
Afiəddin Məmmədov və İlhamiz Quliyev
Fevralın 4-də Ali Məhkəmədə ayrı-ayrılıqda baş tutan prosəslərdə həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov və ictimai fəal İlhamiz Quliyevin şikayətlərinə baxılıb.
“Meydan TV”-nin xəbərinə görə, məhkəmə şikayətləri təmin etməyib.
Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova hakim Nazim Mövsümova bildirib ki, əvvəlki məhkəmə instansiyalarındə verdiyi 20-yə yaxın vəsatətin heç birinə baxılmayıb.
Afiəddin Məmmədov da çıxışında prosesə ədalətli baxılmamağından şikayət edib.
İlhamiz Quliyevin kassasiya şikayətinə isə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılıb.
Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.
O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.
Afiəddin Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə bağlı keçirilən etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs almışdı.
2025-ci il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
İlhamiz Quliyev isə 2023-cü il dekabrın 4-də saxlanılıb. 2024-cü ilin dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə İlhamiz Quliyevə qarşı irəli sürülmüş 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlama) maddəsini 234-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik maddə əldə edib saxlama) maddəyə tövsif edib.
Fəallar ittihamları rədd edirlər.
Toplum TV