Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

CPJ ‘AbzasMedia işi’ üzrə hökmün qüvvədə saxlanmasından narahatdır

by Gozetci 09:08, 13 Sentyabr 2025
written by Gozetci

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) sentyabrın 9-da Azərbaycanda apellyasiya məhkəməsinin “AbzasMedia” işi üzrə hökmü qüvvədə saxlamasından narahatlığını bildirib.

“”AbzasMedia işi” üzrə yeddi jurnalistin apellyasiya şikayətinin rədd edilməsi bir daha göstərir ki, Azərbaycan hakimiyyəti dövlət rəsmilərinin yol verdiyi iddia olunan korrupsiya hallarını davamlı işıqlandıran bu media qurumunun fəaliyyətinə dözə bilmir”, – qurumun Avropa və Orta Asiya proqramlarının koordinatoru Gülnoza Səid bildirib.

“Azərbaycan bu jurnalistlərlə yanaşı, 2023-cü ilin sonundan bəri həbs olunmuş azı 21 media təmsilçisini azad etməlidir”, – bəyanatda vurğulanır.

Azərbaycan qanunvericiliyinə görə, vətəndaş cəmiyyəti qrupları xarici qrantlar əldə etmək üçün dövlət təsdiqi almalıdır. Hakimiyyət orqanları sözügedən media qurumlarını bu təsdiq olmadan qrant almaqda ittiham ediblər. Avropa İnsan Hüquqları Məhkəməsi isə oxşar işlər üzrə qərarlarında vurğulayıb ki, belə hallar, Azərbaycan qanunvericiliyinə görə, cinayət deyil, cərimə ilə cəzalandırılmalıdır. Müstəqil ekspertlərin fikrincə, hakimiyyət orqanları xarici qrant almaq istəyən müstəqil qurumları qəsdən qeydiyyatdan keçirmir, bu da onların həmin vəsaitləri qanuni yolla əldə etməsini mümkünsüz edir.

CPJ prezident İlham Əliyevin administrasiyasına şərh üçün elektron məktub göndərdiyini, amma cavab almadığını bildirir.

AzadlıqRadiosu

09:08, 13 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Yeni taksi qaydalarına etiraz: “Niyə sərnişin seçim azadlığından məhrum edilir?”

by Gozetci 14:03, 12 Sentyabr 2025
written by Gozetci

Sentyabrın 10-dan etibarən Bakı Beynəlxalq Hava Limanından mobil tətbiqlər vasitəsilə taksi sifariş etmək məhdudlaşdırılıb.

“Bolt” və “Yango” tətbiqlərinə daxil olan sərnişinlər taksi çağıra bilmədiklərini bildirirlər.

Hava limanı ərazisində olan sərnişinlər ya “Bolt” tətbiqindən “Bolt Aeroport” seçimini edə, ya da taksi dayanacağındakı “London taksiləri”nə minə bilirlər.

Bu taksilərin isə hava limanından şəhər mərkəzinə xidmət haqqı 22-25 manat aralığından başlayır.

Bakı Beynəlxalq Hava Limanı taksi xidmətlərinin məhdudlaşdırılacağını öncədən anons edib.

Açıqlamada bildirilib ki, əsas məqsədlərdən biri sərnişinlərə “yüksəksəviyyəli xidmət” göstərməkdir:

“Bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. Təəssüf ki hələ də oxşar hallarla rastlaşırıq. Hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.”

Hava limanı əlavə edib ki, bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir.

Qərara sosial şəbəkələrdə münasibət bildirən taksi sürücüləri və influenserlər bunun əsaslandırılmadığını bildiriblər.

“London taksiləri”ndən məsul olan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”Bakı Taksi Xidməti” MMC Azərbaycandakı yeganə dövlət təyinatlı taksi xidmətidir.

Toplum TV 

14:03, 12 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 18:05, 11 Sentyabr 2025
written by Gozetci

Azər Qasımlı

 

Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkən qismində tanınan Qurbanəli Yusifov dindirilib.

Cinayət işində iddia olunur ki, Azər Qasımlı Qurbanəli Yusifovdan hədə-qorxu ilə pul tələb edib və “zərərçəkən” buna görə polisə müraciət edib.

Azər Qasımlı isə iddia edir ki, o, Qurbanəli Yusifovdan öz pulunu tələb edib.

Politoloqun həyat yoldaşı Samirə Qasımlı “Meydan TV”-yə deyib ki, prosesdə Qurbanəli Yusifov Azər Qasımlının öz pulunu tələb etdiyini etiraf edib.

“Azər ona konkret sual verdi ki, mən səndən sənin şəxsi pulunu istəmişəm? Qurbanəli Yusifov cavab verdi ki, xeyr, istəməmisən. Bu “xeyr” cavabı artıq Azərə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 182.2-ci maddəsini qüvvədən salmış olur. Çünki Azər ondan özgəsinin yox, öz pulunu istəyib”, – o qeyd edib.

Daha sonra Azər Qasımlının vəkili Rövşanə Rəhimli Q.Yusifova daxili işlər naziri Vilayət Eyvazova yazdığı məktubla bağlı sual verib. Qurbanəli Yusifov məktubunda Azər Qasımlının onu “dövlətçilik əleyhinə” qaldırmağa cəhd etdiyini yazıb.

“Bu suala da o, çox absurd cavab verdi. Dedi ki, o vaxt variantlar fikirləşib, nəticədə belə bir şey yazıb”, – Samirə Qasımlı deyib.

O əlavə edib ki, Qurbanəli Yusifov bunu deyəndə bütün zal gülüb.

Hakim daha sonra məhkəmə prosesini təxirə salıb.

Samirə Qasımlı daha öncə Toplum TV-yə deyib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki “bitcoin” almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, “bitcoin”lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir “bitcoin” də yoxa çıxdı”, – o qeyd edib.

Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb.

Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib.

“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya Azər Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, – Samirə Qasımlı bildirib.

Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Qasımlı həsbinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.

Toplum TV 

18:05, 11 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi “Abzas”çılarla bağlı hökmü qüvvədə saxlayıb

by Gozetci 13:20, 10 Sentyabr 2025
written by Gozetci

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Abzas”çıların əvvəlki instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.

Toplum TV

13:20, 10 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Rüfət Səfərovun növbəti məhkəmə prosesi keçirilib

by Gozetci 11:12, 09 Sentyabr 2025
written by Gozetci

Rüfət Səfərov

 

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun məhkəmə prosesi keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan iclasda onun vəkillərinin yanında əyləşdirilməsi məsələsi yenidən müzakirə mövzusu olub. 

“Azadlıq Radiosu”nun yazdığına görə, hakimin əvvəlki qərarına baxmayaraq, konvoy əməkdaşları buna icazə verməyib. Mübahisələrdən sonra Səfərovun vəkillərinin yanında oturmasına şərait yaradılıb.

Daha sonra prokurorun suallarını cavablandıran Rüfət Səfərov bildirib ki, ittihamda göstərildiyi kimi, telefonunun zərərçəkmiş Natiq İmamverdiyevlə eyni anten dairəsində olması pul aldığına dəlil sayıla bilməz. O, həmin ərazidə dostları ilə tez-tez görüşdüyünü vurğulayıb.

İttihama əsasən, Səfərov İmamverdiyevi 6 sot torpaq sahəsi satmaq adı ilə aldadaraq 60 min manat pulunu alıb, sonradan isə qarajda döyərək xəsarət yetirib. Hüquq müdafiəçisi isə bunu təkzib edir: “Qaraja girən kimi o mənə hücum etdi. Təsadüfən orada olan polislər isə iddia etdilər ki, mən vurmuşam. Əgər mən onu qan içində qoymuşamsa, niyə hadisə yerində qan izləri yoxdur? Kamera görüntülərini niyə göstərmirlər?”.

Cinayət işinin materiallarında iddia olunur ki, Rüfət Səfərov Natiq İmamverdiyevi Novxanı qəsəbəsində 6 sot torpaq satmaq adıyla aldadaraq onun 60 min manat pulunu alıb. Dekabrın 3-də İmamverdiyev ya əmlakı, ya da pulunu almaqdan ötrü Səfərovun yaşadığı evin qarajına gəlib. İttihama görə, qarajda hüquq müdafiəçisi zərərçəkmişi döyərək ona xəsarət yetirib.

Prokurorun suallarını cavablandıran hüquq müdafiəçisi deyib ki, torpaq sahəsinin bir bölümünü valideynləri notarial qaydada Natiq İmamverdiyevə satıb, pulunu da alıblar. O bu prosesə qatılmayıb. Alqı-satqı gedişində övladların razılığına ehtiyac duyulmadığı halda, İmamverdiyev dəfələrlə ona yazıb, zəng edib, notarial qaydada razılıq istəyib. Sonradan da israrla torpaq sahəsinin qalan hissəsini də almaq istədiyini deyib.

Rüfət Səfərov çıxışında prokurora müraciət edərək onu günahsız insanların cəzalandırılmasında alət olmamağa çağırıb:

“Bu işin hüquqi tərəfi ilə yanaşı, mənəvi və siyasi tərəfi də var. Bundan əvvəlki həbsimdə saxlanıldığım 9 saylı Cəzaçəkmə Müəssisəsində kitabxanada 30-cu illərin repressiyaları haqda oxumuşdum. Sovet prokurorlarının bəziləri günahsızları güllələnməyə göndərməkdən imtina edib və buna görə cəzalandırılıb. Sizi isə ölümə göndərən yoxdur, uzaqbaşı, işdən çıxaracaqlar. Cəsarətli və ədalətli olun, günahsız insanların taleyi ilə oynamayın”.

Rüfət Səfərovun məhkəməsi sentyabrın 29-da davam edəcək.

Hüquq müdafiəçisi ötən il dekabrın 3-də saxlanılıb və Cinayət Məcəlləsinin bir neçə maddəsində (xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurmaq) ittiham olunur.

Səfərov həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir. Hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda hazırda 370-dən çox siyasi məhbus var. Hakimiyyət isə ölkədə siyasi baxışlara görə təqib olmadığını bildirir.
AbzasMedia

11:12, 09 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanlı jurnalistin Gürcüstana girişinə qadağa qoyulub

by Gozetci 10:09, 09 Sentyabr 2025
written by Gozetci

Cavid Əhmədov

 

Gürcüstan İctimai Əlaqələr İnstitutunda (GIPA) magistratura təhsili alan jurnalist Cavid Əhmədov Gürcüstana girişinə qadağa qoyulduğunu bildirib.

Əhmədov “Abzas Media”ya açıqlamasında deyib ki, sentyabrın 6-da Tbilisi Hava Limanında sərhədçilər ona Gürcüstan parlamenti qarşısında yolu bağlamaqda ittiham edərək ümumilikdə 10 min lari (təxminən 3 700 ABŞ dolları) məbləğində cərimə tətbiq olunduğunu söyləyiblər. Onun sözlərinə görə, sərhədçilər hətta bu məbləği ödəsə belə, ölkəyə buraxılmayacağını vurğulayıblar.

“İzah istəyəndə heç bir səbəb göstərmədilər, sadəcə “digər səbəblər” ifadəsini təkrar edirdilər,” – deyə jurnalist bildirib.

Əhmədov qeyd edib ki, bütün prosedur ərzində ona jurnalist fəaliyyəti ilə bağlı suallar verilib. O isə Rustaveli prospektində keçirilən etiraz aksiyalarında yalnız jurnalist qismində iştirak etdiyini bildirib. Onun sözlərinə görə, sərhədçilər pasportundakı ABŞ vizasına da xüsusi diqqət yetirib, bunu sanki “cinayət” kimi qiymətləndiriblər. Daha sonra Əhmədov Türkiyəyə geri göndərilib.

Jurnalist deyir ki, şəxsi əşyaları, o cümlədən təhsil və frilans işləri üçün istifadə etdiyi kompüteri Gürcüstanda qalıb.

Əhmədovun sözlərinə görə, bundan əvvəl – avqustun 24-də Gürcüstandan Türkiyəyə keçərkən Sarp keçid məntəqəsində də sərhədçilər ona 5 min lari (təxminən 1 850 ABŞ dolları) cərimə tətbiq olunduğunu bildiriblər. O deyir ki, sərhədçilər pasportunu “məcburi qaydada möhürləyiblər” və yalnız geri dönəndə cəriməni ödəyə biləcəyini söyləyiblər.

Cavid Əhmədov, həmçinin vurğulayıb ki, hazırda təhsil aldığı GIPA və ABŞ səfirliyi məsələ barədə məlumatlıdır və ona dəstək göstərməyə çalışır.

10:09, 09 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

11 gündür aclıq edən Polad Aslanovun səhhətində problemlərin yarandığı bildirilir

by Gozetci 19:37, 08 Sentyabr 2025
written by Gozetci

Polad Aslanov

 

11-ci gündür aclıq edən “Xebermen” saytının rəhbəri Polad Aslanovun saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsində səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, Polad Aslanov onunla telefon danışığı zamanı gecə saatlarında tibbi şok keçirdiyini bildirib.

“Dedi ki, onu titrəmə tutub, ayaqlarını hiss etməyib, ayıla bilməyib, yataqda bir neçə dəqiqə köməksiz vəziyyətdə qalıb”, – Gülmirə Aslanova bildirib.

O əlavə edib ki, həyat yoldaşı əllərinin uyuşduğunu və çox soyuq olduğunu deyib.

Gülmirə Aslanovanın sözlərinə görə, 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov hələ də Polad Aslanovun aclıq aksiyasına başlamağı ilə bağlı ərizəsini qəbul etməyib. Buna görə də jurnalist digər məhbuslardan təcrid olunmayıb və həkim nəzarətinə götürülməyib.

Polad Aslanov avqustun 29-dan aclıq aksiyasına başlayıb. Bildirilib ki, onun aclığa başlamasına səbəb saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinin mətbəxindən və soyuducusundan istifadəyə qoyulan qadağadır.

“Xebermen” portalının rəhbəri Polad Aslanov 2019-cu ilin noyabrında dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və jurnalist həmkarlarını əməkdaşlığa cəlb etməyə çalışdığını iddia edib.

Jurnalist ittihamları qəbul etmir və həbsinin jurnalist fəaliyyətinə görə olduğunu bildirir.

AbzasMedia

19:37, 08 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Hüquq müdafiəçisi məhkəməsinə məhbusun şahid gəlməsini istəyir, amma hakim razı olmur

by Gozetci 19:52, 03 Sentyabr 2025
written by Gozetci

Fikrət Cəfərli

 

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərlinin 4 ay həbs cəzasına məhkum edilməsi barədə hökmdən verdiyi apellyasiya şikayətinə baxılır.

Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasında hüquq müdafiəçisinin vəkili Fariz Namazlı vəsatət verib ki, şikayətə baxılıb, yekun qərar çıxarılanadək Fikrət Cəfərli ev dustaqlığına buraxılsın.

Vəkilin daha bir vəsatəti də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması, üç nəfərin şahid kimi dindirilməsi barədə olub.

Fikrət Cəfərli Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Elvin Əliyevin şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsiylə təqsirli bilinib. Sözügedən şikayət İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin Facebook səhifəsində yayılmış bir iddiadan qaynaqlanıb. Elvin Əliyev ona böhtan atıldığını iddia edib.

Həmin şikayətdə hazırda həbsdə olan Elvin Allahverdiyev vaxtilə vəkili olmuş Elvin Əliyevdən narazılığını ifadə edib.

“Müqavilədə çox az məbləğ göstərib”

“Vəkil qardaşımdan 10 min 500 manat pul alıb və deyib ki, bunun müqabilində məhkəmənin mənə 1 il 6 ay cəza verməsini təmin edəcək. Qardaşımdan 10 min 500 manat alsa da, müqavilədə çox az məbləğ göstərib”, – Elvin Allahverdiyev şikayətində belə yazıb.

Onun sözlərinə görə, verilən sözə əməl olunmadığından, pul geri istəniləndə vəkil onları hədələyib.

Məhbusun şikayətini öncə jurnalist Arzu Abdulla (Hacıyeva), ardından ona istinadla İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi yayımlayıb.

Sentyabrın 3-də məhkəmədə vəkil Fariz Namazlı vəsatət qaldırıb ki, şikayətçi Elvin Allahverdiyev, onu jurnalistlərə təqdim edən həyat yoldaşı və ilk yayımlayan Arzu Abdulla məhkəmədə şahid kimi dindirilsin.

Ancaq apellyasiya şikayətinə baxan Aqil Musayevin sədrlik etdiyi hakimlər kollegiyası nə Fikrət Cəfərlinin ev dustaqlığına buraxılmasına razılıq verib, nə də şahidlərin dindirilməsinə. Bu iş üzrə məhkəmə baxışı sentyabrın 17-nə təyin olunub.

Fikrət Cəfərlidən şikayətçi olan vəkil E.Əliyev apellyasiya məhkəməsinə qatılmayıb. O, məhkəməyə teleqram göndərərək, xaricdə olduğunu bildirib.

Hüquq müdafiəçisi özünü təqsirli bilmir

Fikrət Cəfərli Binəqədi Rayon Məhkəməsində ifadə verərkən, ona qarşı baş verənləri bir sifarişin nəticəsi sayıb: “Arxasında dayanan da Vəkillər Kollegiyasının sədri Anar Bağırovdur”.

Rəhbərlik etdiyi təşkilatın insan haqlarının müdafiəsi, korrupsiya hallarının ifşası ilə məşğul olduğunu deyən Fikrət Cəfərli yada salıb ki, Vəkillər Kollegiyasında olan çatışmazlıqları da ictimailəşdiriblər:

“Toplanan pullar hara gedir, bunu sorğulamağımız Anar Bağırovun xoşuna gəlməyib, özlüyündə Elvin Əliyev kimiləri irəli verməklə məndən qisas alır”.

Vəkillər Kollegiyasının mətbuat katibi İsmayıl Nəsibli isə AzadlıqRadiosuna açıqlamasında hüquq müdafiəçisinin ittihamlarını “yersiz və əsassız” adlandırıb. O bildirib ki, bu qurum işini şəffaf qurur, qanunauyğun olaraq öz üzvləri qarşısında hesabatlılıq qaydalarına tam əməl edir: “Bu məsələ ilə bağlı hər-hansı sual doğuran məqam mövcud deyil”.

Onun sözlərinə görə, qurumun fəaliyyəti müstəqil audit tərəfindən yoxlanılır və üzvləri üçün açıqdır.

AzadlıqRadiosu

19:52, 03 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Bəhruz Səmədov haqqında qərarı dəyişməyib

by Gozetci 18:05, 03 Sentyabr 2025
written by Gozetci

Bəhruz Səmədov

 

Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı Bəhruz Səmədovun dövlətə xəyanət ittihamı ilə 15 il həbs cəzasına verilmiş şikayətinə baxılıb.

Hakim Elmar Rəhimov Səmədovun 15 illik həbs hökmünü qüvvədə saxlayıb.

Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova “Azadlıqradiosu”na bildirib ki, apellyasiya məhkəməsində vəkil 20-yə yaxın vəsatət qaldırsa da, heç biri təmin olunmayıb. Qapalı məhkəmə keçirilib və hökmün qüvvədə qaldığı elan edilib. Osmanova vurğulayıb ki, heç bir sübut olmadan gənc adam 15 il həbsxanada saxlanacaq.

Cinayət törətmədiyini bildirən Bəhruz Səmədov apellyasiya qərarına etiraz olaraq sentyabrın 4-dən etibarən aclığa başlayacağını açıqlayıb.

Xatırladaq ki, Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur və ittihamı qəbul etmir.

Meydan TV

18:05, 03 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

‘QHT işi’ üzrə təqsirləndirilənlərin ittihamları ağırlaşdırılır

by Gozetci 12:15, 03 Sentyabr 2025
written by Gozetci

Bəşir Süleymanlı

 

Baş Prokurorluqda istintaqı gedən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına verilən ittihamlar ağırlaşdırılır.

AzadlıqRadiosunun məlumatına görə, təqsirləndirilən şəxslərdən bəzilərinə yeni ittihamlar verilib:

“Bəzilərinin ittihamı ağırlaşdırılıb. Digər təqsirləndirilən şəxslərə münasibətdə də bu prosesin davam edəcəyi gözlənilir. Bu, həm həbsdə olanlara aiddir, həm də barəsində alternativ qətimkan tədbiri seçilənlərə”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının vəkili Fariz Namazlı AzadlıqRadiosuna məlumatı təsdiqləyib. Vəkil bildirib ki, müvəkkilinə əlavə ittihamlar verilib, ancaq “QHT işi” üzrə təqsirləndirilən digər şəxslərin durumundan xəbəri yoxdur.

Bəşir Süleymanlı 2025-ci il martın 14-də həbs ediləndə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham verilmişdi. Ona CM-in 193-1.2.2 və 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı təkrar və qulluq mövqeyindən istifadə etmək leqallaşdırma) maddələriylə əlavə ittiham elan edilib. Eyni zamanda, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham nisbətən yüngülləşdirilərək 308.1 maddəsinə tövsif olunub. Bu maddələrin sanksiyasında 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Vəkili bildirib ki, Bəşir Süleymanlı ittihamların heç birini qəbul etmir: “Özünü təqsirli bilmir, hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs olunduğunu deyir”.

İstintaqa 100-dən artıq şəxs cəlb olunub

Baş Prokurorluğun İstintaq İdarəsində “QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Bəşir Süleymanlı ilə yanaşı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da həbs olundu. Apreldə daha üç nəfər – ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verildi.

Vətəndaş cəmiyyətinin xeyli sayda fəalı isə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov və başqaları var.

Adları çəkilən şəxslərlə yanaşı, hazırda ölkədən kənarda olan Sosial Hüquqlar Mərkəzi rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatlarının Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.

Xatırlatma

2014-cü ilin yayında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi başlanmış, ardından ölkədə bir sıra təşkilat rəhbərləri həbs olunmuşdu. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, həyat yoldaşı, tarixçi alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov vardı. Adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadan kənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.

Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edib, təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.

AzadlıqRadiosu

12:15, 03 Sentyabr 2025 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

  • Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

  • Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

  • Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026
“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib
10:16, 17 Mart 2026
Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”
21:24, 16 Mart 2026
Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı
18:03, 16 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia