Məhkəmə Bəhruz Səmədov barədə qərarı qüvvədə saxlayıb

by Gozetci

Bəhruz Səmədov

 

Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülməsi haqda qərardan şikayətinə baxılıb.

İctimai fəal Əmrah Təhməzovun məlumatına görə, Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə fəalın şikayəti təmin olunmayıb.

Bəhruz Səmədov, həmçinin, bir neçə vəsatət qaldırıb. O, məhkəmə prosesində çəkilişin aparılmasını, Ombudsman Aparatı işçilərinin dindirilməsini və psixoloji vəziyyətinin müayinəsi üçün ekspertiza keçirilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.

Bəhruz Səmədov Umbakı həbsxanasına köçürülməsindən verdiyi şikayətlə bağlı çıxışında dəri xəstəliyindən əziyyət çəkdiyini və buna görə qapalı şəraitdə qala bilmədiyini söyləyib.

O, məhkəmənin qərarından sonra müddətsiz aclığa başladığını elan edib.

Ötən il dekabrın 1-də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında Bəhruzz Səmədovun 1 illik Umbakı Penitensiar Kompleksinə köçürülməsinə qərar verilib.

Bəhruz Səmədovun yeganə ailə üzvü, 82 yaşlı nənəsi  Zibeydə Osmanova daha öncə bildirib ki, Umbakıya gedib-gəlmək onun yaşı və səhhəti üçün əlverişli deyil. O, həmçinin, nəvəsinin günahsız olduğunu və azadlığa çıxmalı olduğunu deyir.

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunur.

Cinayət işində iddia edilir ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Bəhruz Səmədov məhkəmələrin birində bildirib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülhü müdafiə edib. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Toplum TV 

You may also like