Əli Kərimli ailəsi ilə telefon danışığı hüququnun məhdudlaşdırıldığını deyir

by Gozetci

Əli Kərimli

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimliyə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında təzyiqlər göstərildiyini bildirir.

Bu barədə məlumat Əli Kərimlinin sosial şəbəkə hesabında yayılıb.

Məlumatda deyilir ki, AXCP sədrinin yerli və beynəlxalq mediaya verdiyi müsahibələrdən sonra onun ailəsi ilə telefon əlaqəsinə məhdudiyyətlər qoyulub. Ailəsinin sözlərinə görə, Kərimli son iki telefon danışığı hüququndan istifadə edə bilməyib.

İyunun 16-da keçirilən apellyasiya məhkəməsində Əli Kərimli telefon danışığı hüququnun məhdudlaşdırılmasını təsadüfi hesab etmədiyini bildirib. Onun sözlərinə görə, ailəsi ilə telefon danışığı zamanı yerli və xarici medianın suallarını cavablandırması təcridxana rəhbərliyinin narazılığına səbəb olub.

Kərimli xüsusilə Fransanın “France 24” telekanalına verdiyi müsahibədən sonra saxlanma şəraitinin daha da ağırlaşdırıldığını iddia edib.

“Baxmayaraq ki, mənim saxlanma şəraitim əvvəldən sərt olub, “France 24”ə verdiyim müsahibədən sonra saxlanma şəraitimi daha da çətinləşdiriblər. Ailəmlə telefon əlaqəsi saxlamağa imkanın verilməməsi də diktə etdiyim yazılarla bağlıdır. Təcridxanada üzləşdiyim çətinliklərlə bağlı hələlik detallı məlumat verməyə ehtiyac duymuram. Bir şey şəksizdir ki, Azərbaycan hakimiyyəti burada problemlər yaratmaqla yazılarımın dayandırılmasına nail olmaq istəyir”, – Kərimli bildirib.

O əlavə edib ki, “heç bir təzyiq və çətinlik qarşısında azadlıq, ədalət və əqidəsi uğrunda mübarizədən vaz keçməyəcək”.

AXCP sədrinin iddiaları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət almaq mümkün olmayıb.

İyunun 10-da Səbail Rayon Məhkəməsi Əli Kərimlinin həbsdə saxlanılma müddətini daha 5 ay uzadıb. Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Əli Kərimli Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur.

AXCP sədri ötən il noyabrın 29-da saxlanılıb. Həmin gün onun evində axtarış aparılıb. Onunla birlikdə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim barəsində də eyni ittihamla həbs qətimkan tədbiri seçilib.

Hökumətyönlü media saxlanılmaların və axtarışların DTX-də istintaqı aparılan Ramiz Mehdiyev işi ilə bağlı olduğunu yazıb.

Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etdiyi barədə iddiaları rədd edib və onları “tamamilə əsassız” adlandırıb. AXCP rəhbərliyi isə baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirib.

Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci, 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Ötən il oktyabrın 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

AbzasMedia

You may also like