Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Meydan TV”-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) xatırladıb ki, 28 gündür aclıq aksiyası keçirir. O, əlləri qandallı şəkildə zorla məhkəməyə gətirilməsinə etiraz edib.
Hakim bildirib ki, Nurlan Librenin digər təqsirləndirilən şəxslər kimi məhkəməyə qandalsız gətirilməsi üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyinə və konvoy taboruna müraciət olunacaq.
Özünü pis hiss etdiyini söyləyən Nurlan Libre müayinə olunmaq üçün məhkəmə zalından çıxarılıb. Bir müddət sonra geri qaytarılan jurnalist bildirib ki, təzyiqini ölçüblər və ona “korvalol” dərmanı veriblər. O, aclığı davam etdirmək niyyətində olduğunu əlavə edib.
Təqsirləndirilən şəxslərdən jurnalist Ramin Deko (Cəbrayılzadə) onun və həmkarlarının haqqında həbs qətimkan tədbiri qərarı verən, ötən il hakim vəzifəsindən kənarlaşdırılan, hazırda isə vəkillik fəaliyyəti ilə məşğul olan Sülhanə Hacıyevanın onu müdafiə etməsi üçün vəsatət qaldırıb.
“İstəyirəm, mənim vəkilim olsun. Necə ki, o, bizi siyasi sifarişlə həbs eləyirdi, onun özünü də siyasi sifarişlə belə elədilər”, – o deyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktının yarımçıq qalan hissəsini elan etməyə davam edib. Bu zaman təqsirləndirilən şəxslər buna etiraz ediblər. Onlar bildirib ki, “eyni yalanları dəfələrlə oxumaq vaxt itkisidir”.
Lakin məhkəmə etirazları nəzərə almayıb. Jurnalistlər narazılıqlarını saxlandıqları kabinənin şüşəsini döyməklə bildiriblər. Sonradan hakim fikrini dəyişib və ittiham aktı elan olunmuş hesab edilib.
Hakim təqsirləndirilən 12 nəfərdən bir-bir özlərini təqsirli bilib-bilmədiklərini soruşub.
“Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) bildirib ki, özünü qətiyyən təqsirli bilmir.
“Bu iş mənim üzərimdə qurulub. Halbuki, mənim əvəzimə burada Azərbaycanı talayan, korrupsiya ilə məşğul olanlar oturmalı idi. Mənim işim onların əməllərini araşdırmaq olub, buna görə buradayam”, – o deyib.
“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa da özünü təqsirli bilmədiyini söyləyib və fikrini əsaslandırmaq istəyib. Lakin hakim onun sözünü kəsib. Bu zaman onların arasında mübahisə yaranıb.
Jurnalistin israrından sonra ona fikrini əsaslandırmağa icazə verilib. O bildirib ki, ittiham aktı “başdan-ayağa yalanlarla doludur”.
“Dəfələrlə yazıblar ki, “Meydan TV” Azərbaycanda dövlət qeydiyyatından keçməyib. Xarici ölkədə qeydiyyatdan keçən media orqanı Azərbaycanda niyə qeydiyyatdan keçməli idi?
Mənim prokurora suallarım var. Hansı əsasla Ülviyyə Quliyevanın ittihamında göstərilib ki, mən 2025-ci il yanvarın 30-da həbs olunmuşam? Halbuki, mən həmin vaxt azadlıqda olmuşam, nə təqsirləndirilən, nə də şahid idim. 25 gün sonra həbs edilmişəm.
Mənim haqqımda həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verilmişdi. Şikayəti təmin etməyən apellyasiya məhkəməsinin hakimi Cavid Hüseyn qərarın əsaslandırma hissəsində yazıb ki, “Abzas Media” jurnalistləri ofislərindən tapılan 40 min avro pulun ora atıldığını bildiriblər. Mən “Abzas Media işi” üzrə təqsirləndirilən şəxsəm, yoxsa “Meydan TV işi”?”, – o sual edib.
Daha sonra təqsirləndirilən jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) də bildirib ki, ittiham aktı “başdan-ayağa şişirtmədir”.
“Bu işdə müstəntiqlər ittiham aktını yazanda çox göydə uçublar. Vəsatət qaldırıram ki, müstəntiqlər beynəlxalq uçuş qanunlarının tələblərini pozduqlarına görə məsuliyyətə cəlb olunsunlar”,– o deyib.
Hakim Ülviyyə Əlinin sözünü kəsib. O, çıxışını bu sözlərlə başa çatdırıb: “Yaşasın müstəqil media! Yaşasın azad jurnalistlər!”
Təqsirləndirilən şəxslərdən jurnalist Aytac Tapdıq (Əhmədova) isə deyib ki, “özünüzü təqsirli bilirsinizmi?” sualını təhqir hesab edir.
“Mənə bu sualı verməyi sizə qadağan edirəm. Çünki hamı bilir ki, biz siyasi sifarişlə həbs olunmuşuq. Siz isə bu işdə alətsiniz”, – o, hakimə deyib.
Jurnalist Xəyalə Ağayeva da peşə fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayıb.
Digər jurnalist Aysel Umudova da fikrini əsaslandırmaq istəyib, lakin hakim Aytən Əliyeva icazə verilmədiyini söyləyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Aysel Umudova “çıxışımı kəssəniz, stulun üstünə çıxacam” deyib.
Bundan sonra Aytən Əliyeva, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası qəfildən məhkəmə zalını tərk edib.
Məhkəmə prosesinin nə vaxta təxirə salındığı da elan olunmayıb.
“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument. az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.
Toplum TV
