunması tələb edilməsi ilə bağlı olub. Digər vəsatət isə Ədliyyə Nazirliyindən qeydiyyatsız QHT-ləri fəaliyyətinin guya qanunsuz olması ilə bağlı istintaq orqanının mövqeyinə dair hüquqi rəyin təqdim edilməsi istənilmişdir. Digər vəsatətlərdə məhkəmədən Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Hökumətinin nümayəndəsinə sorğu göndərilməsi və Avropa Məhkəməsinin Məmmədli və SMDT işləri üzrə qərarların icra vəziyyəti, o cümlədən icranın gecikdirilməsinin səbəbləri barədə məlumat təqdim edilməsinin tələb olunması xahiş edilmişdir. Vəkil həmçinin cinayət işi materiallarıının müqayisəli təhlili ilə bağlı təkrar yoxlamanın keçirilməsini tələb edib. Məhkəmə bütün vəsatətləri rədd edib.

Bu iş üzrə təqsirləndirilən digər ictimai fəal Anar Abdullanın vəkili Günay İsmayılova da məhkəməyə iki vəsatət təqdim edib. Vəkil Anar Abdullanın ağır xəstəliyi olan anasının mayın 6-dan etibarən xəstəxanaya yerləşdirildiyini, tək yaşadığını və həbsinə qədər Anar Abdullanın himayəsində olduğunu nəzərə alaraq onun ev dustaqlığına buraxılmasını xahiş edib.

Məhkəmə Anar Abdullanın anasının xəstəxanaya yerləşdirilməsinə dair məlumatın dəqiqliyinin yoxlanılması üçün xəstəxanaya bildiriş gönərilməsinə dair vəsatəti qəbul etsə də, Anar Abdullanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti rədd edib.

Növbəti məhkəmə prosesi 8 iyun, saat 14:00-a təyin olunub.

Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.

Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

 

You may also like