
Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, həbsdə olan partiya sədri Əli Kərimlinin işgəncə iddiaları, müdafiə, ailəsi ilə görüş, telefon danışığı və digər hüquqlarının pozulması ilə bağlı məhkəməyə ünvanladığı 12 şikayət geri qaytarılıb.
Partiyanın yaydığı məlumatda bildirilir ki, Səbail Rayon Məhkəməsi şikayətlərin heç birini qəbul etməyib.
AXCP-nin iddiasına görə, Əli Kərimlinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında işgəncəyə məruz qalması ilə bağlı şikayətlərini prokurorluq araşdırmır, Səbail Rayon Məhkəməsinin qərarlarından verilən apellyasiya şikayətləri isə təmin edilmir.
Partiya həmçinin bildirir ki, Əli Kərimlidən vəsatət və şikayətləri, məhkəmə qərarları, yazı üçün ağ vərəqlər və qələm alınıb. AXCP bunu Kərimlinin öz müdafiəsinə hazırlaşmasına maneə kimi qiymətləndirir. Məlumatda onun bəzi məhkəmə iclaslarında iştirakının da təmin edilmədiyi iddia olunur.
Partiyanın açıqlamasına görə, ilk belə müraciət mayın 13-də Əli Kərimlinin atasının dəfn mərasimində iştirakına icazə verilməsi ilə bağlı olub.
İyulun 1-də işgəncə iddiası, iyulun 2-də müdafiə və informasiya almaq hüquqlarının pozulması, iyulun 3-də isə telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması ilə bağlı şikayətlər Səbail Rayon Məhkəməsinə təqdim edilib. Həmin gün işgəncə iddiası ilə bağlı ikinci şikayət də verilib.
AXCP bildirir ki, sentyabrda daha yeddi şikayət məhkəməyə təqdim olunub. Onlar ailə ilə görüş və telefon danışığı hüququnun məhdudlaşdırılması, əlyazmaların götürülməsi, informasiya əldə etmək hüququ, saxlanma şəraiti, Əli Kərimlinin DTX-nin İstintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi, Baş Prokurorluğun işgəncə iddiasını araşdırmaması və gəzinti hüququnun pozulması ilə bağlı olub.
Partiyanın məlumatına görə, bu müraciətlərin hamısını Səbail Rayon Məhkəməsi geri qaytarıb.
AXCP-nin yaydığı məlumatda DTX-nin, Baş Prokurorluğun və məhkəmələrin bu iddialara münasibəti yer almayıb.
Əli Kərimli və AXCP funksioneri Məmməd İbrahim ötən il noyabrın 29-da saxlanılıblar. Həmin gün onların evlərində axtarış aparılıb. Dekabrın 1-də Səbail Rayon Məhkəməsi hər iki şəxs barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Onlara Cinayət Məcəlləsinin 278.1-ci – hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham verilib.
DTX fevralda yaydığı məlumatda Əli Kərimli və Məmməd İbrahimi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və digər şəxslərlə hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı sövdələşmədə ittiham edib.
Əli Kərimli ittihamları rədd edib, Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları “tamamilə əsassız” adlandırıb.
Sonradan Əli Kərimli və Məmməd İbrahim barəsində cinayət işi Ramiz Mehdiyevin işindən ayrılıb.
Sentyabrın sonunda Əli Kərimli və Məmməd İbrahim barəsində ibtidai istintaqın başa çatdığı və iş materiallarının tanışlıq üçün müdafiə tərəfinə təqdim edildiyi açıqlanıb. Onlara Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham verilib. Vəkillərin iş materialları ilə tanışlığından sonra cinayət işinin məhkəməyə göndərilməsi gözlənilir.
AbzasMedia