
Elman Şeydayev
Həbsdə olan inanclı fəal Elman Şeydayevin saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.
Bu barədə jurnalist Arzu Abdulla noyabrın 24-də “Facebook” səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, fəal bu ilin avqustunda həbs olunan altı inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edir və hazırda səhhəti ağırdır.
Elman Şeydayev 2022-ci ilin fevralında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi) üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Elman Şeydayev ittihamları qəbul etmir və həbsinin fəaliyyətinə, eləcə də ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı ifadə verməkdən imtina etməsinə görə olduğunu bildirir.
Nailə Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Binə qəsəbəsində İmam Hüseyn adına ehsan payladıqları və Fələstinlə bağlı şüarlar səsləndirdikləri üçün saxlanılıblar.
Onlar Cinayət Məcəlləsinin 221.3-cü (bir qrup şəxs tərəfindən və ya təkrar törədilən xuliqanlıq, zor tətbiqi və ya əmlaka ziyan vurulması halları) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya bu cür hərəkətlərdə fəal iştirak) maddələri ilə təqsirləndirilirlər.
Toplum TV