
Mənsur Vəlişov
İnanclı məhbus Mənsur Vəlişov saxlanıldığı həbsxanada zorakılığa məruz qalıb
Bu barədə məhbusun ailəsi Meydan TV-yə məlumat verib.
Ailəsinin sözlərinə görə Vəlişov başına gələnləri telefonla danışıq zamanı danışıb. O bildirib ki, həbsxana əməkdaşları onun qollarını qandallayaraq döyüblər.
“Yadımda ancaq o qalıb ki, qollarıma qandal vurub vurdular, məni çarpayıya bağlayıb döyməyə başladılar. Sonra özümdən getmişəm, üstümə su töküb ayıldıblar. Belə getsə, bir də görəcəksiniz ki, ölüm xəbərim gəlib”, – deyə Vəlişov deyib.
O bildirib ki, həbsxanadakı özbaşınalıqlar barədə dövlət qurumlarına, Prezident Administrasiyasına və Ombudsman Aparatına müraciət etsə də, cavab ala bilməyib.
Mənsur Vəlişov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
O, 2023-cü ilin 11 mart tarixində İmişli polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.