
Asəf Əhmədov
İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə həbsdə olan ictimai fəal Asəf Əhmədovun yekun məhkəmə prosesi keçirilib.
İctimai fəal Əbülfəz Qurbanlının sosial media hesabında verdiyi məlumata görə, məhkəmə A.Əhmədova 8 il həbs cəzası verib.
A.Əhmədov son sözündə barəsindəki ittihamları rədd edib.
“Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduqlarım bu gün mənim başıma gəlir. Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir insanı susdurmaqdır. Sokratı da vaxtilə fərqli düşündüyünə görə ittiham edib mühakimə etmişdilər. Bu gün onu mühakimə edən vəzifə sahiblərini heç kim xatırlamır, amma Sokratın irsi yaşayır, insanlar onu hələ də oxuyur və tanıyırlar. Hüseyn Cavidi və onlarla ziyalımızı da məhz belə qondarma ittihamlarla, sadəcə düşüncələrinə görə mühakimə etmişdilər. O dövrün müstəntiqləri və prokurorları qalib gəldiklərini düşünürdülər. Ancaq tarix həmin qərarları verənləri bağışlamadı. Ədalət gec də olsa öz yerini tapdı və tapacaqdır”, – o bildirib.
Gəncə Regional İcma Mərkəzinin rəhbəri olan Asəf Əhmədov ötən ilin martında yenilənmiş “QHT işi” çərçivəsində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Toplum TV